Seçki: ATƏT-in hesabatı, Bakının reaksiyası

Bakı
Şəklin alt yazısı, ATƏT/DTİHB hesabatında deyilir ki, “qarşıdan gələn seçkilər bir siyasi qüvvənin hegemonluğu ilə keçiriləcək”

Azərbaycanda hakimiyyət ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) Seçki Müşahidə Missiyasının ilk Aralıq Hesabatına reaksiya verib.

Ancaq reaksiya bu hesabatın heç də bütün iddialarına cavab vermir.

Məsələn, hesabatda deyilir ki, “qarşıdan gələn seçkilər bir siyasi qüvvənin hegemonluğu ilə keçiriləcək”.

Bu da qeyd olunur ki, beynəlxalq hesabatlara əsasən 2012-2013-cü ildə ifadə və sərbəst toplaşma azadlığını, həmçinin vətəndaş cəmiyyətinin fəaliyyətini daha da məhdudlaşdıran qanunvericilik dəyişlikləri qəbul olunub.

Seçki Müşahidə Missiyasının hesabatında həmçinin bildirilir ki, parlamentdə təmsil olunan ikinci böyük fraksiya müstəqil deputatlardan ibarətdir, lakin bu müstəqil fraksiya, adətən hakim partiyanı dəstəkləyir.

Hesabat həmçinin xatırladır ki, Müsavat və AXCP kimi müxalifət partiyaları parlamentdəki təmsilçiliklərini 2010-cu ildə itiriblər.

Mərkəzi Seçki Komissiyasının reaksiyasında cavabsız qalan digər bir məsələ də müxalifətin REAL hərəkatından prezidentliyə namizəd kimi irəli sürülmüş şəxsin hazırda həbsdə olması və məhkəməsini gözləməsidir.

Sərbəst toplaşma

Missiyanın hesabatında bildirilir ki, Azərbaycan hakimiyyəti şikayətlərə baxılması müddətinin qısaldılmasından başqa, ATƏT/DTİHB-in əvvəlki tövsiyələrindən heç birini qəbul etməyib.

MSK bu iddianı qəbul etmir və bildirir ki, “2010-cu il parlament seçkilərindən sonra ATƏT/DTİHB-nin heç bir tövsiyəsinin (şikayətlərin baxılması dövrünün azaldılması istisna olmaqla) düzəlişlərdə əksini tapmaması ilə bağlı bildirmək istərdik ki, 2010-cu ildə verilən 17 tövsiyədən 12-si qəbul edilmişdir.

Bu haqda məlumat MSK-nın sədri tərəfindən ATƏT/DTİHB-nin direktoru cənab Janez Lenarçiçə cari il avqustun 12-də ünvanlanmışdır”.

ATƏT/DTİHB hesabatında tövsiyələr barədə irəli sürülmüş iradlardan dərhal sonra gələn hissə də cavabsız buraxılıb.

Həmin hissədə isə deyilir: “Sərbəst toplaşma və vətəndaş cəmiyyətinin işini tənzimləyən qanunlara son vaxtlarda edilmiş dəyişikliklər, icazə verilməmiş nümayişlərin təşkili və bu tədbirlərdə iştirak da daxil olmaqla ictimai asayişin pozulmasına görə sanksiyaları artırıb, QHT-lərin fond alması üçün bürokratik əngəllər yaradıb və bu qaydalara əməl etməmək üstündə cərimələri yüksəldib”.

ATƏT/DTİHB hesabatında həmçinin bildirilir ki, “bütün seçki komissiyaları tərkibinin üçdə biri parlament çoxluğunun, azlığının və müstəqil deputatların təklif etdikləri nümayəndələrdən ibarətdir, bütün seçki komissiyalarının sədrləri parlament çoxluğu tətəfindən təyin edilir. Beləliklə, de-facto parlament çoxluğu həm də komissiyalarda qərarlar qəbul edən çoxluqdur”.

Əslində, bu ATƏT və Venesiya Komissiyası da daxil olmaqla, bir çox beynəlxalq təşkilatlar tərəfindən illərdir ki, tutulan iraddır və Azərbaycan rəsmiləri də bu irada illərdir ki, verdikləri izahatı təkrar etməklə cavab veriblər.

“Seçki komissiyalarının təşkili formulası ilə bağlı bildirmək istərdik ki, Azərbaycan tarixində 2000-ci ildə ATƏT/DTİHB-nin tövsiyələrinə tam uyğun olaraq, parlamentdə təmsil olunan müxalifət və iqtidar partiyalarının paritet təmsilçiliyi əsasları ilə seçki komissiyaları formalaşmışdır. İndiki müxalifətdə olan siyasi partiyalar bu paritetdən MSK-nın işini boykot etmək üçün istifadə etmişlər. MSK-nın üzvləri qanunla tələb edilən kvorumun olmadığına görə qanunla müəyyən edilmiş müddətlərdə müvafiq qərarları qəbul edə bilməmişlər və MSK iflic vəziyyətinə düşmüşdür.

