Bombalanan Xarkovda və Xersonda qalan azərbaycanlılar: "Dəhşət içində yaşayırıq"

Şəklin mənbəyi, Getty Images
- Müəllif, İlkin Həsənov
- Vəzifə, BBC News Azərbaycanca
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlamasından sonra döyüşlər və nəzarət altına alınan yerlər barədə tərəflərin verdiyi açıqlamaları fərqlənir. BBC News Azərbaycanca hərbi qarşıdurmanın getdiyi yerlərdə - Xarkov və Xersonda yaşayan azərbaycanlılarla danışıb.
Xarkovda yaşayan azərbaycanlı: "Dəhşət içində yaşayırıq"
Xarkovda yaşayan, Ukrayna vətəndaşı olan adının çəkilməsini istəməyən azərbaycanlı qadın BBC News Azərbaycancaya deyib ki, şəhərdə "dəhşət içində" yaşayırlar.
"Hər gün qırıcılar şəhəri bombalayır. Dünən beş qırıcı bomba atıb getdi. Biri bizim binanın üstündə fırlandı elə bildik bura da atacaq, ürəyimiz qopdu. Sonra başqa yeri vurub getdi",- Xarkovda yaşayan qadın deyir.
Onlar deyirlər ki, hələ də şəhərdə müharibə gedir, hər yer bombalanır.
"Gecə şər qarışan kimi avtomat səsləri eşidilir. Küçə döyüşləri gedir. Heç yerə çıxa bilmirik, heç bir yer işləmir. Vurulan yerlərdə işıq və internet olmur, amma bizdə hələ ki, var", - Xarkov sakini deyib.
Qadın deyir ki, ərzaq problemləri yoxdur, müharibə başlayacağını eşidəndən çoxlu ehtiyat toplayıblar:
"Eşidəndə ki, müharibə olacaq gedib çoxlu ərzaq aldıq. Hələ indidən sonra bir 20 gün də yaşasaq ərzağımız bəs edər".
O deyib ki, Xarkovda minlərlə azərbaycanlı ailə yaşayır və bombardmana görə onlar yaşadıqları binaların zirzəmisində gizləniblər.
Onun sözlərinə görə, oradakı bəzi azərbaycanlılar şəhəri tərk edib, qatarla gediblər, amma onlar da hara getdiklərini, necə getdiklərini bilmirlər.
Xerson şəhəri: "Ehtiyat edirik ki, kiminsə sözü əli silahlı əsgərlə çəp gəlsə atıb öldürəcək"

Şəklin mənbəyi, Reuters
Xerson şəhərində yaşayan 59 yaşlı Mürvət Əliyev deyir ki, artıq dünən gecə saat bir radələrində Rusiya ordusu şəhəri ələ keçirib.
Çərşənbə günü Rusiya Qara dəniz sahilindəki strateji liman şəhəri olan Xersona nəzarəti ələ keçirdiyini bildirib. Lakin yerli hakimiyyət bu şəhərin hələ də Ukraynanın nəzarəti altında olmasını israr edir.
O deyib ki, şəhərdə vəziyyət pisdir, insanlar həyəcan yaşayır və günlərdir atışma səsləri eşidilir.
Mürvət Əliyevin sözlərinə görə, dünənə kimi şəhər bombalanıb və ağır döyüşlər gedib.
"Bina evində olanlar zirzəmilərdə gizlənib, biz də həyətimizdə qorunmuşuq, həyat evində yaşayıram".
O deyib ki, hazırda şəhərdə sakitlik olsa da küçəyə çıxmaq hələ də təhlükəlidir.
"Çıxa bilmirik küçəyə. Ehtiyat edirik ki, kiminsə sözü əli silahlı əsgərlə çəp gəlsə atıb öldürəcək".
Cənab Əliyev Xersonda 36 ildir yaşayır və hələ də Urkayna və Rusiya tərəflərinin müharibəni dərk etmədiyi qənaətindədir.
Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu Instagram
"Heç nə Ukrayna, nə Putin bilir digərindən nə istədiyini. Hələ də nəyin üstündə müharibə etdiklərini bilmirlər. Biz də, ancaq istəyirik ki, müharibə olmasın", - Mürvət Əliyev bildirib.
Onun sözlərinə görə, Sovet dövründən yaşadığı Xerson şəhərində minlərlə azərbaycanlı yaşayır, işləyir.
Mürvət Əliyevə əsasən, Ukraynadan getmək istəyənlərin sabah Kiyev dəmiryolu vağzalından Moldovaya tərəf qatarla yola salınacağı barədə danışırlar. Amma o, Ukrayna vətəndaşı olduğu üçün ölkəni tərk etmək barədə düşünmür.
O, deyir ki, Xersonda həyət evində yaşayır və hələ ki, qaz, su və elektrik təminatı normaldır.
"İki gün əvvəl icazə verdilər şəhərə çıxdıq", - deyən Mürvət Əliyev . ərzaq və dərman kimi şeylərin alındığını deyir, - Tədarükümüzü etmişik".
Bu arada Mürvət Əliyev sosial şəbəkələrdəki gedən müzakirələrə də toxunur. Onun sözlərincə, internetin Azərbaycan dilli seqmentində rus xalqının təhqir olunması "yaxşı hal deyil".








