Gülər Əhmədova məhkəmədə ABŞ və ATƏT-i tənqid edib

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın işi üzrə ilkin hazırlıq iclası keçirilib və məhkəmə baxışının oktyabrın 28-i saat 10:30-a təyin olunması haqda qərar qəbul edilib.
Sabiq deputat Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
BBC Azərbaycancanın müxbiri məhkəmədən xəbər verir ki, məhkəmə təyin olunduğu vaxtdan gec başlayıb və sabiq deputat dəmir barmaqlıqlar arxasında çıxış edib. Medianın foto və video çəkiliş aparmasına imkan verilməyib.
"500 nə..?"
Məhkəmə iclası dövlət ittihamının elan olunması ilə başlayıb və ardınca sabiq deputatın vəkili Əfsər Talıbov çıxış edib.
Vəkil ittiham materiallarında cinayətin törədildiyi yerin, vaxtın göstərilməməsinə münasibət bildirib və müstəntiqin Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Azərbaycana gətirilməsi haqda baş prokurorun sözlərinə fikir vermədiyini iddia edib.
“Müstəntiq dörd dəfə ittiham materiallarını qeyri-qanuni sübutlarla dəyişib. Cinayətin şahidi olan Sevinc Babayeva ölüb və onun adından danışan şahidlərin ifadələri ittiham materiallarına əlavə olunub. Bundan başqa dəfələrlə Elşad Abdullayevin Azərbaycana gətirilməsi haqda vəsatət qaldırılıb, amma bunun üçün heç bir addım atılmayıb. Elşad Abdullayev bura gəlməlidir və Gülər Əhmədova ilə üzləşdirilməlidir”.
Cinayət işinə əlavə olunan videogörüntülərin gizli yolla çəkildiyini deyən vəkil videoda pul vermə səhnəsinin olmadığını bildirib.
"Bu isə o deməkdir ki, cinayətin subyekti yoxdur. Sözsüz ki, proses boyu o video görüntülərə baxacağıq. Orda sadəcə 500 rəqəmi səsləndirilib. Daha bildirilmir ki, 500 nə? Dollarmı, manatmı, ya nə?

"Konstitusiyanın 33.2-ci maddəsinə görə heç bir şəxs gizli çəkilişə məruz qala bilməz və bu görüntülər sübut kimi göstərilə bilməz. Biz sorğu keçirmişik və gizli çəkiliş aparmaq səlahiyyəti olan bütün orqanlardan bizə cavab gəlib ki, Elşad Abdullayev onlara heç bir müraciət etməyib".
Vəkil cinayət işinə xitam verilməsi, sabiq deputatın verdiyi ilkin ifadənin cinayət işinin materiallarından sübut kimi çıxarılması, video görüntülərin sürəti təqdim olunduğundan cinayət işindən çıxarılması, Sevinc Babayevanın adından verilən şahid ifadələrin və Gülər Əhmədova haqqında çıxarılmış həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsadətlər qaldırıb.
Gülər Əhmədovanın çıxışı
Məhkəmədə Gülər Əhmədovanın özü də iştirak edib. Çxış edən Gülər Əhmədova hüquqlarının təkcə Azərbaycanda yox, qlobal mənada pozulduğunu deyib.
“ABŞ Dövlət Departamentinin hesabatında, ATƏT-in hesabatında mənim təqsirsizlik prezumsiyam pozulub və cinayətkar elan olunmuşam. Mənim təməl insan hüquqlarım hansı əsasla pozulub? Mən ABŞ prezidenti Obamaya da bununla bağlı məktub göndərəcəm. Mən terroristəm, yoxsa dövlətlərarası münasibətlərə təsir göstərən bir cinayət törətmişəm?”
ABŞ səfirliyinin mətbuat xidmətinin əməkdaşı Gülçin Seyidova BBC Azərbaycancancaya deyib ki, ABŞ bu məsələ ilə bağlı heç bir şərh vermir, çünki bu Azərbaycan məhkəmələrinin daxili işidir.
Sabiq deputat prezident seçkilərinin təbliğat kampaniyası dövründə Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin televiziya debatında onun haqda dediyi sözlərə də münasibət bildirib.
