İbrahimbəyovun vəkili MSK-nın qərarına etiraz edib

Rüstəm İbrahimbəyov

Fuad Ağayev İbrahimbəyovun namizədliyinin qeydə alınmaması ilə bağlı apellyasiya şikayətinin təmin olunmadığına görə beynəlxalq qurumlara üz tutacağını bildirib.

Cümə günü Ali Məhkəmə Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasına qarşı iddiasını təmin etməyib.

Ağayevin sözlərinə görə, o məhkəmənin qərarı ilə əlaqədar mətbuat konfransının keçirilməsini planlaşdırılır. Vəkil BMT- nin İnsan Hüquqları Komitəsinə müraciət olunacağını deyib.

Avqustun 27-də MSK İbrahimbəyovun namizədliyini qeydə alınmaması haqqında qərar çıxarıb.

“Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qaldı. Heç bir əsaslandırma olmadan qərar hissəsi oxundu. Qərarın tam mətnini bizə bazar ertəsi təqdim edəcəklər".

Reaksiya

Ağayev deyib ki, məhkəməyə verilən şikayət MSK-nın onun prezidentliyə namizədliyinin qeydə alınmaması ilə bağlı gətirilən əsaslardır.

"Komissiya bir tərəfdən Rüstəm müəllimin ikili vətəndaşlığı olması ilə bağlı kifayət qədər əsasların olmadığını deyir, digər tərəfdən onun son 10 ildə Azərbaycanda yaşamamasını əsas gətirir. Məhkəmədə biz komissiya nümayəndəsinə də dedik ki, iki ölkə arasında müqavilə əsasında, ya dövlət başçısının özünün sərəncamı ilə məsələn, xaricdən gələn idmançılara vətəndaşlıq verildiyi hallarda ikili vətəndaşlıq hesab olunur. Rusiya ilə Azərbaycan arasında belə müqavilə yoxdur".

Ağayevin sözlərinə görə, MSK İbrahimbəyovun başqa dövlət qarşısında hansısa öhdəliyinin olması ilə bağlı olduğunu deyir.

"Biz onun Rusiya qarşısında heç bir öhdəliyinin olmaması haqqında qəbz təqdim etmişik. Komissiyadan isə deyirlər ki, hansısa öhdəliyi ola bilərdi. Ehtimallarla qanunvericiliyi təhlil etmək olmaz".

Qərar

Avqustun 27-də MSK nümayəndəsi Rüstəm İbrahimbəyovun "74 il ərzində" Azərbaycanda "1163 gün" yaşadığını bildirib.

MSK, bununla əlaqədar qanunvericilikdə qanunla nəzərdə tutulmuş qaydada araşdırma apararaq, irəli sürülmüş namizədlik üçün əsasların mövcud olmaması və namizədin təsdiq edilməsinin qeyri-mümkünlüyünü “müəyyən edib”.

MSK-nın sədr müavini Natiq Məmmədov deyib ki, İbrahimbəyovun namizədliyinin qəbulu seçiciləri aldatmaq olardı, çünki vətəndaşlıq işi həll edilməsə, 40 min imza toplayandan sonra İbrahimbəyovun namizədliyinin qeydə alınması mümkün olmaz.

Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayandan sonra siyasətçi məkhəkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi MSK-ının xeyrinə qərar çıxarıb və İbrahimbəyovun iddiası təmin olunmayıb.

Milli Şura avqustun 23-də vahid namizəd kimi Cəmil Həsənlini seçib və onun sənədləri avqustun 24-də MSK-ya daxil olub. Həsənliyə avqustun 30-da imza vərəqələri təqdim olunub.

Namizədlərin qeydə alınma müddəti sentyabrın 9-da başa çatır. Seçkilər oktyabrın 9-da keçiriləcək.