Daşqın Məlikov İlham Əliyevi dəstəkləyəndən sonra "həbsdən azad olunacağına söz veriblər"

Gənc fəal Daşqın Məlikov prezident İlham Əliyevi dəstəkləyən bəyanat yazaraq üzvü olduğu partiya sıralarını tərk etdiyini bildirib.
Gənc fəalın atası Əlisafa Məlikov BBC Azərbaycancaya deyib ki, oğlu onun təkidi ilə bəyanat yazıb.
“Daşqının vəziyyəti çox pisdir. O şəraitdə yaşaya bilmir. Heç bilinmir ordan sağ çıxacaq, ya yox. Bəyanatı özü yazmışdı, sonra mənlə razılaşdırdıqdan sonra yaydıq. Ona dedim ki, başqa yolumuz yoxdu, oğul”.
Gənc fəalın müraciətinin əlyazması saytlarda dərc olunub. Sənədi Ədliyyə Nazirliyi Penitensiar Xidməti təqdim edib.
Bəyanatda gənc fəal oktyabrın 9-da keçiriləcək seçkilərdə ölkə başçısına səs verəcəyini bildirib.
Siyasi məhbus şəkli
Daşqın Məlikov üzvü olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası sıralarından çıxması üçün Əli Kərimliyə də müraciət edib və Azadlıq qəzetində siyasi məhbusların şəkillərinin siyahısından özünün şəklinin götürülməsini xahiş edib. Gənc fəal prezidenti dəstəkləməklə bağlı qərarı özü verdiyini "bildirib”.
Əlisafa Məlikovun sözlərinə görə, fəalın azadlığa çıxması üçün bəyanatı yazmasını o istəyib.
“Böyüklərimlə məsləhət etdim və belə bir addım atdıq. Bunu eləmək mütləq lazım idi. Söz veriblər çıxmağına, görək də. Sağlam olsaydı, deyərdim getsin yatsın. Amma bu xəstə uşaqdır”, o BBC Azərbaycancaya deyib.
Cənab Məlikovun sözlərinə görə, bəyanatı yazması üçün oğluna heç bir təzyiq olunmayıb.
“Mən bu gün də onunla danışdım. Hər dəfə onunla görüşə gedəndə 2 gün özümə gələ bilmirəm. Bəyanatı ata bala bir yerdə yazmışıq”.
Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov “Mediaforum”a deyib ki, ərizə və bəyanatlar gənc fəalın atasının imzası ilə təsdiqlənib və ona “heç bir təzyiq olmayıb”.
Cənab Sadıqov deyib ki, cənab Məlikovun özünün istəyi ilə Penitensiar Xidmət bəyanatları müvafiq ünvanlara çatdırıb.
Daşqın Məlikov bu ilin əvvəlində Bakıda keçirilən mitinqlərdə iştirak edib və sosial şəbəkələrdə fəal olub. O, bu il martın 25-də Sumqayıtda həbs olunub, Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik vasitələrin saxlanması) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay həbs cəzası alıb.
Amnesty International insan haqları təşkilatı onu "vicdan məhbusu" kimi tanıyıb.




