Daşqın Məlikov iki aylıq saxlanılıb

"Satış məqsədi olmadan narkotik vasitələrin saxlanması"nda ittiham olunan AXCP üzvü Daşqın Məlikov haqqında iki aylıq həbs-qətimkan tədbiri seçilib.
APA-nın məlumatına görə, qərar çərşənbə axşamı Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilib.
İlkin olaraq “Saxta pul saxlamaq” iddiası ilə saxlanılan Məlikovun vəkili Əsabəli Mustafayev BBC Azərbaycancaya bildirmişdi ki, məhkəməsi keçirilsə də, qərar çərşənbə gününə saxlanılıb.
"Biz də bu gün öyrəndik ki, qərar dünən gecə verilib və təyinatlı vəkillə də təmin olunub", vəkil deyir.
Hazırda Mustafayev təqsirləndirilənin ailəsi ilə müqavilə bağladığını və məhkəmə qərarından appelyasiya şikayəti hazırladığını bildirir.
Onun sözlərinə görə, məhkəmə qərarında Məlikovun üzərindən 1.49 qram narkotik çıxdığı yazılıb.
Fəalın ailəsi iddiaları rədd edir və onun etiraz aksiyalarında iştiraka görə həbs olunduğunu deyir.
Saxlanılanın atası Əlisəfa Məlikov deyib ki, oğlu "nəfəs yolları xəstəliyindən müalicə olunduğundan heç vaxt narkotikdən istifadə etməz".
İki aylıq həbs-qəti imkanı dövründə ittihamlar təsdiqini taparsa, Məlikov altı aydan üç ilə qədər həbs cəzası ala bilər.
22 yaşlı Daşqın Məlikov 25 martda Sumqayıt polisi tərəfindən saxta pul gəzdirmək ittihamı ilə saxlanılıb.
Bu barədə BBC Azərbaycancaya Məlikovun fəaliyyət göstərdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri bildirib.
Məlumata görə, onun cibindən çıxan pul 2008-ci ildə fəalın qardaşının toyuna hədiyyə edilib və ailə polisə məlumat verib, amma “tədbir görülməyib”.




