Keçmiş AXCP fəalı Daşqın Məlikov istintaq təcridxanasından çıxıb

Daşqın Məlikov

Şəklin mənbəyi, Penitensiar Xidmet

Şəklin alt yazısı, 23 yaşlı Daşqın Məlikov həbsdən çıxdıqdan sonra sabiq prezident Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sabiq üzvü Daşqın Məlikov məntəqə tipli cəzacəkmə müəssisəsinə köçürülüb.

"Cəzasının üçdə bir hissəsini çəkdiyinə görə o, məhkəmənin qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb və istintaq təcridxanasından çıxıb", fəalın atası Əlisəfa Məlikov BBC Azərbaycancaya deyib.

Əlisəfa Məlikovun sözlərinə görə, gənc fəalın vəziyyəti "yaxşıdır" və o, bu gün sabiq prezident Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti fəalın 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürüldüyünü təsdiqləyib.

Xəzər Rayon Məhkəməsi gənc fəalın köçürülməsi barədə qərarı aprelin 17-də verib.

Ötən il prezident seçkiləri öncəsi gənc fəalın prezident İlham Əliyevi dəstəkləyən <link type="page"><caption> bəyanatı</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/10/131003_dashgin_melikov_aliyev_support.shtml" platform="highweb"/></link> yayılıb. Başqa bir bəyanatda Məlikov üzvü olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıralarını tərk etdiyini bildirib.

Həmin vaxt fəalın atası BBC Azərbaycancaya oğlunun özünün bəyanatları yazdığını və ona heç bir təzyiq edilmədiyini deyib.

Penitensiar Xidmət bəyanatların Əlisəfa Məlikovun imzası ilə təsdiqləndiyini və fəal gəncə heç bir təzyiq olunmadığını açıqlayıb.

23 yaşlı Daşqın Məlikov ötən ilin əvvəlində Bakıda keçirilən mitinqlərdə iştirak edib və sosial şəbəkələrdə aktivlik nümayiş etdirib.

2013-cü il martın 25-də Sumqayıtda həbs olunan gənc "satış məqsədi olmadan narkotik vasitələrin saxlanması" maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay həbs cəzası alıb.

Amnesty International insan haqları təşkilatı onu "vicdan məhbusu" kimi tanıyıb.