Amnesty: Azərbaycanda hakimiyyətin rəqibləri təqiblərə məruz qalır

Amnesty İnternational
Şəklin alt yazısı, Martın 10-da polis əsgər ölümlərinə qarşı etiraz aksiyasını dağıdıb.

Amnesty International insan haqları təşkilatının yeni hesabatında Azərbaycanda hökuməti tənqid edən qrupların həbs və təhdidə məruz qaldığı deyilir.

Təşkilat bildirir ki, Bakının mərkəzində dinc nümayişlər qadağan edilib və aşırı zor gücü ilə dağıdılıb.

Bununla yanaşı Amnesty International özəlliklə də polis məhbəsində işgəncə halları barədə xəbərlərin daxil olduğunu qeyd edir.

"Dünyada insan haqlarının vəziyyəti" adlı hesabatda Azərbaycan da daxil olmaqla 159 ölkə və ərazidə insan haqlarının durumu dəyərləndirilir.

Vicdan məhbusları

Londonda mənzillənən təşkilat ötən ilin dekabr ayında prezidentin əvf fərmanı ilə 2011-ci ildəki etirazlarla bağlı həbs olunmuş Vidadi İskəndərov və Şahin Həsənlinin azad olunduğunu bildirir. Onlarla yanaşı “saxtalaşdırılmış ittiham” əsasında məhkum olunan Taleh Xasməmmədov və Anar Bayramlı azad olunub.

Təşkilat polisə hücum ittihamı ilə 4 il iş kəsilən Xasməmmədovun həbsindən əvvəl polisin cinayət fəaliyyətində əli olduğu barədə bir neçə məqalə yazdığını qeyd edir.

İranın azərbaycandilli Səhər kanalının jurnalisti Anar Bayramlının isə Azərbaycan-İran münasibətlərinin gərginləşməsindən sonra həbs olunduğu bildirilir.

İfadə azadlığı

Amnesty Internationalın yeni hesabatına əsasən, may ayındakı Eurovison müsabiqəsi vaxtı etirazların qarşısını almaq üçün təqib, təhdid və həbsdən istifadə olunub.

Təşkilat Azadlıq radiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılovanın şantaj edilməsini misal çəkir.

Hesabatda xuliqanlıq və zorakılığa təşviq ittihamı ilə aprel ayında hüquq müdafiəçisi Oqtay Güləliyevin həbs olunduğu bildirilir. İyun ayında zaminə buraxılan fəala qarşı 3 il həbs cəzasını nəzərdə tutan ittihamlar qüvvədə qalıb, İnsan haqlarının durumu ilə bağlı yeni hesabatda deyilir.

Güləliyevin azadlığa çıxmasından bir neçə gün öncə onun həmkarı İlham Əmiraslanov həbs olunaraq “qeyri-ədalətli” prosesdə 2 il müddətinə azadlıqdan məhrum edilib. Hesabat hər iki fəalın daşqın qurbanlarına yardımla məşğul olduğunu və onun “mənimsənilməsi”ni aşkara çıxardığını yazır.

Hesabatda jurnalistlərə qarşı təzyiq halları arasında Tolişi Sədo qəzetinin redaktoru Hilal Məmmədovun həbsi və Bakı ətrafında evlərin sökülməsini işıqlandıran İdrak Abbasovun döyülməsi də qeyd olunur.

Bununla yanaşı sənəddə hökuməti tənqid edən yazını dərc etmiş NİDA təşkilatının koordinatoru Zaur Qurbanlının həbs edildiyi bildirilir.

Birləşmə azadlığı

Amnesty International Azərbaycanda təzyiqə məruz qalan qeyri-hökumət təşkilatlarının özəlliklə də paytaxtdan kənarda sərbəst toplaşmaq üçün əngəllərlə üzləşdiyini bildirir.

Bakının mərkəzində ictimai etirazlar qadağan edilib, deyilir hesabatda. Noyabr ayında qanuna edilmiş əlavələrlə “qadağan” və “icazəsiz” etirazlarda iştiraka görə cərimə ilə cazalar sərtləşdirilib.

Qanunu pozanlara qarşı yüksək cərimələrlə yanaşı 3 ilədək həbs cəzası tətbiq oluna bilər.

Təşkilat dinc nümayişlərin aşırı güc istifadəsilə dağıldığını, iştirakçıların təqib, döyülmə və həbsə məruz qaldığını bildirir.

İşgəncə və pis rəftar

“Hökm sürən cəzasızlıq iqlimində işgəncə və pis rəftar halları geniş yayılmaqdadır”, - insan haqları müdafiəsi üzrə təşkilatın hesabatında deyilir.

Amnesty International yazır ki, 2012-ci ilin mart ayında fəallar Camal Əli Və Natiq Kərimov polis təcridxanasında döyüldüyünü iddia ediblər. Sənədə əsasən mart ayında eyni iddiaları Cabbar Savalan, Əbülgəz Qurbanlı, Məcid Mərcanlı və Dəyanət Babayev təkrar edib.

Tolişi Sədo qəzetinin baş readktoru iyun ayında həbs edildikdən sonra məhbəsdə işgəncəyə məruz qaldığını iddia edib.