Milli Şura seçki kampaniyasının ilk mitinqinə qərar verib

Milli Şura, etiraz aksiyası
Şəklin alt yazısı, Milli Şuranın son mitinqi avqustun 18-də keçirilib

Milli Şuranın Mitinq Komitəsinin cümə günü keçirilən iclasında mitinqin yeri və vaxtı ilə bağlı yekun razılıq əldə olunub.

BBC Azərbaycancaya danışan komitənin sədri Asəf Quliyevin sözlərinə görə, mitinqin gələn həftə Yasamal rayonunda Qələbə kinoteatrının arxasındakı stadionda keçirilməsi qərara alınıb.

"Mitinq üçün hökümətin təqdim etdiyi siyahıya baxmışıq və bu yeri seçmişik. Digər partiya nümayəndələri ilə birgə keçirilən toplantıda yekun qərar verilib."

Eyni zamanda Yeni Azərbaycan Partiyası (YAP) seçki kampaniyası dövründə regionlarda mitinq keçirmək istədiyini açıqlayıb, bu barədə Modern.az saytı məlumat verir.

"Yeni Azərbaycan Partiyası cənab prezident İlham Əliyevin seçki təbliğatı ilə əlaqədar olaraq bölgələrdə görüşlər keçirəcək. Partiyanın fəalları, Siyasi Şura, İdarə Heyəti üzvləri və partiyanın digər sayılıb-seçilən insanları təbliğatla əlaqədar yerlərə gedəcək, görüşlər, mitinqlər keçirəcək", YAP İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimovdan sitat gətirilir.

Asəf Quliyev deyib ki, Milli Şuranın mitinqinə hazırlıqlar başlayıb, bütün şüarlar və bayraqlar hazırdır.

"Bircə Cəmil Həsənlinin böyük plakatını hazırlamaq qalıb. Mitinqin fərqli olması üçün çalışırıq. Mitinqə 20 min adam çıxarılması nəzərdə tutulub."

Cənab Quliyevin sözlərinə görə, mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə sentyabrın 16-da müraciət olunacaq, "çünki rəsmi olaraq həmin gün seçki kampaniyası başlayır və Cəmil Həsənlinin Londondan gəlməsini gözləyirik."

"Budəfəki mitinqin fərqli olmasına çalışacağıq", o əlavə edib.

Milli Şuranın son mitinqi <link type="page"><caption> avqustun 18-də keçirilib</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/08/130819_national_council_protest_18.shtml" platform="highweb"/></link>. Şura mitinqdə 6-8 min adamın iştirak etdiyini bildirib.