Əziz Kərimovun bloqu: qonaqpərvər Balaxanıda bir gün

Şəklin mənbəyi, Aziz Karimov

Balaxanı deyən zaman hər dəfə fikrimə zibillik, dağıntı yerlər gəlirdi, taa ki, Balaxanı kəndinə ayağım dəyənə kimi.

Uzun illərdən sonra, yenidən Balaxanıda oldum. Bu dəfə gördüklərim məni tamam başqa istiqamətə apardı.

Bilmirəm nədəndir, amma Bakı kəndləri həmişə məni özünə çəkib. Balaxanıda axırıncı dəfə 7-8 il bundan qabaq olmuşdum. Ora çatmamışdan qabaq düşündüm ki, yenə zibillik, yenə zibillikdə eşələnən uşaqlar, dərdli qocaları görəcəm...

Amma fərqli mənzərə gördüm. Kəndin mərkəzində taksi sürücülərindən başqa yaşlı insanlar da var idi. Amma nədənsə gənclər gözümə dəymədi. Odur ki, kəndin dar küçələri ilə gəzə-gəzə bilmədiyim istiqamətə doğru getdim.

Gəlib qəbristanlığa çatdım. Əvvəl ətrafda heç kim gözə dəyməsə də, qəbristanlığa girmək istəyəndə ətrafda dayanan maşınlardan, kiçik evlərdən adamlar göründü. Və onlar mən tərəfə gəlməyə başladılar.

Qorxulu filmlərdəki səhnələr düşdü yadıma. Heç birinin də üzündə təbəssüm yoxdur ki, adam rahatlaya bilsin...

Şəklin mənbəyi, Aziz Karimov

Şəklin mənbəyi, Aziz Karimov

Şəklin mənbəyi, Aziz Karimov

Amma yanılmışdım. Kənd camaatı mənə yaxınlaşan kimi evlərinə qonaq aparmaq istədilər, balaca uşaqlar bir tərəfdən deyir bizə qonaq gedək, gənclər də bir tərəfdən.

Açığı gənclər mənə yaxınlaşana kimi bu cür sözləri gözləmirdim. Hamısının da ürəyi dolu idi, elə bir az söhbət etmişdim ki, gənclərin ürəkləri açıldı. Kimi işsizlikdən, kimi də ailədaxili problemlərdən danışdı.

Və gənclərin dediyinə görə, kəndə gələn "böyük" adamlar da ancaq seçkidən-seçkiyə gəlib söz verib gedirlər.

İşsizliyi dərd edənlər

Balaxanıda yaşayanların əksəriyyəti Bakı şəhərinə gəlib işləyir - məktəbdə, xəstəxanada, tikintidə...

Bir cavan oğlan mənə yaxınlaşıb, gülər üzlə dedi ki, "qonaqsan, gəl gedək evə, səni çaya qonaq edim. İmkanımız olmasa da gələn qonağa heç olmasa çay verə bilirik".

Vaxtın azlığından imtina etməyə məcbur oldum. Amma cavan oğlan çox israrla dedi ki, "bura çox jurnalist gəlib-gedib amma heç bir nəticə olmayıb. Heç olmasa bizim istəyimizi sən çatdır". Sanki Bakı haqqında köhnə filmlərdən kadrları canlı görürdüm.

Dəhşət maraqlı hisslərdir. Dar küçələri keçib kəndin düz mərkəzinə çıxıram. Burada oyun meydançası olmadığından uşaqlar maşın yolundan futbol oynayırlar.

Uşaqlardan biri məni uzaqdan görüb dostlarına işarə etdi ki, "deyəsən şəkilimizi çəkirlər. Bir azdan məşhur olacağıq".

Elə əlimi qaldırıb uşaqları yanıma çağırmaq istəyirdim ki, hamısı qaça-qaça yanıma gəldilər.

Problemlərdən şikayətli, işsiz, amma mehriban balaxanılılardan xoş hisslərlə ayrılıram.

... Problem haqqında mediada yazım? - deyəndə, yaşlı kişilərdən biri dedi ki, onsuzda heç kim interneti-qəzeti oxumur. Yazsan da, yazmasan da heç nə dəyişən deyil.

Artıq hər şey aydın idi. Hər şeydən əlləri üzülmüşdü. Gənclərlə sağollaşandan sonra mən öz işimə, onlar isə gəldikləri kimi geri qayıtdılar. Heç öz aralarında belə söhbət etmədilər.

Yəqin işsiz olan gəncləri hər gün eyni mövzunu danışmaq artıq yorub...

Şəklin mənbəyi, Aziz Karimov

Şəklin mənbəyi, Aziz Karimov

Şəklin mənbəyi, Aziz Karimov