Xətai rayonunda evləri sökülən sakinlər

Bakıda Nobel prospekti, 12 ünvanda yaşayan iyirmiyə yaxın ailə çərşənbə günü günorta hasarlarının sökülməsi ilə qarşılaşıb. Sakinlərin sözlərinə görə, söküntüyə səbəb, onları buradan köçürməkdir. Çünki bu ərazi Dənizkənarı parkın genişləndirilməsi ilə əlaqədar söküntü sahəsinə daxildir.

Sakinlər bu ərazidən köçməyə razı olsalar da, onlara verilən kompensasiyaya narazılıq edir. Onlara təklif edilən kompensasiya içərisinə yataq otaqları daxil olan yaşayış sahəsinə, hər kvadrat metrinə min manat, qeyri-yaşayış sahələri olduğu deyilən qonaq otağı, hamam-tualet və mətbəxə görə isə hər kvadrat metr üçün yeddi yüz manatdır.

Evində hər bir şəraiti olduğunu deyən Aydın Əliyev deyir ki, “qayda belədirsə, onda niyə yeni ev alanda qonaq otağı, hamam-tualet və mətbəxə görə daha az pul istənilmir”

Xuraman Orucova isə prezidentin verdiyi sərəncamların əməl ediləcəyinə ümid edir və yaşayış sahələrinə görə, min, qeyri-yaşayış sahələrinə görə yeddi yüz veriləcəyinə inanmır.

“Biz inanmırıq, İnternetdə də yazılıb, Respublika Prezidentinin qərarı var, o qərarı rəhbər tutaraq hər şey öz real vəziyyətinə uyğun qiymətləndirir”, Orucova deyir.

Sakinlər evlərinin mərkəzi ərazidə yerləşdiyini deyərək kvadrat metr üçün digər söküntülər zamanı verilən kompensasiya məbləğini, 1500 manat istəyirlər.

Xətai İcra Hakimiyyətinə şikayət etdiklərini deyən sakinlər onlara “mediaya çox danışarlarsa, heç kompensasiya da ala bilməyəcəklərini” qeyd edib. Onlarla hələ müqavilə imzalanmayıb, kompensasiyalarını da almayıblar.

Sakinlərin köçürülmə işlərilə bağlı həmin ərazidə olan Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi Qafur Rəhmanov isə, bu ərazinin mərkəz sayılmadığını bildirir.

Onun sözlərinə görə, qiymətlər orta bazar qiyməti ilə hesablanıb. Rəhmanov sakinlərin bu həftə ərzində köçürüləcəyini deyir.

Dənizkənarı parkin genişləndirilməsi Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu ilin yanvarında Bakının mərkəzi hissəsinin 2030-cu ilədək yenidənqurma layihə planına uyğun olaraq aparılır.

Sakinlərlə Bakı müxbirimiz Xanım Cavadova söhbət edib.