Azərbaycan Müdafiə Nazirliyi: ötən gecə 4 hərbi qulluqçu həlak olub

azərbaycan ordusu

Şəklin mənbəyi, modgovaz

Şəklin alt yazısı, Azərbayan ordusu ötən gecə 4 nəfər itki verib.

Azərbaycan Müdafiə Nazirliyinin (MN) məlumatına əsasən, avqustun 1-dən 2-nə keçən gecə "erməni kəşfiyyat-təxribat qrupu" cəbhənin Ağdam-Ağdərə istiqamətində azərbaycan postlarına hücum etməyə cəhd göstərib.

MN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu cəhdin qarşısı alınıb.

Məlumatda hücumun qarşısını alarkən Azərbaycan tərəfinin itki verdiyi qeyd olunub: "Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu həlak olub".

Bu arada MN mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı, APA-ya açıqlamasında Azərbaycanın döyüş təyyarələrinin cəbhə xətti üzərində uçuşlara başladığını təsdiqləyib.

APA-nın məlumatına görə, döyüş təyyarələri bu gün Tərtər və Ağdam istiqamətində uçuşlar həyata keçirir.

Polkovnik Vaqif Dərgahlı Azərbaycan döyüş təyyarələrinin uçuşları planlı şəkildə həyata keçirildiyini bildirib.

Ötən gün MN mətbuat xidməti qoşunların təmas xəttində bundan əvvəl Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttində baş vermiş silahlı toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusunun həlak olduğunu xəbər vermişdi.

Ermənistan Müdafiə Nazirliyi isə avqustun 2-nə keçən gecə Azərbaycanın Kəmərli kəndi yaxınlığında yerləşən hərbi mövqelərdən Ermənistanın Tavuş rayonunun Barekamavan kəndi iriçaplı silahlardan atəşə tutulduğunu bildirib.

Nazirliyin mətbuat katibi Artsrun Hovhannisyan “düşmənin fəallığını yatırtmaq üçün” Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan hərbi mövqelərinə atəş açıldığını deyib.

Ermənistan MN-in rəsmi bəyanatına əsasən, erməni tərəfindən ölən və yaralanan olmayıb.

Eyni zamanda erməni hərbi mənbələri avqustun 2-nə keçən gecə ərzində Dağlıq Qarabağda Martuni (Xocavənd) və Martakert (Ağdərə) istiqamətində “Azərbaycan tərəfindən bir neçə kəşfiyyat-diversiya cəhdləri” edildiyini bildiriblər.

Rəsmi məlumata görə, 25 yaşlı baş leytenant Zorik Qevorqyan ölüb, daha 3 erməni hərbçisi yaralanıb.

Daha əvvəl, iyulun 31-də Ermənistan MN-i Dağlıq Qarabağda təmas xəttində döyüşdə 2 erməni hərbçisinin həlak olduğu haqqında məlumat yaymışdı.