Sovet höküməti dağıldı, amma "Sovetski" sökülmədi

Kubinka sakini
Şəklin alt yazısı, Evlərdə istilik, işıq və su kimi problemlər olmasa da, Kubinka evlərindəki rütubət soyuqluq verir
    • Müəllif, Xanım Cavadova
    • Vəzifə, Bakı, bbcazeri.com

Bakıda elə yerlər var ki, iki avtomobil bir-birinin yanından çətinliklə keçir, heç görkəmi də adama "gəl-gəl" demir.

İllərlə qat-qat rənglənmiş üzlüyü dağılan, uçuq-sökük divarlara və qatranı əyilmiş yollara malikdir çünki.

Şəhəri gəzərkən bu küçələrdə boş vaxtını sərf etmək ağıldan keçməsə də, bu uzun və darısqal yolları heç vaxt boş görməzsən.

"Sovetskili"lərin çoxu kirayənişin götürməklə evlərini dəyişməkdə maraqlı olduqlarından, düzü, müsahibə üçün yerli sakin tapacağımdan narahat idim, amma...

“Ala, noldu ala, gəlün danışun da”, Bakının mərkəzində yerləşən “Sovetski” sakini Ağababa Hacıyev özü BBC Azərbaycancaya danışdıqdan sonra qonşularını çağırır.

Amma qonşuları müsahibə vermək üçün ondan tez tərpəndiklərindən Hacıyevin çağrışı cavabsız qalır.

"Quşxana"

“Yüz ildir” qonşuluq etdiklərini deyən sakinlər, əksəriyyəti bir-iki mərtəbəli köhnə binalardan ibarət Sovetski evlərini “quşxana evlər” adlandırsa da, Bakının “gözündə” yaşadıqlarını deyirlər.

Bu səbəbdən onlardan bəziləri köçmək istəmirlər. Onlar evlərinin ərazisi kiçik olduğundan yeni ev almaq üçün kifayət qədər kompensasiya alacaqlarına əmin deyillər.

“İstəmirəm sökülməyini, onun verdiyi pulla nə mən, nə də uşaqlarım ev ala bilər. Pulu az versələr köçən deyilik, ya da şəhər mərkəzində hazır evlə təmin etsinlər” deyirlər.

Sakinlərin “az pul” adlandırdıqları hər kvadrat metr üçün nəzərdə tutulan 1500 manatdır.

“O vaxt Basin (Füzuli küçəsi) də söküləndə kvadratına 1500-dən verdilər”, ata-babasının da Sovetskidə doğulduğunu deyən 58 yaşlı Fərhad Alxasov vurğulayır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyir ki, “heç bir tarixi əhəmiyyəti olmayan və insan həyatı üçün təhlükəli sayılan” ərazilər söküləcək.

Heç bir tarixi əhəmiyyəti olmayan ərazilər dedikdə, Sovetski də daxil olmaqla, Papanin və Kubinkanı nəzərdə tuturam, o BBC Azərbaycancaya deyir.

2030-a qədər

Amma ərazilərin sökülməsi indi baş verməyəcək, Qocayevin təbirincə, Sovet vaxtı “nizamsız-intizamsız” və bir gecə ərzində tikilən bu evlərin 2030-cü ilə qədər sökülməsi nəzərdə tutulub.

“Bu ərazilərin haçan sökülməsi bilavasitə yerli icra orqanlarına aid olan məsələdir. Çünki ərazi planlaşdırma sənədləri bizim komitə tərəfindən hazırlansa da, 2013-cü ilin əvvəlindən sökülmə ilə yerli icra hakimiyyətləri məşğul olur”, o əlavə edib.

Ərazilərin yerində hansı obyekt və ya layihələrin qurulacağıyla bağlı rəsmi müxtəlif fikirlər söyləyir. Yəni yaşıllıq zonası da salına bilər, məktəb kimi sosial obyektlər də tikilə bilər, yeni biznes mərkəzləri də.

