Prezidentliyə namizədlərin ilk debatı - icmal

Debat
Şəklin alt yazısı, Prezidentliyə namizədlərin ilk televiziya debatı sentyabrın 17-də keçirilib

İctimai Televiziyada Mərkəzi Seçki Komissiyasında keçirilən püşk atma mərasimindən sonra həftənin cüt günləri axşam saat 19:00-da prezidentliyə namizədlərin debatı keçirilməsi qərara alınıb.

Çərşənbə axşamı keçirilən debatda prezidentliyə namizədlərdən İlham Əliyevin özü yox, səlahiyyətli nümayəndəsi Əli Əhmədov, İlyas İsmayılovu isə səlahiyyətli nümayəndəsi Mütəllim Rəhimov təmsil edib.

Debat prezidentliyə namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş Zahid Orucun çıxışı ilə başlayıb.

"İstər namizədlər, istərsə də onun tərəfdarları prezidentliyə namizədlər ən yaxşı idealarını bu məqamda irəli sürə bilərlər. Əks halda İctimai televiziyanın bu efirini sadəcə məhkəmə salonuna çevirməklə, burada hansısa bir NKVD müstəntiqi janrında çıxış etməklə xalqın səsini qazanmaq olmaz. Çünki insanları ittihamlara, bir- birini sadəcə suçlandırmalara məruz qoymaqla millətin gələcəyini təmin etmək mümkün deyil.

"Siz hansı höküməti istəyirsiz? Mən asan höküməti istəyirəm. Hansısa kadrların dəyişdirilməsi keyfiyyətli iş yaratmır, cəzalandırma kütləvi qovulma effektiv olmur. 2013-cü ildə ölkə rəhbərliyi “ASAN” xidməti ortaya çıxartdı. Bizim üçün məqbuldurmu ki, bütün hökümət “ASAN” xidmətə keçsin?"

Ümid Partiyasının sədri İqbal Ağazadə çıxışında hakimiyyətin siyasətini tənqid edən fikirlər səsləndirib, sosial problemlərin, insan hüquqlarının vəziyyətindən danışıb:

“Mən əminliklə deyə bilərəm ki, Azərbaycan seçicilərinin əksəriyyəti hakimiyyətdən narazıdır. Müəllimlərin, həkimlərin, təqaüdçülərin, tələbələrin, gənclərin, işsizlərin, ziyalıların problemləri dünənkindən də bir qədər də ağırdır. 80 faiz vətəndaşımız bank sektoruna borcludur. Dəyişməyən hakimiyyətlər daha çox avtoritarlığa meyllənir. Seçkiyə gedib bu hakimiyyətin getməsi üçün seçici səsini vermək lazımdır.”

İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mütəllim Rəhimov təmsil etdiyi şəxsin dövlətçilik təcrübənin çox olmasından danışıb, eyni zamanda müxalifətin və iqtidarın əsas namizədinə tənqidi fikirlər səsləndirin:

“SSRİ dövlətində, böyük bir imperiya rəhbərliyində işləyən iki şəxsdən biri İlyas İsmayılov olub və onun böyük dövlətçilik təcrübəsi var, digər namizədlər içərisində bununla seçilir. Alimdi, ziyalı kimi mühüm dövlət vəzifələrində yüksək postlar tutub.”

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev vaxtilə dövlət idarəetməsində onunla birgə işləyən və sonradan ayrı-ayrı partiyalarda fəaliyyət göstərən cəbhəçilərin səslərini ona verəcəklərini əminliklə ifadə edib.

“Hesab edirəm ki, cəbhəçilərin vahid namizədi mən olacam. Demirlər Əbülfəz Elçibəyin yolu, biz də Əbülfəz Elçibəy yolundayıq. Onun komandasında olan üç nəfər burda əyləşib, onlar da yaxşı olardı mənim namizədliyimi dəstəkləsinlər. Mən istəməzdim ki, onlar axşama qədər Amerika səfirliyini qarşısında “oçereddə” dursunlar.”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevneft gəlirlərinin ölkəyə qaytarılması yollarından danışıb və bunun gənclərin rifahına necə təsir edəcəyini açıqlayıb.

"Gənclərimizə sahib çıxmalıyıq. 1 milyon 600 min gənc xaricdə qalmasın. Neft gəlirlərinin əksəryyətinin ölkəyə qayıtmasını təmin edəcəyik. Niyə bu vəsaiti ölkəyə gətirməyək?

"Bununla bir anda bir neçə məsələni həll edəcəyik. 1 milyon 600 min xarici vətəndaş olmayacaq. İkincisi 1 milyon 600 min qızlarımız evlərdə qarımayacaq. Bu insanlar əyalətdə bolluq, şəhərdə ucuzluq yaradacaqlar", cənab Quliyev belə deyib.

Mühacirlər

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu çıxışına Zahid Oruca cavab verməklə başlayıb.

“Zahid bəy danışdıqca mən düşündüm ki, o nə əcəb müxalifətə keçmir? İqtidarda olan müxalifətin nə etməli olduğunu deyir, müxalifətdə olan da iqtidarın. Halbuki hərə özünün nə etməli olduğunu bilməlidir. Bizə verilən qısa vaxt ərzində icra başçısının platformasını təqdim etmək imkan yoxdur.”

