Arif Hacılı: İbrahimbəyovun namizədliyinin təsdiqlənməyəcəyinə hazır olmuşuq

Müsavat partiyası icra aparatının rəhbəri deyib ki, Milli Şura İbrahimbəyovun təsdiqlənməyəcəyini öncədən görərək Cəmil Həsənlini vahid namizəd seçib.
Avqustun 27-də Mərkəzi Seçki Komissiyası müxalifətin prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun namizədliyini təsdiq etməyib.
BBC Azərbaycancaya müsahibəsində Arif Hacılı İbrahimbəyovun namizədliyinin təsdiqlənməyəcəyinə hazır olduğunu və onu əvəzləyəcək Cəmil Həsənlinin namizədliyinin təsdiqlənməsi üzrə fəaliyyətin davam etdiyini bildirib.
“Milli Suraya daxil olanlar onun namizədliyinin qeydə alınması və uğurlu kampaniyanın keçirilməsinə töhvə verəcək”, o deyib.
Vahid namizəd
Müsavat rəsmisinin sözlərinə görə İsa Qəmbərin müxalifətin əsas namizədi olması məsələsi gündəmdən çıxıb.
O, ötən gün Müsavat divanında vahid namizəd kimi Cəmil Həsənlinin dəstəkləndiyini deyib.
“Klassik AXCP, AXCP, Müsavat, NiDA təşkilatı, Azad gənclik və bir sıra digər təşkilatlar Cəmil Həsənlini dəstəkləyir. Biz hesab edirik ki, onun ətrafında böyük koalisiya yaranıb”.
MSK nümayəndəsi Rüstəm İbrahimbəyovun "74 il ərzində" Azərbaycanda "1163 gün" yaşadığını bildirib.
Vətəndaşlıq
MSK, bununla əlaqədar qanunvericilikdə qanunla nəzərdə tutulmuş qaydada araşdırma apararaq, irəli sürülmüş namizədlik üçün əsasların mövcud olmaması və namizədin təsdiq edilməsinin qeyri-mümkünlüyünü müəyyən edib.
Rusiyanın Azərbaycandakı səfiri, cənab Vladimir Daroxin MSK-nın 21 avqust sorğusuna cavab kimi bildirib ki, İbrahimbəyov 28 noyabr 1991-ci il tarixindən Rusiyanın vətəndaşıdır.
MSK sədr müavini Natiq Məmmədov deyib ki, İbrahimbəyovun namizədliyinin qəbulu seçiciləri aldatmaq olardı, çünki vətəndaşlıq işi həll edilməsə, 40 min imza toplayandan sonra İbrahimbəyovun namizədliyinin qeydə alınması mümkün olmaz.
Bununla yanaşı MSK REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun namizədliyini təsdiq edib.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-a təyin edilib.
REAL sədri İlqar Məmmədov fevralın 4-də ilin əvvəlində İsmayıllı iğtişaşlarından sonra həbs edilib.




