Əziz Kərimovun fotobloqu: "Ağ Şəhərin qara günü"

    • Müəllif, Əziz Kərimov
    • Vəzifə, BBC Azərbaycanca üçün

Bəlkə də çoxlarınızın yeni tikiləcək Ağ Şəhər haqqında məlumatı vardır. O zaman bilənlər üçün təkrar olsun, bilməyənlər isə ilk dəfə məndən eşitsin.

Ağ Şəhər, keçmiş fəhlə prospektində (indi Nobel prospekti adlanır) yerləşən ərazidə salınacaq şəhərciyin adıdır. Deyilənə görə dünyanın ən böyük layihələrindən biridir.

221 hektar ərazisi olan bu ərazidə, 50 000 insan yaşayacaq. 48 min iş yeri olacaq və s. Bu rəqəmlərdən çox da yazmaq olar, amma mən orda yaşayan insanların vəziyyətindən danışacam.

Açığı ilk dəfə orda olanda vəziyyət düşündüyümdən də pis idi. Təsəvvür edin, evlərin arası ilə gəzəndə kanalizasiya iyindən baş gicəllənir. Nazik dəmir darvazalar, sıx keçidli küçələr, bir mərtəbəli evlər və s.

Bu problemlərə baxmayaraq, insanlar hələ də orada yaşamağa davam edirlər.

Ağ Şəhər layihəsinə start veriləndən, insanlar evlərinin söküləcəyini və qarşılığında onların istəklərinə uyğun kompensasiya veriləcəyini eşidəndə sevindilər. Amma bu sevinc çox az çəkdi.

Elçin dayı deyir ki, əvvəl hər kvadratına 3 min manata gəlib razılaşmışdılar, 1-2 aydan sonra 1000 manat verəsi oldular. "İndi qalmışıq belə, bilmirik nə edək... Ailələrin çoxusu ilə razılaşıblar amma biz hələ də qalmışıq".

Elçin dayı onu da dedi ki, növbəti aydan başlayaraq, bütün evləri sökməyə başlayacaqlar.

"Hələ burada yaşayan məcburi köçkünləri demirəm", Fizuli dayı deyir. "Ermənilər bir dəfə bizi öz yurdumuzdan didərgin salıb, indi də bu hökümət günümüzü qara edib".

Nə isə... Ağ Şəhərdə isə vəziyyət isə bu cürdür.