Milli Şura "əlavə" namizəd də seçəcək

Demokratik Qüvvələrin Milli Şurası bazar ertəsi sessiyasında "əlavə" namizədin qəbul olunması barəsində qərar verib, lakin həmin şəxs hələlik müəyyənləşdirilməyib.
Şura üzvləri bu qərara bir səs çoxluğu ilə gəlib.
Şuranın hazırki vahid namizədi dramaturq Rüstəm İbrahimbəyovdur.
Yeni qərar onun Rusiya vətəndaşlığından çıxmasının hələlik həllini tapmaması səbəbilə alınıb.
Belə ki, 43 nəfər "əlavə" namizədin də seçilməsini labüd sayıb, 42 nəfər isə əleyhinə olub.
Şuraya yaxın olan mənbələr BBC Azərbaycancaya bildirib ki, iclasda Şuranın yeni "vahid" və "ehtiyat" namizədlə seçkilərə qatılması ətrafında gərgin danışıqlar gedir.
Bu "ehtiyat" namizəd, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınarsa, öz namizədliyini geri götürməlidir, Şuranın yeni memorandum layihəsində deyilir.
Məlumata görə, AXCP və Müsavat partiyaları həm vahid, həm də ehtiyat namizədlə seçkilərə getmək barəsində razılığa gəlsə də, digər partiyalar narazılıq bildirib.
Iclasa kommunikasiya vasitəsi ilə qoşulan cənab İbrahimbəyov bildirib ki, o, MŞ-nın "bütün qərarlarını dəstəkləyəcək".
Yeni Musavat qəzeti yazır ki, sabiq deputat Gültəkin Hacıbəyli vahid namizəd kimi, ya Müsavat başqanı isa Qəmbər, ya da AXCP sədri Əli Kərimlinin adını çəksə də, digər üzvlər razı olmayıb. Eyni zamanda, Cəmil Həsənliyə namizədlik təklif edilsə də o, təklifdən imtina edib.
İclas zamanı həm də, Şuranın layihə kimi hazırlanan memorandumu da təqdim edilib.
Bir neçə bəndlik sənəddə cənab İbrahimbəyovun prezidentliyə namizədliyinin sona kimi dəstəklənməsi, Milli Şura seçki prosesindən kənarda qalarsa, potensial namizədlərin seçkilərdə iştirak etməsi və digər bəndlər nəzərdə tutulub.
Qapalı iclasın bazar ertəsi saat 3-də başlayıb, 6-da bitməsi planlaşdırılsa da, iclas hələlik davam edir.