Cənab Cəlaloğlu xaricə miqrasiya edənlərdən danışıb: “Avstraliya qitəsində Azərbaycan kəndləri var, rusların özlərinin yaşamadığı soyuq kəndlərdə azərbaycanlılar yaşayır. Sosial və hüquqi problemlərin ucbatından bunlar baş verir. Əgər mən seçilsəm sosial və hüquqi dövlət quruculuğu ilə məşğul olacam”.

Bütöv Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Milli Şuranın konstitusion islahatlar aparılması ilə bağlı təsis bəyannaməsindən danışıb və Cəmil Həsənlinin debatda çıxış edənləri aşağıladını bildirib:

“Cəmil Həsənli 2009-cu ildə prezident seçkilərindən 1 il sonra Azərbaycan Xalq CUmhuriyyətinin xarici siyasəti haqqında kitab yazıb və bu kitabda Heydər Əliyevi ümummilli lider adlandırıb.”

"Mən Qüdrət bəyin dediyi kitabdakı fikirləri yazmışam və sözümün arxasında dururam", Milli Şuranın namizədi Cəmil Həsənli deyib.

Amma o, indiki hakimiyyətin xalqa hesabat verməli olduğunu bildirib və İlham Əliyevin debatlarda özünün şəxsən iştirak etməməsini xalqa və prezidentliyə namizədlərə sayğısız münasibət kimi qiymətləndirib.

“Prezident xalqın heç bir sorğusuna cavab verməyib. Anlatsın ki, prezident olduğu bir müddətdə, oğluna – 11 yaşlı oğluna Dubayda 75 milyona doqquz mülk alıb və bir vaxtlar cəmiyyətimiz bunu bilmirdi. "Washington Post" kimi bir mətbuat orqanı bu haqda məlumat verib. Bu fakt normal bir ölkədə açıqlansaydı, həmin siyasətçi həmin axşam siyasətdən, ölkənin rəhbərliyindən getməli idi.

"Yaxud bu yaxınlarda Vircin adalarında, Britaniyanın, 48 milyard Azərbaycandan oğurlanmış vəsait barədə sənədli, sübutlu məsələlər qoyuldu ortalığa. Və bunun hesabını Azərbaycan millətinə vermək lazımdır. Azərbaycanın büdcəsi cəmisi 20 milyarddır. Bu büdcədən artıq olan vəsait necə oğurlanıb?

"Panama şirkətləriylə bağlı söz-söhbət dolanır və bunun sənədləri sübutları ortaya qoyuldu. Bir prezident kimi, üçüncü dəfə prezidentliyə gedən şəxs kimi İlham Əliyev bu məsələlərə aydınlıq gətirməliydi.”

Azərbaycan Sol Demokrat Partiyasının sədri Araz Əlizadə öz platformasında vətənin dayağı- ana, müəllim, hərbiçi sloqanının seçilməsi haqda danışıb

“Analar üçün elə şərait yaradılmalıdır ki, sağlam övlarlar dünyaya gətirsin. Müəllimlər elə maaş almalıdırlar ki, övladlarımıza keyfiyyətli dərs versinlər və gedib öz evlərindəki uşaqlarla məşğul olsunlar. Cəmiyyət vətənpərvər olsun. Hərbi spesifik sahədir. Hesab edirəm kki, gənclər 25 yaşından sonra hərbi xidmətə getməlidirlər”.

Cəmil Həsənliyə qarşı ittihamlar

İlham Əliyevin səlahiyyətli nümayəndəsi çıxışında diqqəti Cəmil Həsənlinin təqaüdə çıxması məsələsindən danışır:

"Əlimdə dövlət sənədləridir. Bu sənədlərdə göstərilir ki, Cəmil müəllim 4 il əvvəl 2011-ci ildə pensiyaya çıxıb. Azərbaycanda təqaüdə çıxma yaşı 63-dür. Pensiyaya əlillər və çoxuşaqlı analar bir neçə il əvvəl çıxa bilərlər? Siz nəyin əlilisiniz?

"2 min manat pensiya alırsınız. Ya etiraf etməlisiz ki, dövləti aldatmısız və qeyri -qanuni yolla pensiya almağa nail olmalısız, ya da deməlisiz əlilliyiniz nədir?

"Bu sənədlərdə sizin yaxşı görmədiyinizə görə pensiyaya çıxdığınız göstərilir. Cəmil Həsənlini nə zaman eynəkdə gəzən görmüsüznü? Əlillik iş qabiliyyətinin itirilməsidir, siz az həcmdə yüngül işdə işləyə bilərsiniz ancaq."

Cəmil Həsənli Əli Əhmədovun ittihamlarını cavablandırarkən deyib ki, fiziki xəstə olmaq heç də ayıb deyil. "Xəstə olmaq xalqın sərvətini xaricə daşımaqdır. Mömin insanların cibinə narkotik maddə atıb saxta ittihamlarla onu tutmaq, islam inanclarını narkotikə bulaşdırmaqdır."

Debatlarda diqqət çəkən məqamlardan biri iki namizədin - Cəmil Həsənli və İqbal Ağazadənin indiki hakimiyyətin ünvanını kəskin tənqidi fikirlər səsləndirilməsi olub. Eyni zamanda Hafiz Hacıyev, Qüdrət Həsənquliyev, Fərəc Quliyev cənab Həsənliyə birbaşa tənqidi fikirlərini açıqladılar.

Cənab Həsənli studiyanı tərk etdikdən sonra da ittihamlar davam edib. Araz Əlizadə həmçinin Milli Şuranı tənqid etdi.