Seçki təbliğatı qiymətləri - bir saniyəyə 50 manat bahadırmı?

Mərkəzi Seçki Komissiyasında sentyabrın 2-dək müraciət edən kütləvi informasiya vasitələri ödənişli təbliğatın qiymətlərini açıqlayıb. Məlumat MSK saytında yerləşdirilib.
Prezident seçkilərinin keçirilməsinə 33 gün qalıb və təbliğat-təşviqat kampaniyası 9 gün sonra başlayır.
Komissiyanın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev BBC Azərbaycancaya deyib ki, təqdim olunan müraciət sadəcə məlumatlandırmaq məqsədi daşıyır və qanunvericiliyə görə, komissiyaya müraciət edən kütləvi informasiya vasitələrinin ödənişli efir qiymətlərinə müdaxilə etmək səlahiyyəti yoxdur.
“Bizim siyasi, qeyri-hökümət təşkilatları ilə kommersiya müqaviləmiz var və saytımızda ödənişli məlumat yerləşdiririk”, - Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud BBC Azərbaycancaya bildirib.
Cənab Ərudun sözlərinə görə, seçki öncəsi vəziyyət və namizədlər arasında mübarizənin mövcüd olmadığına görə hələ heç kim ödənişli təbliğat üçün müraciət etməyib.
“Yeni Müsavat” qəzetinin direktoru ödənişli təbliğat üçün danışıqların aparıldığını və təkliflərin verildiyini deyib.
“Seçki təbliğat kampaniyasından yararlanmağa çalışacağıq, qiymətlərimiz artmayıb və adi reklam qiyməti ilə eyni səviyyədədir. Bütün namizədlərə mövqeyindən asılı olmayaraq təbliğat üçün bərabər şərtlər təqdim edirik”, Ələsgər Süleymanov bildirib.
Mərkəzi Seçki Komissiyasının saytında İctimai Televiziyanın seçki təbliğatı qiymətləri cədvəlindən görünür ki, səhər və günorta saatlarında namizədin təbliğatının 1 saniyəsi 20-30 manat arasındadır, daha yüksək tələbat olan axşam müddətində isə 40-50 manat arasında dəyişir.
Narazılıq
Yerli mediada İctimai Televiziyanın təbliğat qiymətlərinin yüksək olmasından müxalifət təmsilçilərinin narazı olduğu bildirilir.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov Azadlıq qəzetinə efir qiymətlərinin yüksək olmasının məqsədinin müxalifətin seçki kampaniyasında iştirakının məhdudlaşdırması olduğunu bildirib.
“Hakimiyyət çoxsaylı süni alternativlər yaratmaqla, müxalifətin efir vaxtını azaltmaq məqsədini güdür. Hakimiyyət müxalifətin maliyyə imkanlarının məhdud olduğunu bilir. Azərbaycan hakimiyyətinin seçki öncəsi belə bir efir siyasəti həyata keçirməsi, təbliğat kampaniyasına vurulan zərbədir”, o deyib.
YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı BBC Azərbaycancaya İctimai Televiziyanın reklam qiymətlərinin MDB məkanında mövcud olan siyasətə uyğun olduğunu bildirib.
“Dünya televiziya məkanında seçki reklamı qiymətləri ilə müqayisə etsək, ictimai televiziyanın qiymətlərinin çox aşağı olduğunu görə bilərik. Bu normal efir siyasətidir. Təşviqat kampaniyasında seçki fondları yaradılıb və vətəndaşlar vəsait ödəyə bilərlər. Əgər müxalifətin iddia etdiyi kimi tərəfdarları varsa, həmin vəsaitdən reklamlar üçün istifadə edə bilərlər”.
Cənab Qurbanlının sözlərinə görə, müxalifətin iqtidarı efirdə seçki reklamı qiymətlərinin çox olmasında ittiham etməsinin arxasında yalnız özünü sığortalama və hər şeydən narazılıq dayanır.
BBC Azərbaycancanın İctimai Televiziya ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.
Media eksperti Rəşid Hacılı kommersiya reklamı ilə seçki reklamının qiymətlərinin müqayisə etməyin vacib olduğunu deyib.
BBC Azərbaycancaya danışan Hacılı İctimai Televiziyanın kommersiya reklamının qiymətlərini bilmədiyini qeyd edib.
“Əgər İctimai Televiziya seçki reklamından kommersiya reklamından çox pul alırsa, o zaman bu onun missiyasına xəyanət deməkdi. Çünki bu televiziya seçki dövründə insanları maksimum məlumatlandırmalıdır. Və efir qiyməti kommersiya reklamından qat-qat aşağı olmalıdı”, o deyib.
Bu arada Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov deyib ki, seçki kampaniyası dövründə İlham Əliyevin özünü təbliğ etməsinə heç bir ehtiyac yoxdur.
“Prezident seçkiləri kampaniyasında iştirak edən digər namizədlərin özünü xalqa tanıtmağa ehtiyacı var. Prezident İlham Əliyev o dövlət başçılarındandır ki, xalqa təmas onun fəaliyyətinin əsas qayəsini təşkil edir. Vətəndaşlarla sıx ünsiyyət İlham Əliyev üçün seçki elementi deyil, idarəçilik üslubudu”, partiyanın saytında cənab Əhmədova istinadla yazılıb.




