Gülər Əhmədova həbsinə görə jurnalistləri günahlandırıb

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın işi üzrə ilk məhkəmə prosesi keçirilib.

Jurnalist Pərvanə Bayramova BBC Azərbaycancaya deyib ki, proses kiçik zalda keçirilib və jurnalistlər məhkəmə başlayandan sonra içəri buraxılıb.

Dövlət ittihamçısı Eldar Həmzəyev ittiham aktını elan etdikdən sonra Gülər Əhmədova sərbəst ifadə verib və "özünü təqsirli bilmədiyini" vurğulayıb.

Xanım Əhmədova deyib ki, tutulmasının səbəbi "jurnalistlərdir".

“Mən onların heç birinə reaksiya vermirəm. Vicdanlarına və Allaha buraxıram. Yaza-yaza hadisələri bir ananın həbs olunmasına gətirib çıxardılar. Jurnalistlərdən xahiş edirəm, nə deyirəm, onu yazsınlar. Ya da proses jurnalistlərsiz keçirilsin”, APA Gülər Əhmədovadan sitat gətirir.

Deputat mandatından imtina etməsi barədə danışan Əhmədova deyib ki, mediada videolar yayıldıqdan iki gün sonra Mərkəzi Seçki Komissiyasına müraciət edib.

"Demokratiya naminə"

“Mən bu addımı demokratiya naminə atdım. Təəssüf edirəm ki, heç kim bunu demokratik addımı kimi nəzərə almadı”.

Sabiq deputat deyib ki, hər gün "7-8 dərman" qəbul edir.

"Bu dərmanların təsirindən məni yuxu basır və anlaqsız vəziyyətə düşürəm”.

Xanım Əhmədova deyib ki, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru və qalmaqallı videoların müəllifi Elşad Abdullayevla yalnız bəzi dövlət tədbirlərində qarşılaşıb, Sevinc Babayevanı isə Yeni Azərbaycan Partiyasının qurultayında tanıyıb.

“Mənim onunla elə də yaxın münasibətim olmayıb. Məndən qohumları ilə bağlı yardım istəyib, mən də kömək etmişəm”.

Parlamentdə yer üçün 1 milyon dollar tələb etməsi təsəvvürü yaradan videolar haqqında danışan xanım Əhmədova deyib ki, bu videolar "montajdır".

“Elşad Abdullayevlə bağlı o zamanlar mənə şikayətlər edilirdi. Sevinc Babayeva da bu məsələlərlə bağlı mənə müraciət etmişdi. Sevinc seçki vaxtı mənim rəsmi vəkilim olmayıb. Mən Elşadla Sevincin pulunu qaytarmaq barədə danışmaq üçün görüşmüşəm”.

"Tragikomik"

Sabiq deputatın sözlərinə görə, Sevinc Babayeva və Elşad Abdullayevin çox yaxın olublar.

“Elşad mənə müraciət edərək deyir k, gizli videoları çıxarım. Mənim isə heç bir gizli videom yoxdur. Elşad oturub Fransada, elə bil naz atır. Sevinc də ölüb, qalmışam ortada. Mənim vəziyyətim tragikomikdir”, Gülər Əhmədova deyib.

Fasilədən sonra hakim Gülər Əhmədovaya proses iştirakçılarının suallarına cavab verməyi təklif edib.

Özünü yaxşı hiss etmədiyini bildirən xanım Əhmədova məhkəmənin təxirə salınmasını istəyib.

Hakim növbəti məhkəmə baxışının oktyabrın 31-də keçirilməsi haqda qərar verib.

Gülər Əhmədova Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra bu il fevralın 13-də həbs olunub və ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə cinayət işi açılıb.

Sevinc Babayeva Türkiyədə naməlum şəraitdə vəfat edib. Elşad Abdullayev Fransada siyasi sığınacaq alıb və hazırda orada yaşayır.

Xanım Əhmədova deputat mandatından imtina edib. Məhkəmə iki dəfə sabiq deputat barəsindəki həbs-qətimkan tədbirinin uzadılması haqda qərar verib.