BBC

BBC navigation

Gülər Əhmədova "insult keçirməyib"

Son yeniləmə: 28 sentyabr, 2012 - 09:53 GMT
Gülər Əhmədova

Cümə günü təxminən səhər 7-də adı “deputatlığa görə rüşvət” videosunda səslənən millət vəkili Gülər Əhmədovanın şəxsi Facebook profilində “insult keçirməsi” barədə məlumat yayılsa da, təcili yardım həkimi onda belə bir məlumatın olmadığını deyir.

"Həkim son olaraq 17:57-də mənimlə əlaqə saxlayaraq xəstənin insult keçirmədiyini, sadəcə nevrotik reaksiyası olduğunu bildirib. Bu reaksiya da baş verən hadisə ilə bağlıdır” - Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bizimyolinfo.com saytına deyib.

"Saytların Gülər Əhmədovanın Neftçilər Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumatları yalandır”- baş həkim deyib və onun vəziyyətinin ağır olmadığını deyib.

Onun sözlərinə görə, Gülər Əhmədova gün ərzində 3 dəfə təcili yardım xidmətini çağırıb.

"Sevinin Gülər Əhmədovanı insult vurdu, sevinin” - Gülər Əhmədovanın Facebook saytında yazılıb.

Əhmədovanın qardaşı İlqar Mikayıloğlu məlumatı ANS Press-ə təsdiqləyib.

Onun sözlərinə görə, deputatın “gecə saatlarında vəziyyəti pisləşib”.

“Gülər xanım sadəcə baxır. Heç bir şeyə reaksiya vermir. Anamı yanına apardım. Həkimlər gəldikdə efirim olduğundan çıxmaq məcburiyyətində qaldım”, Mikayıloğlu deyib.

O, “dəqiq diaqnozun gün ərzində həkim müayinəsindən sonra bəlli olacağını” bildirib.

Deputatın köməkçisi Əhməd Şahidov BBC Azərbaycancaya bildirib ki, özü "hadisə barədə media və Əhmədovanın Facebook statusundan öyrənib, hələ deputatın ailəsi ilə əlaqə saxlamayıb".

"Dələduzluq elementləri aşkarlanıb"

Sentyabrın 25-də hazırda Fransada yaşayan keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev internetdə özü, deputat Gülər Əhmədova ilə bağlı video yayıb.

Video material barədə bu gün Baş Prokurorluq “etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə” (Cinayət Məcəlləsinin 178.3.2-ci) maddəsi ilə cinayət işi açıb və dindirmə işləri başlayıb, APA Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğluya istinadən yazır.

Sabiroğlu bildirib ki, “qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri” mövcuddur.

BBC Azərbaycanca deputatın "insult" xəbərinin cinayət işinin istintaq gedişatına təsiri barədə məlumat almaq üçün Baş prokurorluqla əlaqə saxlayıb.

"Prokurorluq qanunla nəzərdə tutulan həcmdə ictimaiyyətə məlumat verib" deyən Sabiroğlu bildirib ki, "istintaqla bağlı ictimaiyyətə məlumat veriləcək".

Yayılan videoda deputatla Elşad Abdullayev və kitabxana müdiri Sevinc Babayeva arasında “deputat seçilmək üçün 500 min verilməsi və əlavə 500 minin tələb olunması” əks olunur.

Millət vəkili Gülər Əhmədova yerli mediaya “video çəkilişin həm səs, həm də görüntüsünün tamamilə montaj olunduğunu” deyib.

Mövzuya aid

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.

]]>