
Bugün hakim Yeni Azərbaycan Partiyası (YAP) rəhbərliyinin nümayəndələri Gülər Əhmədovanın YAP sıralarından xaric edilməsi barədə mətbuatda getmiş xəbərləri təkzib ediblər.
YAP icra katibi müavinləri, millət vəkilləri Mübariz Qurbanlı və Siyavuş Novruzovun təbirincə, "Gülər Əhmədova hazırda partiyanın sıravi üzvüdür və o, partiya sıralarından çıxarılmayıb".
Azərbaycan mediasına görə, YAP rəsmiləri bunu jurnalistlərə etdikləri açıqlamalarında deyiblər.
Hər iki hakim partiya rəsmisi vurğulayıb kı, YAP nizamnaməsinə əsasən üzvlərin partiya sıralarından xaric olunması məsələsinə ilk olaraq partiya təşkilatları baxmalıdır.
Siyavuş Novruzov zamanda Gülər Əhmədovanın deputat toxunulmazlığının götürülməsi məsələsinin MSK-nın qərarından asılı olduğunu bildirib.
Bu məsələ ilə MSK məşğul olur. Ona görə də bu məsələyə onlar qərar verməlidir, Siyavuş Novruzov jurnalistlərə deyib.
Ötən həftəsonu Azərbaycanın bir sıra kütləvi informasiya vasitələri Gülər Əhmədovanın hakim Yeni Azərbaycan Partiyası (YAP) sıralarından xaric edildiyi barədə xəbərlər yaymışdı.
Müxalifətyönlü KİV-lər ilə yanaşı bu barədə məlumatlar hökümətpərəst mediada da yayılmışdı.
Həmin məlumatlarda bildirilmişdi ki, sentyabrın 29-da Yeni Azərbaycan partiyansının rəhbər strukturlarının toplantısı keçirilib "və son günlər adı rüşvət qalmaqalında hallanan deputat Gülər Əhmədovanın YAP-dan xaric olunması barədə qərar çıxarılıb".
Eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının rəsmi internet saytında hakim partiyanın Qadınlar Şurası üzvlərinin siyahısında Gülər Əhmədovanın adı 16-cı sırada qalmaqdadır.

















