Əbülfəz Elçibəy yad edilir: “Mənim kasıb prezidentim”

Azərbaycanda milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatının 13-cü ili yad edilir.
Elçibəy haqqında viki mənbələrdən məlumatlar, şəkil və videolar yayan sosial şəbəkə istifadəçiləri onun ölümünü rəhmətlə xatırlayır.
Azərbaycanın ikinci prezidenti olmuş Əbülfəz Əliyev 1992-ci ildə prezident seçilib və cəmi bir il hakimiyyətdə olub.
Elçibəy Rusiya qoşunlarının Azərbaycandan çıxarılması və Azərbaycanın müstəqil dövlət kimi tanıdılması ilə milli tarixə düşüb. Onun dövründə ilk milli valyuta dövriyyəyə buraxılıb və ali məktəblərə qəbul imtahanları test üsuluna keçirilib.
Sosial mediada təkcə bugün deyil, vaxtaşırı xatırlanan cənab Əliyev adətən "xalqını düşünən şəxsiyyət" adlandırılır.
"Ruh ölməzdir! Millətini sevənin ruhu hər zaman onunla yaşayacaq!", Rüfət Sahiboğlu qeyd edir.
Alim Mamedov adlı istifadəçi onu Facebook sosial şəbəkəsində “Mənim kasıb prezidentim” adlandırıb.
Narmin A-ova deyib ki, “qədrini bilmədik, bağışla bizi! Nur içində yat!”
“Az da olsa, səninlə azadlığı və demokratiyanı daddıq”, Zaur Abbasov yazıb.
Elçibəyin qısa tərcümeyi-halını paylaşan “Tural Mammadov” yazır ki, o, Azərbaycan tarixində xalq tərəfindən, demokratik seçkilər yolu ilə seçilən ilk prezident” olub.
Muradxanlı qeyd edir ki, “Bir fağır prezident tapmışdınız. Sağdan da döşüyürdünüz, soldan da”.
Umarov Polad onu "böyük türk” adlandırıb.
Neyman Moriarty: “Belə şəxsiyyətlər indi çətin tapılar” deyib.
Bəzi sosial şəbəkə istifadəçiləri müxalifətin mübahisəli "vahid namizəd" seçimləri ilə Elçibəy barəsində söhbətləri əlaqələndirib.
"Hətta rəhmətlik Elçibəyi belə 1998-də vahid namizəd olmağa qoymadılar...", Natiq Cəfərlinin bu fikri bir neçə dəfə paylaşılıb.
"Hummat Bakinec", "Bəy.. niyə bizi bunlara tapşırıb getdin".
@kenanbaycan12h Twitter mikrobloqunda yazıb ki, "son günlər yerin yaman görünür, Elçibəy".
Əbülfəz Əliyev 1938-ci ildə Naxçıvanın Ordubad rayonunun Kələki kəndində doğulub. 70-ci illərdə Azərbaycanda dissident siyasi fikrin nümayəndələrindən biri hesab edilir. O, 2000-ci ilin bu günü Türkiyənin Gülhanə hərbi hospitalında vəfat edib.




