Prezidentliyə namizədlərin Facebook təbliğatı necə gedir?

Facebook

Prezidentliyə namizədlərdən bəziləri hələ seçki kampaniyası başlamadan öncə sosial şəbəkələrdə təbliğat aparacaqlarını açıqlayıblar.

Gənc fəal Bəxtiyar Hacıyev seçki kampaniyası başlamadan öncə sosial şəbəkələrdə namizədlərin ödənişli təbliğatının aparılması üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.

“Belə aydın oldu ki, Facebook kütləvi informasiya vasitəsi sayılmır. Mən sadəcə diqqət çəkmək istəyirdim ki, istənilən saytda xəbəri 50-60 dəfə oxuyurlarsa, Facebook-da bu məlumatı 50-60 min adam görə bilər”, - BBC Azərbaycancaya danışan Hacıyev MSK-dan müraciətinə cavab gəldiyini bildirib.

Cənab Hacıyevin fikrincə, şəbəkədə təbliğat materialı ucuz başa gəlir və seçicilərin reaksiyasını görmək olur.

“Mənə komissiyadan dedilər ki, sosial şəbəkədə təşviqat işinə nəzarət edə bilmərik. Ona görə bu məsələ mübahisəli qaldı”.

Gənc fəalın sözlərinə görə, Facebook-da yazdığı tənqidi statusa görə kimsə işdən çıxarılırsa, bu o deməkdir ki, sosial şəbəkənin də hüququ əsasla cəzalandıra bilirlər.

“O zaman niyə təbliğat üçün eyni standartlar tətbiq olunmur”, deyə o sual edib.

Şəbəkələrin monitorinqi

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev modern.az saytına deyib ki, Hacıyevin müraciəti electron poçt vasitəsilə edib.

“Amma bu rəsmi sənəd sayıla bilməz. Sosial şəbəkələrin monitorinqinin həyata keçirilməsi isə praktiki olaraq mümkün deyil”.

Facebook-da “Ağ Yol” adlı qrupun Əliyevin təbliğatına iyul ayının birindən başladığı haqda bəyanat verib.

APA-nın məlumatına görə, 540 min üzvü olan qrup 128 min insanı birləşdirən bir səhifə yaradıb və Əliyevin açıq təbliğat kampaniyasına başladığını elan edib. Qrup Əliyevin seçki kampaniyasını “DAVAM” şüarı altında davam etdirəcəyini bildirib və qırmızı fonda yazılmış bu şüarı ictimaiyyətə təqdim edib.

“Facebook” ünvanları

Ümid Partiyasının sədri və prezidentliyə namizəd İqbal Ağazadənin mətbuat xidməti seçki kampaniyası başlamadan öncə onun adına Facebook-da saxta profillərin açıldığını bildirib.

“Bu onu göstərir ki, saxta profilləri yaradanlar həmin profildən təbliğat kampaniyası dövründə prezidentliyə namizəd İqbal Ağazadəyə qarşı ciddi təxribat törətmək, onun əleyhinə piar aparmaq, dezinformasiyalar yaymaq , sosial şəbəkədə seçicilər arasında çaşqınlıq yaratmaq məqsədini güdür”.

Seçki kampaniyası ərəfəsində cənab Ağazadənin öz profilində “Facebook” və “Twitter”də ona verilən sualları cavablandıracaq.

Qafqazinfo.az saytının məlumatına görə, sualların cavabları video şəklində hazırlanacaq və eyni adlı sosial şəbəkələrdə paylaşılacaq.

Hazırkı prezident və namizəd İlham Əliyevin Facebook səhifəsində onun Qubada Azərbaycan Milli Qolf Klubunun açılışı zamanı Birinci Ledi Mehriban Əliyeva ilə çəkilmiş şəkli paylaşılıb.

Bütöv Xalq Cəbhəsi Partiyasının sədri və prezidentliyə namizəd Qüdrət Həsənquliyev seçki kampaniyası başlamadan bir neçə gün əvvəl Facebook-da özünə səhifə açıb. 21.500 nəfər tərəfindən bəyənilən səhifədə cənab Həsənquliyevin televiziya debatlarında çıxışları və seçki platformasından hissələr paylaşılıb.

Prezidentliyə namizədliyini öz təşəbbüsü ilə irəli sürən Zahid Orucun Facebook profili və səhifəsi var. Səhifəsində onu 14 min 370 nəfər bəyənib. Səhifədə debatlarda çıxışlar, platformadan hissələr və seçki şüarlarının şəkilləri yayılıb.

Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadənin Facebook-da profili var, amma profil səhifə kimi fəaliyyət göstərmir. Namizəd burada debatlarda çıxışı və seçkilərlə əlaqəli işlərinin xəbərlərini paylaşır.

Ədalət Partiyasının sədri, prezidentliyə namizəd İlyas İsmayılovun Facebook səhifəsi var, amma profil kimi fəaliyyət göstərmir. Səhifədə onun seçkilərlə bağlı platformasından hissələr və seçki kampaniyası fəaliyyəti haqda xəbər saytlarından materiallar paylaşılıb.

Milli Şuranın əsas namizədi Cəmil Həsənlinin Facebook-da səhifəsi var və 2 min 131 nəfər tərəfindən bəyənilib. Digər bir səhifədə onun “Bəsdir” seçki şüarı qırmızı fonda və namizəd haqqında ingilis dilində məlumat var. Səhifəni 8 mindən çox istifadəçi bəyənib.

Müasir Müsavat Partiyasının sədri və prezidentliyə namizəd Hafiz Hacıyevin sosial şəbəkədə səhifəsi var. Səhifə 159 istifadəçi tərəfindən bəyənilib və ən son məlumat avqustun 21-də paylaşılıb.

Milli Dirçəliş Hərəkatı Fərəc Quliyev özünün profili olmasa da, hərəkatın səhifəsini 619 nəfər bəyənib. Seçki ilə bağlı Quliyevin çıxışları və platformasının hissələri bu səhifədə paylaşılır.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Facebook-da nə özünün, nə də partiyasının səhifəsi var.