Seçkiqabağı əfv olacaqmı?

Yerli mediada seçkilərdən öncə prezidentin əfv fərmanı imzalayacağı ilə bağlı xəbərlər yayılıb. İddialara görə, əfv olunacaqlar sırasında sabiq nazirlərin adları da var.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu BBC Azərbaycancaya deyib ki, bütün hüquq müdafiəçiləri prezidentə və əfv komissiyasına müraciət edib.
“Bu müraciətdə biz Monitorinq Qrupunun öz siyahısı ilə yanaşı hələ məhkəməsi keçirilməyən NİDA-çıların, İlqar Məmmədov, Tofiq Yaqublu və islamçıların da adını qeyd etmişik”.
Bu arada həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin prezident İlham Əliyevə əfvlə bağlı müraciət etməsi barədə məlumat yayılıb.
Fərhad Əliyev bu yaxınlarda həbsdən yazdığı məktubunda oktyabrda keçiriləcək prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəyini qeyd edib.
Hüquq müdafiəçisi Cəfəroğlunun sözlərinə görə, əfvin nə zaman olacağını heç kim bilmir.
“Təbii ki, biz seçki qabağı əfvin olmasını və bütün siyasi məhbusların azad olunmasını istəyirik. Amma dəqiq əfvin Qurban bayramında, ya seçkidən sonra ya əvvəl olacağını iddia edə bilmərik. Milli barışığın olmasını və bu şəxslərin azadlıqda ailələrinin yanında olmasını istəyirik”, xanım Cəfəroğlu deyib.
Ərizələr
Bir neçə gün öncə Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Komissiyanın üzvü deputat Azay Quliyev “Mediaforum” saytına iclasda əfv üçün müraciət edən hər bir məhbusun ərizəsinə baxıldığını bildirib.
“Toplanmış ərizələrin araşdırılmasına başlamışıq. Şəxsin özü və törətdiyi cinayət haqda məlumatlar tam şəkildə araşdırılır və müzakirə olunur. Ona görə də bu iş böyük vaxt aparır” o deyib.
Quliyev əfvin nə zaman olacağı və siyahıya kimlərin adlarının olacağı ilə bağlı açıqlama vermək səlahiyyətinin olmadığını bildirib.
“Son qərarı dövlət başçısı verir. Əfv sərəncamının vaxtını və kimlərin əfv olunacağını cənab prezident özü müəyyənləşdirir”, o qeyd edib.
Deputatın sözlərinə görə, komissiyanın əsas işi əfvə düşən şəxslərlə bağlı tövsiyə xarakterli siyahı hazırlayıb prezidentə təqdim etməkdir.
“Eyni zamanda əfv haqqında sərəncam olmaya da bilər”, o əlavə edib.
Azərbaycanda sonuncu əfv fərmanı ötən il martın 15-də verilib. Bu fərmanla “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli, Ictimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi mitinq zamanı tutulan Elnur Israfilov də azad olunub. Fərman 62 nəfərə şamil olunub.
Bu ilin may ayında mərhum prezident Heydər Əliyevin 90 illiyi münasibətilə deputat və Azərbaycanın birinci ledisi Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktı qəbul olunub.




