HRW: İlham Əliyev qanuni dəyişiklərə veto qoymalıdır

"18 ay davam edən ritorikadan sonra, dəyişiklər sarsıdıcı geriləmədir və hökümətin beynəlxalq öhdəliklərini pozur", Human Rights Watch (HRW) təşkilatının Avropa və Orta Asiya üzrə baş tədqiqatçısı Giorgi Gogia deyib.
Bu həftə Azərbaycan Parlamentində Cinayət Məcəlləsinə edilən əlavələrə görə, internetdə böhtan və təhqir edənlər cinayət məsuliyyəti daşıyacaq.
HRW cümə günü yaydığı bəyanatda Azərbaycan prezidenti İlham Əliyevi bu dəyişikləri rədd etməyə çağırıb.
"Azərbaycan böhtanı dekriminallaşdırmaqda geriyə deyil, irəli getməlidir", Gogia əlavə edib.
Böhtan haqqında dəyişiklərin qəbul edilməsi barədə məlumat verən deputat Əli Hüseynli deyib ki, mətbuatda təhqir və böhtana görə məsuliyyət nəzərdə tutulursa, internetdə təhqir və böhtan da bu maddənin təsiri altına düşməlidir.
Deputat Çingiz Qənizadə isə deyib ki, söhbət kiminsə tutulmasından yox, "insanların şərəf və ləyaqətinin qorunmasından gedir".
"Bu gün internetdən istifadə etməklə insanlar kifayət qədər yazışmalar edir, saytları var, müsahibələr verir, fikirlər öz əksini tapır. Lakin bu o demək deyil ki, bu elektron vasitələrdən və ya KİV-dən istifadəylə kiməsə qarşı təhqir və böhtana yol verilməlidir", Qənizadə deyir.
Eyni zamanda təşkilat digər dəyişikdən, inzibati həbslərin müddətinin altı dəfə artırılmasından narahatlığını bildirib.
Cənab Gogianın sözlərinə görə, yeni dəyişiklər "internetdə və ya küçədə özlərini ifadə etmək istəyənlərə qarşı qeyri-proporsional və əsassız cəzadır" və onlar ləğv olunmasalar ifadə və azad toplaşmaq azadlığına "qorxulu təsir göstərəcəklər".
Təşkilat bu qanunların oktyabrda keçiriləcək prezident seçkiləri ərəfəsində əlavə olunmasını qeyd edərək, onları təzyiq kimi qiymətləndirir.




