Elşad Abdullayevin çəkdiyi "videolar saxta deyil"

Sabiq deputat Gülər Əhmədova, Sevinc Babayeva və Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayev arasında qalmaqallı videonun ekspertizasının nəticələri açıqlanıb.
APA yazır ki, Ağır Cinayətlər üzrə Məhkəmədə keçirilən prosesdə videodakı səslərin həmin şəxslərin özlərinə məxsus olduğu, jest və mimikaların sinxron olduğu açıqlanıb. Ekspertiza videonun saxtalaşdırılmadığını müəyyən edib.
Abdullayev və Babayeva arasında olan danışığın ekspertiza nəticələri də açıqlanıb. Videonun yazılma tarixi aydınlaşmasa da, montaj olunduğu da təsdiqlənməyib.
Məhkəmədə Babayevanın meyitinin ekspertizası elan olunub və onun ürək çatışmazlığı və nəfəsin dayanmasına görə öldüyü açıqlanıb.
Məlum olub ki, onun oğlu Ayxan Məmmədov Türkiyə istintaq orqanlarına ifadəsində anasının ölümündə heç kimdən şübhələnmədiyini deyib.
Məmmədov Babayevanın kiminsə tərəfindn öldürüldüyü müəyyən edildiyi halda həmin şəxsdən şikayətçi olacağını bildirib.
Türkiyə vətəndaşı Səlcuk Ağlayan ifadəsində deyib ki, Məryəmlə (Sevinc Babayeva özünü elə təqdim edib - red) Azərbaycanda tanış olub və onunla heç bir münasibəti olmayıb.
Məhkəmədə açıqlanan ifadədə Ağlayan deyib ki, Babayevanın üzərində pasportu olmayıb və o, otelə öz pasportu ilə yerləşdirib.
Ağlayan bildirib ki, Babayevanın Ayxan Məmmədov adlı oğlunun olduğunu da bilməyib.
Növbəti proses noyabrın 18-də keçiriləcək.
Gülər Əhmədova fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra fevralın 13-də, həbs olunub.
Xanım Əhmədova deputat mandatından imtina edib. Məhkəmə sabiq deputat haqda həbs-qətimkan tədbirinin iki dəfə uzadılması haqda qərar verib.




