Seçki kampaniyası başladı: ilk gün kim nə edir?

Azərbaycanda 9 oktyabrda keçiriləcək prezident seçkilərinin təbliğat kampaniyası bazar ertəsi rəsmi olaraq start götürüb.
Mərkəzi Seçki Komissiyasında namizədliyi qeydə alınan 10 namizəd bu gündən başlayaraq oktyabrın 8-ə qədər seçki kampaniyası aparacaq və seçicilərə özünü tanıdacaq.
Seçki kampaniyası başlamazdan öncə televiziyada prezidentliyə namizəd və hazırkı prezidentin təbliğatının aparıldığını iddia edən Milli Şura məsələ ilə bağlı MSK-a müraciət edəcəyini açıqlamışdı.
Bundan sonra YAP icra katibinin müavini Siyavuş Novruzov müxalifətə qarşı qarşılıqlı ittiham irəli sürüb və medianın monitorinqlərinə əsasən MSK-a şikayət edəcəyini açıqlayıb.
Namizədlər
Ölkə başçısı İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. İcra katibi Əli Əhmədov deyib ki, seçki kampaniyası dövründə İlham Əliyevin özünü təbliğ etməsinə heç bir ehtiyac yoxdur.
Bununla belə, iqtidar təmsilçiləri regionlarda mitinqlərin, seçki qabağı görüşlərin keçiriləcəyini açıqlayıb. Təbliğatın ilk günü cənab Əliyev və xanımı Mehriban Əliyeva 16 sentyabr-Bilik günü ilə əlaqədar Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimində olub. Yerli mediada “İlhamla irəli” şüarı yazılmış şəkillərin seçki stendlərinə yapışdırıldığını göstərən fotolar yayılıb.
Ümid Partiyasının sədri və deputat İqbal Ağazadənin seçki kapmaniyası plakatlarının namizədlər üçün ayrılmış stendə vurulması ilə başlayıb. Qafqazinfo.az saytına danışan partiya sədrinin müavini Aynur İmranova deyib ki, seçki kampaniyasının əsas şüarı “Dəyişək”dir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri və deputat Qüdrət Həsənquliyevin seçki təbliğatı haqda partiya sədrinin müavini Elçin Mirzəbəyli BBC Azərbaycancaya danışıb: “İctimai televizya və radioda ödənişsiz efir vaxtından istifadə ecədəyik. Seçki plakatlarının yapışdırılmasına başlanılıb. Seçki şüarımız ““Hədəfimiz Parlamentli IV respublika". Ənənəvi metodlarla yanaşı televiziya və sosial şəbəkələrdə reklam roliklərinin yayımı da nəzərdə tutulub”
Milli Dirçəliş Hərəkatı partiyasının sədri və deputat Fərəc Quliyev qafqazinfo.az saytında seçki şüarının “Biz gələcəyik” oldugunu deyib. Onun seçki platformasında “Neft pulları ölkəyə gətirilsin – sosial durum yüksəlsin - gəncər evsiz, işsiz qalmasın – oğlanlarımız didərgin düşməsin – ailələr dağılmasın – qızlarımız evdə qalmasın” kimi şüarların da olduğu bildirilir.
Deputat və öz təşəbbüsü ilə namizədliyi irəli sürmüş Zahid Oruc, iqtidaryönümlü Ana Vətən Partiyasının sədrinin keçmiş müavinidir. Mediada cənab Orucun seçkiyə nar simvolu ilə gedəcəyi haqda məlumat yayılıb.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə BBC Azərbaycancaya deyib ki, təbliğatın ilk günü İctimai radioda çıxış edəcək və seçki plakatları artıq sifariş verilib: “Vision TV ilə müqavilə bağlamışıq və televiziyadakı çıxışların hamısında özüm iştirak edəcəm. Şüarım “Vətənin dayağı-ana, müəllim, hərbiçi” şüarıdır”.
Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlunun müavini Həsrət Rüstəmov BBC Azərbaycancaya deyib ki, seçki kampaniyasının ilk günü plakatların son eskizləri nəşriyyata təqdim olunub: “Seçki şüarımız "Yeniləşmə və islahat"dır. Biz seçicilərimizlə telefon vasitəsilə və "qapıdan-qapıya" metodu ilə əlaqə yaradacağıq. SMS elanlarının da verilməsi nəzərdə tutulub.”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev BBC Azərbaycancaya deyib ki, kampaniyanın ilk günü qərbi azərbaycanlılarla görüş keçirib: “Sumqayıtda seçicilərimizlə görüşümüz olacaq və İctimai radioda çıxış edəcəm. Biz seçicilərin ayağına gedəcəyik və şüarımız da “sosial ədalətsizliyə qarşı”, “səsimizə səs verin”, rüşvətxor və camaatı incidən rüşvətxor məmurlar, korrupsiya qarşı mübarizə mövzularına həsr olunacaq”
Ədalət Partiyasının sədri və deputat İlyas İsmayılovun seçki kampaniyası haqda məlumat əldə etmək mümkün olmayıb. Azərbaycan İslam Partiyası cənab İsmayılovu dəstəkləyəcəyini açıqlayıb.
Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki kampaniyası mətbuat konfransının keçirilməsi ilə başlayıb. Bu gün İctimai Radioda keçirilən radio verilişdə cənab Həsənlinin özünün iştirak edəcəyi gözlənilir.
Televiziyada pulsuz efir
Bu gün MSK-da püşkatma mərasimi keçirilib, APA xəbər verir.
MSK sədri Məzahir Pənahov namizədlər arasında debatın həftənin cüt günləri televiziyada, tək günləri isə ictimai radioda hər dəfə 1 saat olmaqla keçiriləcəyini bildirib: "İctimai teleradioda ödənişsiz təşviqat sentyabrın 16-dan, yəni səsverməyə 23 gün qalmış başlayacaq.
"Televiziyada namizədlərin çıxışı saat 19.00-da, radioda isə 21.00-da canlı yayımlanacaq. Seçki Məcəlləsinin tələblərinə əsasən efir vaxtı bütün namizədlər arasında tam bərabər bölünəcək."
Namizədlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçən püşk atma nəticəsində debatda ilk çıxış edən Zahid Oruc olacağı dəqiqləşib. Sonra bir-birinin ardınca İlham Əliyev, İqbal Ağazadə, İlyas İsmayılov, Hafiz Hacıyev, Fərəc Quliyev, Sərdar Cəlaloğlu, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Cəmil Həsənli çıxış edəcəklər.
Namizədlərə “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinskiy raboçiy “ qəzetlərində pulsuz təbliğat aparmaq imkanı veriləcək.
Hökümət seçki təbliğatı dövründə mitinqlərin keçirilməsi ilə bağlı bütün ölkə üzrə yerlərin siyahısını açıqlayıb.
İctimai Televiziya və Radioda hər namizədə həftə ərzində 18 dəqiqə çıxış etmək imkanı veriləcək, ümumilikdə hər həftəyə bütün namizədlərə 3 saat vaxt ayrılıb.
Pullu təbliğatın aparılması ilə bağlı MSK-ya 21 informasiya agentliyi və sayt müraciət edib. Bundan başqa İctimai TV və daha iki onlayn televiziya seçki kampaniyasının qiymətlərini açıqlayıb.
Müxalifət İctimai Televiziyada ödənişli təbliğatın qiymətinin çox olduğundan <link type="page"><caption> narazı olduğunu bildirib</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/09/130906_itv_tariffs.shtml" platform="highweb"/></link>. Yerli mediada namizədlərin pullu efir vaxtından yararlana bilməyəcəyilə bağlı iddialar səsləndirilir.




