Human Rights Watch: "Qış bulvarı" şənlikdən xeyli uzaqdır

"Təəssüf ki, Qış Bulvarının açılışı - ona yer vermək üçün zorla evlərindən qovulanlar üçün şənlikdən xeyli uzaq olacaq", Human Rights Watch (HRW) təşkilatının Avropa və Orta Asiya üzrə direktoru Jane Buchanan deyib.

Bazar ertəsi Human Rights Watch Bakıda Qış Bulvarının açılışı ilə bağlı hesabat yayıb. İnsan haqları təşkilatı deyir ki, bulvarın tikilməsi məqsədilə 2009-cu ildə başlanan sökmələrə görə, Bakının mərkəzindən yüzlərlə, "bəlkə də minlərlə" ailə evini tərk etməli olub.

Tənqidi hesabatda həmçinin qeyd olunur ki, hakimiyyət həmin ailələrə ədalətli kompensasiya vermir.

"Bakının mərkəzində davam edən mülk müsadirələri və sökmələri həm Azərbaycan qanunlarını, həm də Azərbaycanın beynəlxalq insan haqları öhdəliklərini pozur", təşkilat deyib.

Şəhla adlı qadının vəziyyətini təsvir edən hesabatda deyilir ki, müstəqil qiymətləndirmələrə əsasən ona kvadrat metr üçün ən azı 2500 manat verilməli idi, lakin hakimiyyət ona cəmi 1500 manat təklif edib.

HRW ilə danışan digər sakin isə deyib ki, aldığı ev Qış Bulvarından bir neçə küçə məsafəsində olsa da, onun evi - mənzərəni pozduğuna görə 2013-cü ilin ortasında söküləcək.

"Bakı bələdiyyə idarəsindən rəsmilər bizə xəbərdarlıq ediblər ki, köçürtmə üçün hazırlaşıb əşyalarımızı yığışdıraq", 63 yaşlı Başxanım Abbasova təşkilata deyib. "Onlar dedilər ki, bu evlər Qış Bulvarının görəl mənzərəsini pozurlar, ona görə söküləcəklər."

Azərbaycan hökuməti Bakının mərkəzində abadlaşdırma işlərilə əlaqədar evləri sökülən sakinlərə bazar qiymətlərinə uyğun kompensasiyalar ödədiyini deyir.

Qış Bulvarı parkının açılışının bu həftə, mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində baş tutacağı gözlənilir.