Sevinc Babayevanın oğlu anasının pul vasitəçisi olduğunu iddia edir

Ayxan Məmmədov

Sabiq deputat Gülər Əhmədovanın məhkəməsində Türkiyədə vəfat edən Sevinc Babayevanın oğlu şahid qismində ifadə verib.

Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ayxan Məmmədov deyib ki, “2005-ci ildə Elşad Abdullayev deputat seçilmək üçün anası vasitəsilə Gülərə pul verib”.

“Anam instituta uşaq düzəldib pul qazanırdı. Gülər anamla Elşadın arasını vurdu, pul söhbətindən sonra anamla Gülərin münasibətləri də pisləşdi", Qafqazinfo saytı Məmmədovun sözlərinə istinad verir.

Sabiq deputat ötən məhkəmə prosesində Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə həmin universitetin tələbələri və valideynlərinin şikayətlərinə görə görüşdüyünü iddia edib.

Məmmədov ifadəsində deyib ki, Babayeva Əhmədova ilə görüş haqda deyib ki, “Elşadla olan pul söhbəti hər kəsə yayılacaq. Bunu hamı bilsə, ona da, Gülərə də pis olacaq”.

“Sentyabr ayında gecə saat 12-də anam məni çağırıb dedi ki, Gülərin yardımı ilə ölkəni tərk edib Türkiyəyə gedəcək. Getdikdən sonra biz Skype vasitəsilə Gülər Əhmədova ilə danışırdıq və o, anama deyirdi ki, əgər indi qayıtsan səni həbs edəcəklər”, şahid bildirib.

Babayevanın oğlunun sözlərinə görə, Gülər Əhmədovanın yoldaşı Fikrət Əhmədov anasına Türkiyədə olarkən 1000 dollara yaxın pul göndərib:

“Noyabrın 26-da Səlcuq Ağlayan mənə zəng etdi və 20 min pul istədi. Mən həmin pulu Gülər Əhmədovadan aldım, lakin həmin gün anam vəfat etmişdi"

Gülər Əhmədova

Məmmədov deyib ki, o, anasının vəfat etməsini iki gün sonra bilib və həmin pul anasının yas mərasiminə xərclənib.

Xanım Əhmədovanın vəkili Əfsər Talıbov Ayxana anasının ölümündə sabiq deputatı günahlandırmasının səbəbi haqda soruşub.

Dövlət ittihamçısı Eldar Həmzəyev deyib ki, Babayevanın ölümü ilə bağlı cinayət işinə xitam verilib və onun xəstəlikdən ölməsi müəyyənləşib.

Əhmədova Məmmədova cavabında deyib ki, “sən bizim nə danışdığımızı, ananın nə danışdığını bilmirsən. Oğlumla yaşıdsan, sənin danışdıqlarını cavanlığına bağışlayıram”.

Məhkəmə şahid qismində ifadə verən Vidadi Qədirov deyib ki, Sevinc Babayevanı illərdir tanıyıb və Türkiyədə olan zaman onunla telefon əlaqəsi saxlayıb.

“Mən ona Azərbaycana gəlib ifadəsini verməsini deyirdim. Axır vaxtlar deyirdi ki, özünü pis hiss edir. Mənə bildirdi ki, Azərbaycana həbs olunmaqdan qorxduğu üçün gəlmir. Həmişə deyirdi ki, Elşad Abdullayev sağ olsun, ona çox kömək edib”, Qədirov qeyd edib.

Prosesdə şahid kimi ifadə verən Səyyarə Heydərova deyib ki, “Elşad Abdullayevin yaydığı videolar montajdır və bununla bağlı rusiyalı ekspertlərin rəyi var”.

Digər şahid Rüfət Hüseynovun sözlərinə görə, “sabiq deputatın oğlu Toğrul anasının xəstəliyə görə Gürcüstana getməli olduğunu deyib”

“Məndən onları aparmağa razılaşdım. Lakin Qazaxda sərhədi keçəndə bizi saxladılar. Maşında axtarış apardılar”, o, bildirib.

Hüseynov deyib ki, “Babayevanın istəyi ilə ona İstanbula aviabilet alıb”. Lakin ibtidai istintaqda verdiyi ifadədən fərqli olaraq bileti xanım Əhmədovanın həyat yoldaşının Fikrət Əhmədovun göstərişi ilə aldığını təsdiq etməyib.

Növbəti proses noyabrın 7-də keçiriləcək.

Gülər Əhmədova fevralın 13-də, fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra həbs olunub.

Xanım Əhmədova deputat mandatından imtina edib. Məhkəmə iki dəfə sabiq deputat haqda həbs-qətimkan tədbirinin uzadılması haqda qərar verib.