
"Video göstərdi ki, Azərbaycanda rüşvətlə millət vəkili olmaq istəyənlər var" - keçmiş universitet rektorundan parlamentə üzv olması üçün bir milyon dollar rüşvət tələb edən qadınla bağlı video haqqında BBC Azərbaycancaya açıqlamasında Prezident Aparatının sözçüsü Əli Həsənov deyib.
Bağlanmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev BBC Azərbaycancaya açıqlamasında yaydığı videodakı qadınlardan əsasının millət vəkili Gülər Əhmədova olduğunu iddia edib.
Cənab Həsənov deyib ki, videoda millət vəkili olmaq istədiiyni deyən şəxs məqsədinə çatmayıb: "Video göstərdi ki millət vəkili olmaq üçün rüşvət təklif olunub, amma keçməyib".
O, Azərbaycanda "elə adamlar"ın parlamentdə və hakimiyyətdə olmadığını deyib.
"Rüşvət təklif edənlə yanaşı, video göstərir ki, birini Azərbaycanda millət vəkili etmək üçün 1 milyon dollar istəyən də var" sualına cavabında isə Əli Həsənov deyib: "Elə deyil. Görəcəksiniz ki, elə deyil. Araşdırmanın nəticələrini gözləyin".
Cənab Həsənov deyib ki, videonun həqiqi olub-olmadığı haqda bir söz deyə bilməz və video hazırda araşdırılır.

















