Təbliğat kampaniyasında qarşılıqlı ittihamlar

Bakı
Şəklin alt yazısı, MSK-nın mətbuat xidmətindən BBC Azərbaycancaya deyilib ki, bu günə kimi seçki qanunvericiliyinin pozulması ilə bağlı hər hansı müraciət daxil olmayıb

Cəmil Həsənlinin seçki düşərgəsində iddia edirlər ki, büdcə hesabına çap edilən kitabın məktəblərə verilməsilə hazırkı prezident mövcud təbliğat qaydalarını pozub.

MSK bu barədə şikayətin daxil olmadığını bildirir.

Öz növbəsində prezident Əliyevin səlahiyyətli nümayəndəsi təbliğat qaydalarının pozulmasında qarşı tərəfi ittiham edərək müxalifəti “qara piarda” suçlayılb.

Təhsil Nazirliyi məsələ ilə bağlı sorğuya yaxın günlərdə cavab veriləcəyini bildirib.

İddialar

Cəmil Həsənlinin Seçki Qərargahının rəhbəri 16 Sentyabr - Bilik Günündə Bakı və rayonların orta məktəblərində prezidentliyə namizəd və hazırki prezident İlham Əliyevin “qanunsuz seçki təbliğatının” aparıldığını iddia edib.

Həsən Kərimovun sözlərinə görə “Bakı 2003-2013” adlı kitab bütün orta məktəb şagird və müəllimlərinə paylanılıb.

“Kitabı dövlət hesabına İqtisadi İnkişaf Nazirliyi çap edib. Milyonlarla tirajla buraxılan kitab niyə dövlət hesabına çap olunmalıdır? Bu axı təbliğat materialıdır və seçki qanunvericiliyinə görə qadağan olunan bir məsələdir. - Həsən Kərimov BBC Azərbaycancaya bildirib. - Bu kitab prezidentin seçki fondunun hesabına dərc olunsaydı, problem olmazdı”.

Cənab Kərimovun sözlərinə görə, bununla bağlı seçki qərargahı Mərkəzi Seçki Komissiyasına(MSK) müraciət edəcək.

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev BBC Azərbaycancaya deyib ki, bu günə kimi seçki qanunvericiliyinin pozulması ilə bağlı hər hansı müraciət daxil olmayıb:

”Komissiyada mütəmadi olaraq monitorinq aparılır və hər hansı seçki qanunvericiliyi və təliğat kampaniyasında pozuntu aşkarlandığı halda mətbuat qrupununda müzakirəyə çıxarılacaq”.

Təbliğat qaydaları

Seçki mütəxəssisi Anar Məmmədli BBC Azərbaycancaya deyib ki, heç bir namizədin təbliğatı inzibati, dövlət resurslarının hesabına aparmaq Seçki Məcəlləsinə görə qadağandır.

“Bu materialın nə dərəcədə təbliğat materialı olub olmadığını araşdırmaq lazımdır. Əgər İlham Əliyevin prezident kimi gördüyü işlər təbliğ olunursa, bu qanunla qadağandır”.

Cənab Məmmədlinin sözlərinə görə, dövlət büdcəsindən maliyyələşən dövlət strukturları, eləcə də onların balansında olan müəssisələr, məktəblər, bağçalarda heç bir namizədin təbliğatı aparılmamalıdır.

Kitabı görən şagirdlərin valideynləri BBC Azərbaycancaya bu kitabın məktəblilərə paylanmasını və üzərində diskin də olduğunu deyiblər.

Həsən Kərimov kitabın qiymətinin 100 manata yaxın olduğunu iddia edib. Kitabda Bakıda son 10 ildə açılışlar, keçirilən tədbirlərdə Əliyevin çıxışları və fotoşəkillər dərc olunduğu deyilir.

Reaksiya

BBC Azərbaycanca Təhsil Nazirliyinə rəsmi münasibət öyrənmək üçün yazılı müraciət edib. Nazirlikdən sorğulara yaxın günlərdə cavab veriləcəyini bildiriblər.

Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov “Azadlıq” qəzetinin Həsənlinin təbliğatı ilə məşğul olduğunu iddia edib və digər namizədlərə qarşı “qarşı qara piar aparıldığını” bildirib.

“Cəmil Həsənlinin seçki qanunvericiliyini pozması ilə bağlı beynəlxalq təşkilatlara, eyni halı “Azadlıq” qəzeti davam etdirdiyi təqdirdə isə Mətbuat Şurasına şikayət ünvanlayacaq”.

Cənab Norvuzovun sözlərinə görə, “Azadlıq” qəzeti MSK-ya ödənişli təbliğatla məşğul olması haqda müraciət etməyib və seçki kampaniyasında iştirak edəcək media orqanlarının siyahısında bu qəzetin adı yoxdur.

“Bizim fikrimizcə, MSK bununla bağlı Cəmil Həsənliyə də, “Azadlıq” qəzetinə də xəbərdarlıq etməlidir. Həm də İnzibati Xətalar Məcəlləsinin tələbləri yerinə yetirilib, bu qurum cərimə olunmalıdır. YAP “Azadlıq” qəzeti ilə bağlı Mətbuat Şurasına müraciət ünvanlanlamağı düşünür”.

YAP rəsmisi deyib ki, partiya beynəlxalq təşkilatların seçki müşahidə missiyaları ilə görüşlərdə bu məsələni qaldıracaqdır.

“Azadlıq” qəzetin baş redaktorun müavini Rahim Hacıyev cənab Novruzovun ittihamlarına azadliq.info saytına açıqlamasında münasibət bildirib.

“Bu tipli bəyanatlarda məqsəd hakimiyyətin qanunlara açıq-aşkar zidd olan təbliğat kampaniyasının ört-basdır etmək üçündür. Hətta Milli Şura yaranmazdan qabaq hakimiyyətin bütün informasiya resursları heç bir qanuna və əxlaqa hörmət etmədən bu təşkilata qarşı hətta bu günə qədər qara piar kampaniyası aparır”.

Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı Azadlıq qəzetinin saytına deyib ki, “seçki məcəlləsini pozan Cəmil Həsənli və onun komandası deyil, məhz YAP-ın nümayəndəsidir”:

“Bu məsələdə Azərbaycan televiziyaları və dövlət qəzeti olan “Azərbaycan”öndə gedir. “Azərbaycan»”qəzeti ilə bağlı bizim seçki qərərgahının monitorinqi var. Həmin monitorinqin nəticəsi faktlar əsasında artıq bu günlərdə MSK-ya təqdim olunacaq. Siyavuş Novruzovun əlində əsaslar varsa, buyursun MSK-ya müraciət etsin və onda bizim təqdim etdiyimiz sənədlərlə də tanış olacaq”.