Namizədlərin teledebatında Amerikaya yönəlik ittihamlar səsləndirildi

Sentyabrın 21-də İctimai Televiziyada prezidentliyə namizədlərin növbəti debatı keçirilib.
Debatda namizədlərin bir hissəsi ABŞ-ın Azərbaycandakı siyasətini tənqid etməyə yönəlik çıxışlar edib, digərləri Əbülfəz Elçibəyin hakimiyyəti dövründə müxalifətin siyasi durumu haqqında danışıb və bu, namizədlər arasında disskusiya mövzusuna çevrilib.
İlk çıxış edən namizəd Zahid Oruc və prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov <link type="page"><caption> son debatda olanlarla bağlı</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2013/09/130920_debates_row.shtml" platform="highweb"/></link> Hafiz Hacıyev və Cəmil Həsənlidən xalqdan üzr istəmələrini tələb ediblər.
İqbal Ağazadə və Cəmil Həsənli çıxışının bütün 6 dəqiqəsini bitirəndən sonra studiyanı tərk ediblər. Cənab Oruc, cənab Hacıyev və cənab Novruzov cənab Həsənlinin studiyanı tərk etməsinə narazılıq ediblər və ona yönəlik suallar səsləndiriblər.
Cənab Oruc çıxışında Cənab Həsənlinin Azərbaycan hakimiyyətini korrupsiyada ittiham etməsi ilə bağlı məsələlərin əslində dövlətə qarşı yönəldiyini bildirib.
"Mən burada İlham Əliyevi deyil, dövlətin maraqlarını müdafiə edəcəm. Hamı bilir ki, indi müharibələr tankla, topla deyil, informasiya ilə aparılır. Bu müharibədə "toplar" CNN, BBC kimi gigant informasiya orqanlarıdır.
"2011-ci ildə Barack Obama Türkiyəyə gəldi, Ermənistan və Türkiyə arasında sərhədlərin açılması məsələsi müzakirə olunurdu. İlham Əliyev ora getmədi. Bunun ardınca Amerika mediasında prezidentin oğlunun Dubay mülkləri, Vircin adalarında ofşor şirkətləri və digər materiallar yazıldı. Dövlətlə vətəndaşı belə qarşı-qarşıya qoydular.”
Cənab Novruzov debatların sivil qaydada aparılmasından danışıb və cənab Həsənlinin “indiki iqtidarın korrupsiyaya bulaşdığı” haqda sözlərini şərh edib:
"Onun bu sözləri heç bir mənbəyə əsaslanmır. Korrupsiyadan ən çox bəhrələnən Cəmil Həsənlinin özüdür. Gələn dəfə Cəmil Həsənlinin Fərhad Əliyevin vaxtında özəlləşdirdiyi obyektlərin sənədlərini göstərəcəyik. Baxın görün universitet müəllimi bu qədər obyektə necə sahib olub. Müxalifətçilərin övladları hamısı xaricdədir, ordan ATƏT-ə, ABŞ Dövlət Departamentinə danoslar edirlər."
Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanın aqrar sektorunun inkişafında yaranmış problemlərdən danışıb və regionların maksimum 98 faiz dövlət büdcəsindən verilən dotasiya hesabına dolandırıldığını deyib.
Ədalət Partiyasının sədri İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mais Gülalıyev təmsil etidiyi namizədin fərqli cəhətlərindən danışacağını desə də, sonradan Amerikanın Azərbaycandakı siyasətii tənqid edib.
"Amerika Azərbaycanla bağlı siyasəti ölkəmizin iqtisadiyyatı, maliyyə sistemini ələ keçirməkdən ibarətdir. Neft gəlirlərinin ölkə xaricində saxlanılmasının səbəbi məgər o deyilmi ki, Beynəlxalq Valyuta Fondu bu gəlirlərin xərclənməsi üçün xüsusi məhdudiyyətlər nəzarətlər qoyub. Azərbaycanın iqtisadiyyatında, televiziyada mənəviyyatımızla bağlı baş verən hadisələr hamısı böyük dövlətlət tərəfindən nəzarətdə saxlanılır."
Elçibəy debatı
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev xalqdan üzr istəyəcək heç bir qəbahət etmədiyini bildirib.
