
Mexiko şəhərində Azərbaycanın mrəhum prezidenti Heydər Əliyevin heykəlinin qaldırılması barədə meksikalı ekspertlərin tövsiyyəsindən sonra rəsmi Bakı Meksikanı "verdiyi qərarlara hörmət etməyə" çağırıb.
"Meksika ölkə parlamenti və şəhər rəhbərliyi kimi orqanların qərarlarına "hörmət etməlidir", - Azərbaycan Xarici İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
Meksikada ekspertlərdən ibarət komissiya Heydər Əliyevin heykəlinin "Reforma Prospekti kimi rəmzi bir məkandan çıxarılmasını və başqa, daha uyğun yerə köçürülməsini" şəhər rəhbərliyinə tövsiyyə edib.
Bazar ertəsi Mexikonun meri Marcelo Ebrard üç ekspertdən ibarət komissiyanın heykəli qaldırmaq barədə tövsiyyəsini açıqladıqdan sonra deyib ki, şəhərdə Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin qalmaqala səbəb olmuş heykəlinin qaldırlması barədə qərar bir neçə gün ərzində verilə bilər.
"Biz növbəti bir neçə gün ərzində tövsiyyəni təhlil edəcəyik. Mən hələ nəticələrin bütün detallarını bilmirəm, lakin bir azdan qərar qəbul edəcəm", - mer deyib.
Azərbaycan narazıdır
"Azərbaycan xarici investisiyaların ölkəyə cəlb olunması ilə yanaşı xaricdə sərmayə qoymaqda maraqlıdır. Biz hesab edirik ki, bu cür tərəfdaşlıq münasibətlərini qorumaq vacibdir", - cənab Abdullayev Meksikada heykəllə bağlı davam edən müzakirələrə reaksiyasında belə deyib.
Eyni zamanda Latın Amerikası Azərbaycanlıları Assosiasiyası heykəlin yerinin dəyişdirilməsinə qarşı aksiya keçirib.
Qurumun sədri professor Natiq Atakişiyev Assosiasiyanın və Azərbaycan icmasının adından Mexiko şəhərinin meri Marselo Ebrarda açıq məktub ünvanlanlayıb, APA xəbər verir.
Heydər Əliyevin Mexiko şəhərindəki Reforma meydanında Mahatma Qandi, Abraham Linkoln və Meksikanın milli qəhrəmanları ilə yanaşı duran böyük heykəli şəhərdə etirazlara səbəb olub.
Etiraz aksiyalarında iştirak edənlər "diktatorun heykəlinin" Mexikonun mərkəzindəki parkdan qaldırılmasını tələb ediblər.
Mer Marcelo Erbrard panelin qərarını nəzərə alacağını, eyni zamanda, "qərar verməzdən öncə" Azərbaycan səfirilə danışacağını deyib.
Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov isə mətbuat konfransında deyib ki, şəhərin meri ilə danışıqlar gedir və məsələnin diplomatik həlli yolunun tapılacağına inanır.
Meksikanın La Razon qəzetinə əsasən cənab Ebrard deyib ki, bu, xarici işlər məsələsi deyil, "ictimai yer məsələsidir".
Komissiya tövsiyəsini verməzdən əvvəl səfir İlqar Muxtarov həmin qəzetə demişdi ki, cənab Ebrard heykəli yerindən çıxarsa "layihələrimizi ləğv edəcəyik, səfirliyimizi bağlayacağıq və iki ölkə arasında münasibətlər pisləşəcək".

















