Human Rights Watch: Tənqidçilər saxta narkotik ittihamları ilə susdurulur

"Azərbaycan hakimiyyəti höküməti tənqid edən siyasi fəalları həbs etmək üçün qondarma narkotik saxlama ittihamlarından istifadə edir."
Bazar ertəsi nəşr olunan hesabatında Human Rights Watch (HRW) insan hüquqları təşkilatının Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia deyib ki, ölkədə hökuməti tənqid edənlərin saxta narkotik ittihamları ilə üzləşməsi "yeni hal deyil".
"Amma, son vaxtlarda baş verən hallar, xüsusilə seçkilər yaxınlaşdıqca hökümətin tənqidçilərə qarşı apardığı kampaniyanın daha sürətli vüsət almasının bir tərkib hissəsidir. Bu həbslər və döyülmə halları ciddi fəaliyyətlə məşğul olmaq istəyən insanlara çox açıq xəbərdarlıq siqnalı verir", o bildirib.
Təşkilat dörd fəalın həbsini işıqlandırır - tənqidi bloqçu Rəşad Ramazanov, imam Taleh Bağırov, gənc AXCP fəalı Daşqın məlikov və N!DA Vətəndaş Hərəkatının üzvü Məhəmməd Əzizov.
Qeyd olunan şəxslərin vəkilləri və ailə üzvləri ilə danışan HRW vəkillərə isnadən deyir ki, dindirmə zamanı onların üçü narkotik saxlama ittihamları barədə sorğu-sual olunmayıb. Məhəmməd Əzizovun üzərində keçirilən tibbi ekspertiza isə onun narkotik istifadəçisi olduğunu sübüt edən "heç nə müəyyən etməmişdir".
"Həbs olunan bu şəxslərin saxlandıqları təcridxanada açıq-aydın daha pis rəftarla üzləşəcəyi riski vardır. Hökumət, həbs olunan şəxslərin pis rəftara məruz qalmalarıyla bağlı iddiaları dərhal araşdırmalı, onların öz vəkilləri ilə və eləcədə də müstəqil həkimlər ilə maneəsiz görüşlərinə imkan yaratmalıdır", cənab Gogia deyib.
Qeyd olunan şəxslərin üçü iddia edir ki, həbsdə olarkən təhlükəsizlik işçiləri tərəfindən döyülüblər, Nyu Yorkda yerləşən təşkilat deyir.
Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 31-də saxlanılmış Taleh Bağırovun üzərindən 1,026 qram heroin götürülmüşdür, Baş prokurorluğun yaydığı məlumatda deyilir.




