Seçkilər: ödənişsiz qəzet materiallarının yayımı bu cümə başlayır
"Azərbaycan" qəzetinin redaksiyasında rəsmi qəzetlərdə prezidentliyə namizədlərin pulsuz təbliğatının aparılması ardıcıllığını dəqiqləşdirmək üçün püşkatma mərasimi keçirilib.
Bunu qəzet redaksiyasının püşkatma komissiyasının sədri, qəzetin parlament və siyasət şöbəsinin müdiri İxtiyar Hüseynov BBC Azərbaycancaya deyib.
Onun sözlərinə görə, qəzetdə həftənin cümə, şənbə, bazar günləri yarım səhifə olmaqla 10 namizədin təbliğat yazıları çap olunacaq.
"... püşkatmanın nəticələrinə görə ilk cümə axşamı İlyas İsmayılovun və Fərəc Quliyevin təbliğat yazısı dərc olunacaq. Bundan sonrakı günlər hər günə 4 namizədin təbliğat materialı yayılacaq."
Cənab Hüseynovun sözlərinə görə, ardıcılığa uyğun olaraq İlham Əliyev, Qüdrət Həsənquliyev, İqbal Ağazadə, Cəmil Həsənli şənbə günü, Sərdar Cəlaloğlu, Zahid Oruc, Araz Əlizadə, Hafiz Hacıyev haqda təşviqat yazısı dərc olunacaq.
"Bütün namizədlərin səlahiyyətli nümayəndələri bizim bölgü prinsipimizdən razı qaldılar. Qeyd edim ki, sıralama hər həftə eyni olmayacaq. Yəni ötən həftə alt hissədə materialı gedənin gələn həftə üst hissədə təbliğat yazısını çap edəcəyik. Heç bir namizədin hüququnun pozulmaması üçün uğurlu tapıntı olduğunu namizədlərin səlahiyyətli nümayəndələri də bildirdilər".
Qəzetin nümayəndəsi bölgü üsulunun eynisini digər 3 rəsmi qəzetdə - "Xalq qəzeti", "Respublika" və "Bakinskiy raboçiy" qəzetində müəyyənləşməsi üçün səlahiyyətli nümayəndələrə MSK-a müraciət etməyi məsləhət görüb.
“Artıq mən bildiyimə görə, “Xalq qəzeti” eyni meyarın püşkaatmadan qəzetə tətbiq olunmasına ilkin razılığını verib", o deyib.
Qeyd edək ki bu il prezident seçkilərində rəsmi olaraq 10 nəfərin namizədliyi təsdiqlənib. Seçki kampaniyası dünəndən start götürüb.
Namizədlərin İctimai Radioda ilk debatı dünən keçirilib.
Ödənişsiz təbliğat İctimai Televiziya və Radio, "Azərbaycan", "Respublika", "Xalq qəzeti" və "Bakiskiy raboçiy" qəzetlərində oktyabrın 7-dək aparılacaq.
Televiziya və radio çıxışları bir gün ara verməklə 3 həftə boyunca davam edəcək.