“Özünə siyasi xal qazanmaq istəyən bəzi siyasətçilər mənim həbsimdən istifadə edirlər. Mənim keçmiş həmkarım Cəmil Həsənli məni mandat alverində ittiham edir. Onun nə haqqı var belə deyir? Mən demokrat kimi mandatımdan imtina etmişəm ki, istintaqın işinə yardım edim. Cəmil Həsənli prezident yanında Korrupsiya ilə Mübarizə Komissiyasında təhsil üzrə üzvü olub. Elşad Abdullayev onun gözü önündə bütün bunları edib. Niyə o zaman Cəmil müəllim bunları görə-görə bir dəfə də danışmadı bu haqda?”.
Cəmil Həsənli sentyabrın 26-da İctimai Televiziyada teledebatda çıxışında deyib ki, “sentyabr ayının 26-sı "Gülərqeyt" işinin başladığı tarixdir”.
“Diqqət yetirin, rüşvəti alan da YAP üzvüdür, verən də. Bir partiya, bir partiyanın sədri mandat alveri ilə məşğul olursa, onların nə mənəvi haqqı var ki, bu gün yenidən prezidentliyə iddia edirlər? Konstitusiyaya görə ən ağır cinayət siyasi postları satmaqdan ibarətdir”.
Gülər Əhmədova ABŞ Dövlət Departamentinin, ATƏT-in nümayəndəsinin və Cəmil Həsənlinin məhkəməyə gətirilməsini xahiş edib.
Hakim Eşlad Abdullayevin zərərçəkmiş şəxs kimi təsdiq olunması üçün məhkəməyə ərizə ilə müraciət edtiyini bildirib.
Bundan sonra çıxış edən prokuror Eldar Həmzəyev Elşad Abdullayevin ərizəsinin cinayət işinə əlavə olunmasını, lakin onun zərərçəkmiş şəxs kimi tanınmasının mümkün olmadığını deyib.
“Qanuna uyğun olaraq kütləvi informasiya vasitələrində dərc olunmuş materiallar sübut kimi növbəti məhkəmə iclaslarında təqdim olunacaq. Digər vəsatətlər təmin oluna bilməz. Çünki bütün bunlar məhkəmə qərarlarıdır və qüvvədədirlər. Elşad Abdullayevin dindirilməsi məsələsi çox vacibdir. O, bu işdə şahid qismindədir. Amma onun məhkəməyə gətirilməsi haqda vəsatət təmin olunmalıdır. Sevinc Babayevanın Azərbaycana gətirilməsi üçün səylər göstərilib, lakin bu mümkün olmayıb”.
"Seçki qabağı danışmadım ki..."
Prokuror məhkəmədən sabiq deputatın ev dustaqlığına buraxılması haqda vəsatətin təmin olunmamasını istəyib.
“Məhkəmənin qərarında da göstərilir ki, Gülər Əhmədova istintaqdan gizlənə bilər. Buna əsas verən halların heç biri dəyişməyib. Yumşaldıcı hallara gəldikdə cəza verilən zaman bu hallar nəzərə alına bilər”.
Gülər Əhmədova buna etiraz edib və “heç hara qaçmaq istəmədiyini” deyib.
“Mənim əlimdə pasport yox, hara qaça bilərəm? Mən qaçan adam olsaydım ilk gündən qaçardım. Mənim intihar etmək, qaçmaq fikrim yoxdur. Məhkəmədə sübut edəcəm ki, məni şərləyiblər. Mənim qaçmaq üçün imkanlarımın az olduğunu düşünənlər səhv edirlər. Mən seçki qabağı heç nə danışmadım ki, mənim sözlərimdən istifadə edib Azərbaycan dövlətini sevməyənlər dediklərimdən istifadə etməsinlər”.
Dindirilmə zamanı psixi və fiziki təzyiqlərə məruz qaldığını iddia edən Gülər Əhmədova deyib ki, 10 ay davam edən istintaq ərzində ondan Sevinc Babayeva haqqında "heç nə soruşulmayıb".
Məhkəmə vəsatətlərin təmin olunmaması haqda qərar verib və məhkəmə baxışının keçirilməsini oktyabrın 28-i saat 10:30-a təyin edib.
Gülər Əhmədova Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra bu il fevralın 13-də həbs olunub.
Xanım Əhmədova deputat mandatından imtina edib. Məhkəmə iki dəfə sabiq deputat haqda həbs-qətimkan tədbirinin uzadılması haqda qərar verib.




