Daşqın Məlikov iki il yarım həbs cəzası alıb

AXCP

AXCP fəalı Daşqın Məlikov narkotik vasitələri saxlama maddəsinə görə 2 il 6 ay müddətinə həbs cəzası alıb.

Bu barədə Sumqayıt şəhər Məhkəməsinin hakimi Aqil Abbasov çərşənbə günü qərar verib.

Prokurorluq cənab Məlikovun üç il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Azadlıq radiosu fəalın vəkili Əsabəli Mustavayevə istinadən məlumat verir ki, qərardan apellyasiya şikayəti veriləcək.

May ayında Human Rights Watch insan hüquqları təşkilatı Daşqın Məlikovun həbsini nümunə gətirərək may ayında bəyanat yaymışdı.

Təşkilatın Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia iddia etmişdi ki, Azərbaycanda hakimiyyət "höküməti tənqid edən siyasi fəalları həbs etmək üçün qondarma narkotik saxlama ittihamlarından istifadə edir".

22 yaşlı Daşqın Məlikov martın 25-də Sumqayıt polisi tərəfindən saxta pul gəzdirmək ittihamı ilə, daha sonra isə Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik vasitələrin saxlanması) maddəsi ilə həbs etmişdi.

Fəalın ailəsi iddiaları rədd edir və onun etiraz aksiyalarında iştiraka görə həbs olunduğunu deyir.