İlqar Məmmədovun vəkili Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib

İlqar Məmmədov
Şəklin alt yazısı, Komissiya açıqlayıb ki, İlqar Məmmədov təcridxanada olduğundan sənədlərdə poçtun yox, təcridxananın möhürü olmalıdır

Prezidentliyə namizədliyinin qeydə alınması üçün sənədlərinin qəbulu uzadılan İlqar Məmmədovun vəkili Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib.

“MSK Məmmədovun sənədlərinin qəbul zamanını uzada bilməzdi, bu qanunsuzdur”, vəkil Xalid Bağırov BBC Azərbaycancaya deyir.

Komissiya 24 avqust iclasında açıqlayıb ki, İlqar Məmmədov təcridxanada olduğundan sənədlərdə poçtun yox, təcridxananın möhürü olmalıdır.

Əks halda, məktublar “anonim” hesab edilir. Bu səbəbdən, MSK sənədlərin qaydaya salınması üçün potensial namizədə əlavə “vaxt verib”.

Vəkil Bağırov isə bildirir ki, MSK-nın nəyi araşdırdığı “məlum deyil”.

“İndiki mərhələdə MSK-nın bu addımı qanunsuzdur. İmzatoplama mərhələsində təqdim edilən sənədlər yoxlanıla bilər”, deyən vəkil bazar günü Komissiyadan şikayət verib.

Komissiya isə təcridxanada saxlanılan şəxsin sənədlərinin oradan çıxması barədə müəssisənin məlumatlı olmalı olduğunu bildirir. Onlar həmçinin, bu barədə təcridxanaya sorğu göndərdiklərini qeyd edirlər.

Cənab Bağırov isə, sorğulara cavabın nə zaman gələcəyini “bilmədiyini” deyir.

Şikayətə 27 avqustda Bakı Apelyasiya Məhkəməsində baxılmalıdır.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-a təyin edilib.

REAL sədri İlqar Məmmədov fevralın 4-də ilin əvvəlində İsmayıllı iğtişaşlarından sonra həbs edilib.