Amma sakinlər sökülmə söz-söhbətini o qədər eşidib ki, bir deyim də yaradıblar; “Sovet höküməti dağıldı, amma "Sovetski" sökülmədi”.

Heydər Əliyevin şəkli

Hətta sökülmə şaiyələrinə görə həyatında ciddi dəyişiklik edənlər də olub.

“79-80-ci illər idi. Heydər Əliyev demişdi ki, bura söküləcək. Məni də tez evləndirdilər buna görə. O vaxt ev verirdilər hər ailə başına. Maketi də qoyulmuşdu yeni layihənin “7-ci Paralelni”də. Amma olmadı, götürüb əvəzinə Heydər Əliyevin şəklini qoydular”, Fərhad Alxasov bildirir.

İndiki sökülmə məsələsi ilə bağlı isə Alxasov deyir ki, kompensasiya kimi 2000 manatdan verilsə, köçə bilərlər.

“Prezident də televiziyada deyib ki, halallıq alınsın. Düzdü, orda dedi və getdi, bilinmir hələ”.

Cahangir Qocayev isə kompensasiyanın məbləğindən danışmağı tez hesab edir və deyir ki, ola bilsin ev, ola bilsin ki pul verilsin.

BBC Azərbaycancaya danışan "Kubinka"sakinləri isə öncə evlərini göstərir. Kandarda ayaqqabılarımı çıxartmağımla soyuğun məni tutması bir olur. Biruzə verməyə çalışmasam da, Kubinka evlərində reportaj üçün keçirdiyim vaxt ərzində bədənimdə sızıltı hiss etməyə başlamışdım.

Əslində bütün evlərdə istilik, işıq və su kimi problemlər olmasa da, Kubinka evlərindəki rütubət idi soyuqluq verən.

Təxminən iki ay öncə su basdıqdan sonra qurudulmağa çalışan pəncərəsiz, gün işığı düşməyən bir otaq təsəvvür edin. Ya da ara-sıra evdəki hava dəyişimi və hərəkətlərdən divarlarından və tavanından nəmişlikdən yaranmış tozvari sarımtıl kirəç tökülən bir ev.

Bir evin isə döşəməsi əyilmişdi. Amma bu evləri birləşdirən yeganə cəhət eyni rütubət qoxusu idi. Çünki bu evlər tarixən, sakinlərin dili ilə desək, dədə-babadan su quyuların üzərində yerləşir.

"Bizim kimi kasıb..."

Bütün bunlar yaşayanların tez bir zamanda köçmək istəyirik deməsinə səbəb verir, həm də təmir aparmağa imkanlarının olmamasından şikayətlənirlər.

"Səsim nəmişlikdən tutulub", adının çəkilməsini istəməyən bir xanım sakin xırıltılı səslə mənə deyir.

"Kubinkalılar" da "sovetskililər" kimi kompensasiyanın məbləğindən narahatdırlar, ən çox da evlərinin sahəsi kiçik olanlar. Lakin onlara Kubinkanı sevməkdən vaz keçirməyən əlamət, onun Bakının mərkəzində yerləşməsi və hər yerə yaxınlığıdır.

Papaninə gəldikdə isə, buranın sakinləri şəraitlərindən razı olduqlarını deyirlər.

"Yerimizdən narazı deyilik, şəhərin mərkəzidir, həm indi evlərin qiymətləri o qədər qalxıb ki, bizim kimi kasıb, 140 manat pensiyaya baxan adamlara hec çür sərf etməz", sakinlərdən biri qeyd edir.

Başqa bir sakin isə, qonşularının qohum kimi olduğunu deyir və o da "yer-yurdundan ayrılmaq istəmir". Papaninlilərin əksəriyyəti ərazinin abadlaşdırılmasının tərəfdarıdır.

Bu üç ərazinin sakinləri ilə danışmaq təxminən bir həftəmizi alsa da, onlar yadımda daha çox kameradan qorxmayan, bir-birini müsahibə verməyə sövq edən, "haqqını istəyirsən də, kimdən qorxursan?" deyən biriləri kimi qalacaq.