MSK Həsənli və Hacıyevə xəbərdarlıq edib

Canlı yayımda prezidentliyə namizədlər arasında baş verən qalmaqaldan sonra Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin səlahiyyətli nümayəndəsi və Cəmil Həsənli baş verənlərlə bağlı qarşılıqlı ittihamlarla MSK-ya müraciət ediblər.
MSK Milli Şuranın əsas namizədi Cəmil Həsənliyə ciddi xəbərdarlıq Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə isə xəbərdarlıq verib.
Əli Əhmədov Həsənlinin çıxışında prezidentin ünvanına təhqirlərin səsləndirildiyini və komissiyanın buna münasibət bildirməsini, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib. Milli Şuranın namizədi Hafiz Hacıyevin cəzalandırılmasını və İTV-nin aparıcısının ona pulsuz ödəniş vaxtından istifadə etməyə imkan vermədiyinə, buna görə ayrıca çıxış etməsi üçün imkan yaradılmasının zəruriyyəti ilə bağlı müraciət edib.
“Bu qərarın verilməsində komissiya üzvlərini günahlandırmıram. Günah 2003-cü ilə baş verən hadisələrdən sonra namizədlərin ayı-ayrılıqda çıxışına imkan verilmədi və Seçki Məcəlləsində dəyişiklik edildi. Cəmil müəllimi müzakirəyə dəvət etməyiblər, biz lazım olan sübutları bu gün MSK-ya gətirsək də, aşağıda məni gecikdirdilər”, Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlı deyib.
Onun sözlərinə görə, Hacıyevin hərəkəti öncədən planlaşdırılmışdı. “Cəmil Həsənli İlham Əliyevin özünün televiziya debatlarında iştirak etməsini və sorğulara cavab verməsini istəyib. Sonra prezidentin gəlir bəyənnaməsinin və ailə üzvlərinin gəlirləri haqqında məlumat verməsini şəffaqlıq naminə açıqlanmasını istəyib. Burda hansı təhqir elementi var?”.
MSK-nın üzvü Ramiz Əsədov prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun teledebatda cənab Həsənlinin ölkə başçısının şərəf və ləyaqətini təhqir etdiyinə görə Konstitusiyanın 106-cı maddəsinə əsaslanan şikayətinin qismən təmin olunduğunu açıqlayıb.
“Komissiya 2 qrup beynəlxalq müşahidəçilərin iştirakı ilə, amma müraciət edənlərin şəxsi iştirakı olmadan bu məsələni müzakirə ediblər. Məsələ ilə bağlı komissiyanın mətbuat qrupunda müəyyən pozuntularla bağlı öz iclasında müzakirə aparıb və teledebatın video yazısı tədqiq edilib”.
Ümid Partiyasının MSK-dakı nümayəndəsi Akif Qurbanov Həsənlinin ciddi xəbərdarlıq haqqında qərarın düzgün olmadığını bildirib.
Qərar
Cənab Əsədovun sözlərinə görə, cənab Əhmədov məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər, lakin MSK “bu hal ilk baş verdiyindən və seçki kampaniyasının psixoloji gərginliyini” nəzərə alaraq hər iki namizədə xəbərdarlıq etməklə kifayətlənib.
MSK Milli Şuranın prezidentliyə namizədinin İTV-də debat zamanı Hacıyevin onun çıxışına mane olması və bununla təşviqat üçün ayrılmış 25 saniyədən istifadə edə bilməməsi haqda iddiasını məhkəməyə yönəldə biləcəyi haqda qərar verib. Komissiya həmçinin prezidentliyə namizədlərə televiziyada çıxış zamanı sui-istifadə hallarına yol verməməsi və seçki təşviqatı ilə ilgili danışmaq haqda namizədlərə yenidən məlumatın verilməsini zəruri sayıb.
MSK-nın qərarında İTV-yə dəyirmi masa üçün daha münasib üsulların axtarılması tövsiyyə edilir və şirkətin işgüzar nüfuzuna zərər dəyməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun izah edilməsi haqda qərar qəbul edilib.
MSK sədri Məzahir Pənahov qərara emosiyalarla yanaşmağın lüzumsuz olduğunu deyib.
Sentyabrın 19-da İTV-də televiziyada keçirilən canlı debatda prezidentliyə namizəd Hafiz Hacıyev Cəmil Həsənlinin çıxışına müdaxilə edib, ailəsi barədə danışmağa başlayıb və bundan sonra Həsənlinin üstünə plastmas su butulkası atıb. İqtidarın səlahiyyətli nümayəndəsi Əli Əhmədov Milli Şuranın namizədinin çıxışını tənqid edib.
İTV açıqlama yayaraq Cəmil Həsənlinin ödənişsiz vaxtından da artıq çıxış edib və televiziyanın işgüzar nüfuzuna zərər vurduğunu deyib.




