Prezidentliyə namizədlərin debatı: "Gülərqeyt", təxribat və korrupsiya ittihamları

Cümə axşamı prezidentliyə namizədlərin beşinci debatı keçirilib.
Debatda ilk çıxış edən namizədliyini öz şəxsi təşəbbüsü ilə irəli sürən Zahid Oruc deyib ki, vaxtilə Əbülfəz Elçibəyi "öz siyasi maraqlarının girovuna" çevirənlər, sonra isə onun "hakimiyyətini çökdürənlər" eyni ssenarini indi Cəmil Həsənlinin üzərində həyata keçirmək istəyirlər.
“Cəmil Həsənli adlanmış kəvakib rolunda çıxış edir. Biz bir daha şahid olacağıq ki, illərlə özlərinin həyat istiqamətini müəyyənləşdirə bilməyən qüvvələr Azərbaycanın həyatını müəyyənləşdirə bilməyəcəklər”.
Prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov Azərbaycanın iqtisadi uğurlarından danışıb.
“On il ərzində Azərbaycanın iqtisadi qüdrəti 3,4 dəfə artıb. Azərbaycan Cənubi Qafqazda üç dövlətin toplam iqtisadi potensialının 80 faizinə sahibdir. Yoxsulluğun səviyyəsi 50 faizdən 3 faizə düşüb. Orta əməkhaqqı 400 manatdan yuxarıdır. Azərbaycanın yenidən dəyişməsinə ehtiyac yoxdur”.
Xaricdən "dəstək"
Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadə isə səhiyyədəki problemlər haqqında danışıb və hakimiyyətə gəldiyi təqdirdə edəcəyi islahatlardan söz açıb.
"Hər bir dövlətin vəzifəsi insanların sağlamlığını təşkil etməkdir. Biz hamımız bilirik ki, Azərbaycanda qəfil ölümlərin sayı artıb. İnsanlar müalicə üçün xarici ölkələrə üz tuturlar. İnfarktın riski 95 faizdir.
"İnsanlar sosial iqtisadi vəziyyətə görə səhiyyə ocaqlarına müraciət edə bilmirlər. Biz ailə həkimi institutu yaradacağıq və həkimlə pasient arasında münasibətlərin doğru olması üçün həkimlərə ayda min manat maaş verəcəyik. Həkim pasientin əlinə baxmayacaq".
Ədalət Partiyasından olan namizəd İlyas İsmaylovun səlahiyyətli nümayəndəsi Mais Gülalıyev hakimiyyətin gücünün xalqda deyil, onun maliyyəsində olduğunu deyib.
"Hakimiyyət məhz bu vəsaiti Amerika şirkətləri ilə bölüşməyə üstünlük verdi. Amerikanın, İngiltərənin iqtisadi maraqları var, ona görə onlar nəinki hakimiyyətin dəyişməsində maraqlı deyil, hətta hakimiyyətə kömək göstərirlər.
"Bu hakimiyyətin gücü həm də onun fəaliyyətini şişirtdiyi radikal müxalifətdədir. Bu müxalifət Avropa təşkilatlarının maraqlarını yerinə yetirir", cənab Gülalıyev belə deyib.
Müasir Müsavat Partiyasının prezidentliyə namizədi Hafiz Hacıyev partiyanın Gəncədə təşviqat aksiyasının keçirəcəyindən danışıb. O, müxalifəti təxribatların hazırlanmasında suçlayıb.
“Mən camaata səslənirəm ki, bu cür təxribatlara getməsinlər. Həsənli Cəmilin arxasında dayananlar öz qəzetlərinə mənim haqda xoşagəlməz fikirlər yazırlar. Bu yazığı salıblar ortaya, bu da yorulub axı. Bu meydana siz gəlin və gözümüzün içinə baxın”.
"Revanşist qüvvələr"
Milli Dirçəliş Hərəkatı partiyasından olan namizəd Fərəc Quliyev Dağlıq Qarabağ probleminin həlli yollarından danışdı və Ermənistanla Qarabağın statusu haqda hansısa danışığa getməyin mümkünsüz olduğunu bildirdi.
Azərbaycan Demokratik Partiyasının namizədi Sərdar Cəlaloğlu Milli Şura ilə öz partiyasını müqayisə etdi:
“Bu qüvvələrin siyahısına baxsanız, görərsiniz ki, bunlar vaxtilə hakimiyyətdə olan revanşist qüvvələrdir. Bunların iki mühüm xüsusiyyəti var: aqressivlik və intiqamçılıq. Onlar iqtidarın yalnız pis xüsusiyyətini demək lazımdı. Amma mən və İqbal Ağazadə hakimiyyətdə olmamışıq və bizdə bu hiss yoxdur”.
Sosial Demokrat Partiyasının prezidentliyə namizədi Araz Əlizadə müxalifət mətbuatının onun iqtidara işləməsi haqda yazılanlara etiraz edib və opponentlərini Qərblə əlaqədə suçlayıb.
“Hökümətdən pul alırlar, bir şey olan kimi Amerika, Böyük Britaniya səfirliyinə qaçırlar”.
Bütöv Xalq Cəbhəsi partiyasının namizədi Qüdrət Həsənquliyev deyib ki, hər şeyi “qaralamaq” yox, "bundan yaxşı nə edə biləcəyimizi düşünməliyik".
“Əli Kərimli Cəmil Həsənlini AXCP-nin iclaslarına qatılmadığı üçün partiyadan çıxartdı. Özü isə heç nə olmamış kimi getdi oturdu parlamentin iclasında”.
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli teledebatda iştirak etməyən insanlar haqqında danışanlara etiraz etdi və onları İlham Əliyevin vəkilləri adlandırdı.
Cənab Oruc cavabında cənab Əliyevin vəkili olmağın şərəfli iş ola biləcəyini dedi.
Cənab Əhmədov cənab Həsənlini mitinqdə iştirak edənlərin sayı haqqında yalan danışmaqda ittiham etdi.
Hafiz Hacıyev AXCP-ni onun pulları hesabına hakimiyyətə gəldiyini iddia etdi: “Elçibəyin vaxtında əyninizə şalvar tapmırdınız. Cəmil Həsənli, sizin xalqa etdiyiniz xəyanəti bağışlaya bilmirik”.
"Gülərqeyt"
Cənab Həsənli deyib ki, sentyabrın 26-sı “Gülərqeyt” işi başlanan günüdür və opponentlərini “siyasi postları” satmaqda ittiham etdi.
“Konstitusiyaya görə ən ağır cinayət siyasi postları satmaqdan ibarətdir”.
Cənab Əhmədov bu iddiaların tamam əsassız olduğunu deyərək "Gülərqeyt" işi üzrə məhkəmənin başlanılacağını vurğulayıb.
"Sizin hüquq-mühafizə orqanları qarşısında cavab verməyinizə çox az qalıb. Siz xarici mətbuatda yazılmış yalanları Azərbaycan cəmiyyətinə çatdırmaqla məşğulsunuz. Bu isə cinayətdir.
"Hesab edirəm ki, siz bu cinayətə görə cavab verəcəksiniz. Azərbaycanda 48 milyard pulun çıxarılması sadəcə mümkün deyil. Ona görə ki, Azərbaycanda bu qədər pul yoxdur", o deyib.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.




