"Sovetski": etirazlardan nəticə varmı?

Bakının Baş Planına uyğun olaraq mərkəzdə “Sovetski” adlanan ərazidə yerləşən evlərin sökülməsi ilə bağlı mülkiyyətin hər kvadrat metrinə görə 1500 manatdan təzminat verilməsi narazılığa səbəb olub.

BBC Azərbaycancaya danışan sakinlər bildirib ki, onlar bu məbləğdə təzminatı oxşar şəraitli mənzil almaq üçün yetərsiz hesab edir və bu məbləğin artırılmasını tələb edirlər.

Rəsmilər isə şikayətlər əsasında yuxarı icra orqanlarına təkliflər paketi hazırladıqlarını deyir.

Evlərin həmin məbləğdə qiymətləndirilməsinə narazılıq, fevralın 10-da Yasamal Rayon İcra Hakimiyyətinin söküləcək ərazilərin layihələndirməsi prosesinə başlamasından sonra ortaya çıxıb.

Şikayətlər

"1500 manatla nəinki Bakıda, hətta Bakının kənarlarında da ev almaq olmaz. Biz Bakının mərkəzində yaşayırıq, biz burdan gedib Masazırda, Hökməlidə, Hövsanda qalası deyilik ki?", Çingiz Mustafayev küçəsi sakinlərdən biri BBC Azərbaycancaya danışıb.

Başqa bir sakin, Sevinc Məmmədova isə evinin tarixi bina olduğunu bildirib.

"Bizim ev tarixi binadır, Bakı Soveti 1989-cu ildə tikiləndə sənəd verib ki, burada yaşayan sakin binanı söksə məsuliyyətə cəlb olunacaq. Amma indi gəliblər ki, hər kvadrat metrə 1500 manat veririk və binanı sökürük".

Binanın saxlanılmasının tərəfdarı olan xanım Məmmədova, söküləcəyi təqdirdə 4000 manatdan təzminat istəyir.

Sakinlər oxşar tələblərini bildirmək üçün fevralın 16-da "Sovetski"nin mərkəzi hissəsində keçirdikləri aksiyada Təşkilat Komitəsi yaradıb.

Tələblər

"Tələblərimiz budur ki, dövlətə lazımdırsa xalqı razı salsın. Var da var dövlət də. Gəlir mənbəyimiz çox, əhalimiz az. Ağ günə çıxmaq istəyirik", Təşkilat Komitəsinin sədr müavini seçilən Tahirə Rzayeva qeyd edib.

Aksiyadan sonra İcra Hakimiyyətinin qəbulunda olduğunu deyən xanım Rzayevanın sözlərinə görə, onların tələbləri dinlənilib.

"Səməd İslamov deyir ki, kim çıxmırsa çıxmayacaq. Yəqin bizi razı salarlar".

Yasamal RİH birinci müavini Səməd İslamov BBC Azərbaycancaya deyir ki, qiymətləndirmə "tam şəffaf və müstəqil ekspertlərin iştirakı ilə" keçirilib.

"... Ərazidə bugünkü qiymət kimi son hədd 1500 manat təqdim olunub. Biz bütün vətəndaşları təklif edirik. Tələb və təklif üzərinə düşürsə razılaşma protokolu imzalanır. Heç kim deyə bilməz ki, zorla evi sökülə bilər".

Cənab İslamovun sözlərinə görə, narazı insanların küçəyə çıxmasına "ehtiyac yoxdur", çünki onlar icra hakimiyyətinin binasında qəbul edilir.

"2400-ə qədər mənzildə olmuşuq, ölçmə işləri aparılıb. Bir-bir vətəndaşlar komissiyaya dəvət edilərək onlara təkliflər olunur".

Rəsmi deyir ki, evlərin sənədsiz hissələri də nəzərə alınaraq eyni məbləğdə qiymətləndirilib.

Hərçənd ki, sakinlər hamam və tualetin hesablanmadığını, yaxud aşağı məbləğdə hesablandığını qeyd edib.

İcra hakimiyyəti "təkliflər paketi hazırlayır"

Kiçik həcmli mənzillərin köçürülməsinə gəldikdə isə, cənab İslamov belə evlərin sahiblərinin təklif və sorğularına əsasən təkliflər paketi hazırlandığını bildirib.

Paketin "ölkə rəhbərliyinə, hökümətə" təqdim edilməsi gözlənilir.

"Rayon İcra Hakimiyyəti və Maliyyə nazirliyi nə mümkün idisə işlədik, elə problemlər var ki, bu bizim səlahiyyətimiz çərçivəsindədir. Biz paketi hazırlayırıq. Bundan sonra qəbul olunan qərarın əsasında bu davam edəcək".

Tarixi binaların "sökülməyəcəyini" qeyd edən rəsmi bildirib ki, belə binalar "qorunacaq və bərpa ediləcək".

Fevralında 10-dan Yasamal Rayon İcra Hakimiyyəti Hüsü Hacıyev prospektindən Nərimanov prospektinə qədər, buradan isə İnşaatçılar prospektinə qədər yerləşən ərazilərdə aparılacaq söküntü işlərinə görə, layihələndirmə və qiymətləndirmə prosesinə start verib.

Bu ərazilərdə həm yol genişləndiriləcək, həm də park salınması gözlənilir.

Söküntü işləri iki ay müddətində başladıla bilər.