ATƏT/DTİHB-nin o vaxtkı direktoru Jerar Studmanın müxalifət liderlərinə konstruktiv mövqedən çıxış etmək çağırışları ilə məktubların göndərilməsinə baxmayaraq, boykot davam etmiş və Konstitusiya ilə müəyyən edilən müddətlərin pozulması təhlükəsi yaranmışdır. Seçki komissiyalarının təşkili formulası bundan sonra Milli Məclis tərəfindən təkmilləşdirilmişdir”.

Müşahidəçilər belə cavabın qənaətbəxş olmadığını ən azı onunla bağlayırlar ki, seçkilərin bütün mərhələləri üçün müddətlər bu yaxınlarda daha da qısaldılıb və indiki Azərbaycan parlamentində hakimiyyətin “radikal müxalifət” adlandırdığı partiyaların, ümumiyyətlə nümayəndələri yoxdur.

Rəsmi cavabda məhdudiyyətlərin artırılması kimi qəbul oluna biləcək qaydalar “təkmilləşdirmə” adlandırılır.

Prezidentin təhsili

Hesabatda həmçinin bildirlir ki, prezidentliyə namizədin mütləq ali təhsilli olması barədə qoyulmuş şərt də yersiz məhdudiyyət təsiri bağışlayır.

MSK namizədlər arasında qadınların olmaması barədə qeydə xeyli müfəssəl cavab verilib.

“Qadın namizədin irəli sürülməməsi ilə bağlı bildiririk ki, gender bərabərliyi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi ilə təmin edilmişdir. Qadınlar həm parlamentdə, həm də Azərbaycan hökumətinin və məhkəmə hakimiyyətinin tərkibində geniş təmsil olunmuşlar. Bu seçkilərdə də qadınların passiv seçki hüququndan istifadə etmələri üçün hər cür şərait yaradılmışdır. Qadınların yaradılan bu imkanlardan istifadə etməmələrinin hesabatda vurğulanması ən azı anlaşılmazdır. Yeri gəlmişkən, Avropa ölkələrindən indiyədək qadın dövlət başçısı olmayan bir çox nümunələr göstərmək olar”.

Lakin bu müfəssəl cavabdan sonra ATƏT/DTİHB-in Milli Şuranın nümayəndəsi Rüstəm İbrahimbəyovun namizədliyi ilə bağlı qeydlərə də heç bir reaksiya verilməyib.

Media

ATƏT/DTİHB-nin hesabatında həmçinin Azərbaycanda seçki ərəfəsində medianın vəziyyətindən söhbət açılır.

Sənəddə bildirilir ki, “kommersiya sirləri və iqtisadi maraqların qorunması” adı ilə qanunlara edilmiş dəyişikliklər, həm də medianın informasiyaya girişini son dərəcə məhdudlaşdırıb.

Hesabatda bu da vurğulanır ki, ölkədə defamasiya hələ də cuinayət əməli hesab edilir və buna aid Cinayət Məcəlləsi maddəsində üç ilədək həbs cəzası nəzərdə tutulub.

Bu da vurğulanır ki, qanun dəyişiklikləri vasitəsi ilə defamasiyanın kriminallaşdırılması artıq internet məkanına da şamil edilir və bu dəyişikliklər bir sıra jurnalistlərin və sosial şəbəkə fəallarının hazırda həbsxanada saxlanmasına imkan yaradıb.

Bu hissədə həmçinin deyilir ki, bütün televiziya kanalları hakimiyyətin nəzarətindədir.

MSK hesabatın məhz televiziya hissəsinə aydınlıq gətirməyə çalışıb.

“Bütün televiziya kanallarının hökumətin nəzarəti altında olması ilə bağlı irada gəldikdə, seçkiləri müşahidə missiyasının nəzərinə çatdırmaq istərdik ki, Azərbaycanda bir dövlət televiziya kanalı, bir ictimai televiziya kanalı və 33 özəl televiziya kanalı (5 ölkə səviyyəli, 14 regional və 14 kabel) fəaliyyət göstərir. Belə bir qənaətə gəlinməsinə əsas verən əldə olan faktların və ya buna şərait yarada biləcək qanunların adlarının MSK-ya təqdim olunmasını istərdik”.

Azərbaycan hakimiyyəti, hesabata cavab reaksiyasında ATƏT/DTİHB-nin özünü şəffaflığa dəvət edir.

“Aralıq Hesabatında təəccübə səbəb olan anlaşılmazlıqlar seçkiləri müşahidə missiyasının bu istiqamətdə fəaliyyətinin (seçki günü aparılan müşahidə də daxil olmaqla) daha da şəffaf qurulmasına zərurətin olması təəssüratı yaradır. Hesab edirik ki, müşahidəçilərin seçki gününə dair rəylərinin seçkilərdən dərhal sonra ayrı-ayrılıqda ATƏT-in internet saytında yerləşdirilməsi ilə bağlı cəmiyyətdə tez-tez səslənən təklifin nəzərə alınması missiyanın fəaliyyətinə ictimai etimadın artırılması baxımından faydalı olardı”.