Milli Şuranın ehtiyat namizədi: Cəmil Həsənli

Cəmil Həsənli
Şəklin alt yazısı, Rüstəm İbrahimbəyov Milli Şura üzvlərinə tarixçi alim Cəmil Həsənlinin namizədliyini dəstəklədiyini bildirib

Prezident seçkilərinə vahid namizədlə getməyi planlaşdıran müxalifət koalisiyası bu gün görüşərək “ehtiyat namizədi”ni elan edib. Bu, tarixçi Cəmil Həsənlidir.

Daha öncə bildirilmişdi ki, ad məlum olarsa, həmin şəxsin sənədləri də qeydiyyat üçün Mərkəzi Seçki Komissiyasına veriləcək.

Ehtiyat namizədin seçilməsi fikri müxalifətin vahid namizədi Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq problemi olması nəticəsində reallaşıb.

Lakin Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınarsa, ehtiyat namizəd öz sənədlərini geri götürməlidir, Milli Şuranın memorandum layihəsində qeyd edilir.

Cənab İbrahimbəyov avqustun 22-də Şura üzvlərinə tarixçi alim Cəmil Həsənlinin namizədliyini dəstəklədiyini bildirib.

Milli Şuranın bu göruşu öncədən avqustun 26-a nəzərdə tutulsa da, ötən gün vaxt dəyişdirilib.

Məlumata görə, Şura daxili məsləhətləri nəticəsində görüşü üç gün öncəyə çəkib.

İclasda müzakirə ediləcək mövzular arasına, həmçinin təşkilati məsələlər daxildir.

Hazırda Moskvada olan kinodramaturq İbrahimbəyov vahid namizəd kimi iyulun 2-də elan edilib.

Ötən gün onun sənədləri MSK-a təqdim edilib və Komissiya sənədlərin qəbul edilib-edilməməsi barədə qərarı beş gün müddətində verməlidir.

Cümə günü MSK sədri Məzahir Pənahov deyib ki, "ikili vətəndaşlığı, başqa ölkələr qarşısında öhdəliyi olanlar Azərbaycan Respublikasının prezidenti ola bilməz".

“Bu, Azərbaycan Konstitusiyasının tələbidir. Ona görə bu məsələyə qanunvericiliyin yol verdiyi şərtlər çərçivəsində baxılacaq. Başqa cür ola bilməz. Rüstəm İbrahimbəyovun sənədləri dünən daxil olub və bu gündən etibarən MSK onun sənədlərinə baxmağa başlayıb”, APA cənab Pənahovdan sitat gətirir.