“Biz Elçibəy hakimiyyəti dövründə bir komandanın üzvləri olmuşuq. O vaxtı qızlarımızdan, gəlinlərimizdən 8 ton qızıl yığıldı ki, orduya silah-sursat alınsın. O qızıllar yoxa çıxdı. Mən niyə həqiqəti xalqıma çatdırmalı deyiləm? Elçibəy hakimiyyəti dövründə bunların nə etdiyini insanlar bilməlidirlər. İndi Xocalını satan hakimiyyətin təmsilçiləri gəlib bu soyqırımı dünyaya tanıdan adama qarşı kampaniya aparır?”
Milli Demokratik Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “prezident ölkənin atributudur” deyərək cənab Əliyevin ünvanına səslənən tənqidlərə etirazını bildirdi.
“Elçibəy hakimiyyəti dövründə 4 qrupun əhatəsində olub. Bunlardan biri də Yurd Qrupu idi. Bu qrup Elçibəyə qarşı idi və Cəmil Həsənli bu qrupun üzvü idi. İndi ona hücum etmək üçün Elçibəyin addını hallandırmaq doğru deyil. Dünyasını dəyişmiş adam haqqında bu söhbətləri açmağın nə mənası var?”.
Cənab Quliyev xarici dövlətlərlə balanlı siyasət aparacağını və ATƏT-in Minsk Qrupunda Rusiya, Fransanın Türkiyə, Gürcüstan, yaxud da Moldova ilə əvəz olunmasının önəmindən danışıb.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, prezidentliyə namizəd olan 10 nəfərin içərisində beş nəfər Elçibəy hakimiyyətini təmsil edib.
"Əgər Əbülfəz Elçibəy komandası cinayət törədibsə, necə olub ki, bu xalq onun komandasına daxil olan 5 nəfəri seçib prezidentliyə namizəd edib? Bu ucuz şoularda onun adını hallandırmaq lazım deyil.
"Ən böyük problem korrupsiyadır. Ölkəni darə edənlər korrupsiya ilə məşğuldurlar. Bu da neft bumu və özəlləşdirmə ilə əlaqəlidir. Ona görə korrupsiyaya qarşı yox, həm də korrupsionerə qarşı mübarizə aparacağıq."
"Müxalifət nümayəndəsiyəm, amma..."
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə peşəkar ordunun yaradılması məsələsinə toxunub və Dağlıq Qarabağın müharibə yolu ilə alınmasından danışıb:
“Milli Şuranı xaricdən maliyyələşdirirlər. Bu qüvvələr Yeltsinin vatında da Rusiyada at oynadıblar. Amma Putin gəldi və onlara yerini göstərdi. Müxalifət nümayəndəsiyəm, ancaq prezidentin xarici siyasəti ilə razıyam. Çünki Azərbaycan böyük qardaş axtarmır, ona bərabərhüquqlu dostlar lazımdı. Sosial təminatlı dövlət quracağıq.”
Bütöv Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev cənab Həsənlinin kitablarından danışıb və onun indiki iqtidara 180 dərəcə dəyişdiyini deyib:
“Cəmil müəllim burda aqressiv çıxışlar edir, amma 2013-cü ildə yazdığı və Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətinə həsr olunmuş kitabında Heydər Əliyevi ümummilli lider adlandırır. Bunu necə başa düşmək olar?”.
Cənab Həsənquliyev seçki platformasında təhsilə önəm verdiyini və insanların təhsil kreditlərindən yararlanması üçün imkanlar yaradacağını söz verib.
Milli şuranın əsas namizədi Cəmil Həsənli çıxışının başlanğıcında cənab Həsənquliyevə kitabını təqdim edib və “gələn debatlarda mənə qarşı istifadə etmək üçün material olsun” deyib.
"Mənim keçən dəfə səsləndirdiyim fikirlər burda ciddi rezonans doğurdu. Mənim suallarım İlham Əliyevədir. O ölkə başçısı olmaqla bərabər həm də prezidentliyə namizəddir və gəli burada xalq qarşısında hesabat verməlidir. Ölkədən çıxarılan pullar və digər məsələlər haqqında suallar açıq qalıb.
"Sivil dünyanın qaydaları belədir. Ümid edirəm, Siyavuş Novruzov hüquqşünasdı və buna münasibət bildirəcək. Normal ölkədə yaşasaydıq bütün bu faktlar açıqlandırqdan sonra Əliyevin namizədliyi ləğv olunmalı idi."
Seçki kampaniyası sentyabrın 16-dan başlayıb. Həftənin cüt günləri İctimai Televiziyada prezidentliyə namizədlərin ödənişsiz efir vaxtıdır və teledebat şəklində təşkil olunmuş proqram canlı yayımlanır.
Azərbaycanda prezident seçkilərin oktyabrın 9-da keçiriləcək.




