Gülər Əhmədova Gürcüstana gedərkən özü ilə bağlı "qadağanı bilməyib"

"Bilsəydim ki, ölkədən çıxışıma qadağa qoyulub, getməzdim”, sabiq millət vəkili Gülər Əhmədova növbəti məhkəmə iclasında deyib.
Söhbət ötən ilin dekabrın 17-də deputat mandatı qalmaqalı ilə bağlı video-görüntülərin ortaya çıxdıqdan sonra, Gülər Əhmədovanın Azərbaycan-Gürcüstan sərhədində saxlanılmasından gedir.
“Dedilər ki, gözləyin, polis gələcək. Gəlib apardılar Bakıya. Dedilər, ölkədən qaçmaq istəmişəm".
Sabiq millət vəkili deyib ki, qonşu ölkəyə "insult keçirdikdən" sonra, həm baş verənlərdən uzaqlaşmaq, həm də Gürcüstan Parlamentindəki deputat-həkim tanışının yanına gedirmiş.
"İnsult keçirəndən sonra Bakıda xəstəxanaya dostlarımın yanına yoxlanmağa getdim. Lakin dedilər ki, bura jurnalistlər gələcək, bizə problem yaranacaq. Elə bil cüzam xəstəsiydim. Məndə inciklik yarandı", APA-da sabiq deputatın sözlərindən iqtibas gətirir.
Sabiq deputat saxlanılan zaman ifadəsini "psixoloji təzyiq" altında verdiyini qeyd edib.
"Xahiş etdim ki, onun [həyat yoldaşının] gözünün qabağında əlimə qandal vurmasınlar. Orada bir psixoloji təzyiq yaratdılar. Həmin vaxt mənə nə desəydilər, onu da yazacaqdım”.
Həmin ifadələrdə Əhmədova Elşad Abdullayevə 500 min manat qaytarmağa hazır olduğunu bildirib.
Sabiq deputat deyib ki, 2005-ci ildə Elşad Abdullayevlə onun rektoru olduğu Azərbaycan Beynəlxalq Universitetinin tələbələri və valideynlərin istəyi ilə görüşüb.
“Rektor bu insanları aldadıb və onlar hüquqlarının müdafiə olunmasını məndən xahiş ediblər, Mən də Elşadla bunun üçün görüşmüşəm. Bu söhbətdə iştirakçı olan Sevinc Babayevanı Türkiyəyə mən göndərməmişəm”.
Xanım Əhmədova deyib ki, məlum video yayıldıqdan sonra Sevinc Babayeva ilə danışıb və prokurorluğa getməyi təklif edib.
“Lakin Sevinc dedi ki, müalicəsi zəruridir və Türkiyəyə gedəcək. Mən o Türkiyəyə getdikdən sonra onunla iki dəfə əlaqə saxlamışam və müalicəsi üçün pul göndərmişəm”.
Onun sözlərinə görə, Babayevaya göndərdiyi iyirmi min yarısını qaynından, yarısını isə bacısından alıb.
Xanım Əhmədova Sevinc Babayeva barəsində axtarış elan olunduğunu bilmədiyini iddia edib.
Video ortaya çıxdıqdan sonra təzyiqinin yüksəldiyini deyən Gülər Əhmədova iki dəfə intihara cəhd etdiyini bildirib.
O bildirib ki, Elşad Abdullayevin Azərbaycana gətirilməsi üçün istintaqa öz xidmətlərini təklif edib.
Gülər Əhmədova fevralın 13-də, fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra bu il həbs olunub.
Xanım Əhmədova deputat mandatından imtina edib. Məhkəmə iki dəfə sabiq deputat haqda həbs-qətimkan tədbirinin uzadılması haqda qərar verib.




