Rusiyalı əsirin anası: “Hansı qapıları döyüm ki, uşağımı qaytarsınlar?”

Rafiq Rəhmanqulov - şəxsi şəkil

Şəklin mənbəyi, Rafik RACHMANKULOV

Şəklin alt yazısı, Rafiq Rəhmanqulov - şəxsi şəkil
    • Müəllif, Timur Sazonov
    • Vəzifə, BBC, Rostov

Fevralın 24-də - Rusiyanın Ukraynadakı hərbi əməliyyatının ilk günündə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zaluznının rəsmi səhifəsində uniformalı iki nəfərin fotosu dərc olunub. Paylaşıma yazılan şərhlərdə bu şəxslərin əsir götürülmüş rus hərbçiləri olduğu yazılıb. Daha sonra sosial şəbəkələrdə onlardan birinin videosu yayılıb. O, adını və hərbi hissənin nömrəsini və mühəndis-istehkamçılar bölümündə xidmət etdiyini deyib. Başqa bir videoda zahirən ona bənzəyən şəxs "kolonla irəlilədiklərini, sonra ondan aralı düşdüklərini" bildirib.

"Rossiya-24" telekanalı əsir götürülən rus əsgərləri haqda məlumatı "feyk" (saxta) adlandırıb.

BBC-nin Rusca xidməti həmin foto və videolardakı əsgərlərdən birinin onun oğlu Rafiq Rəhmanqulov (əsir özünü belə adlandırır) olduğunu iddia edən, Saratov vilayətində yaşayan 40 yaşlı Nataliya Deynekanı tapıb.

line

BBC: İnternetdə yayılmış fotolardan necə xəbər tutdunuz?

Natalia Deyneka: Bacım mənə zəng etdi, dedi ki, fevralın 24-də günortadan sonra "VKontakte" sosial şəbəkəsində onun və qardaşımın oğullarına bu fotoları göndərib hədə dolu mesajlar yazıblar: "İki yüz nömrəli yükünüzü götürün", "Siz, Ukraynaya soxulanlar, hamınızın aqibəti belə olacaq". Orda çoxlu təhqir də yazılıb.

Oğlum Moskva kənarındakı hərbi hissələrdən birində xidmət edirdi. O hissənin rəhbərlərindən biriylə danışdım, dedi ki, əks-kəşfiyyat bu faktı yoxlayıb oğlumun əsirlikdə olub-olmadığını dəqiqləşdirəcək. Həmin şəxs məni sakitləşdirdi, bildirdi ki, hətta əsir götürülmüş olsa belə, oğluma heç nə olmayacaq, çünki əsirlər haqqında Cenevrə konvensiyası onları qoruyur (Cenevrə konvensiyaları müharibə vaxtı əsir düşmüş şəxslərə humanist yanaşmağı tələb edən beynəlxalq razılaşmalar və onlara əlavə edilmiş protokollardır. SSRİ bu razılaşmaları 1954-cü ildə imzalayıb, Rusiya Federasiyası isə onun varisidir - BBC).

BBC: Rəis oğlunuzun döyüş bölgəsinə getdiyini inkar etmədi?

Natalya Deneyka
Şəklin alt yazısı, Natalya Deneyka

N.D.: Yox, inkar etmədi. Ona informasiya verməyimi xahiş etdi, dedi ki, əks-kəşfiyyata ötürəcək, onlar da yoxlayacaqlar. Mən bilmirəm, onun xəbəri vardı, yoxsa yox. Mən qorxmuşdum, ona qardaşım və bacım oğlanlarının hədələndiyini də dedim. Hətta birinə elə gəlib ki, ondan pul tələb edirlər. Bax, bu, danışdığım şəxsi çox maraqlandırdı. Amma sonra biz dəqiqləşdirib gördük ki, yazışmalarda bu haqda heç nə yoxdur, "Siz işğalçısız. Niyə öz evinizdə oturmursuz? Niyə bura gəlmisiz? Qılıncla gələn qılıncdan ölər" kimi təhdidlər yazılıb.

BBC: Şəkildəki o biri oğlanı tanıyırsızmı?

N.D.: Yox, tanımıram. Deyilənlərə görə, Dağıstandandır. Sosial şəbəkələr vasitəsilə valideynlərini, birlikdə xidmət etdiyi şəxsləri axtarıram, amma hələ ki cavab verən yoxdur.

BBC: Oğlunuz çağırışçıdır, yoxsa müqavilə üzrə xidmət edir?

N.D.: Bilmirəm. 2021-ci ilin iyun ayında orduya gedib.

(Rafiqin sevgilisi Liliya BBC-nin Rusca xidmətinə deyib ki, o, 2021-ci ilin dekabr ayında müqavilə imzalayıb - "gələcək ailələrini təmin etmək üçün". Liliya ondan bunu tələb etmədiyini də bildirib).

BBC: Oğlunuz orduya necə gedib?

N.D.: Yaşı çatanda çağırılıb. O, kənd təsərrüfatı texnikimunda oxuyurdu (Saratov vilayətinin Petrovsk şəhərində - BBC). Amma sonra "mənlik deyil" deyib çıxdı və əsgərliyə getdi. Məncə, hərbi xidmət xoşuna gəldi, çünki xaraktercə çılğındır, ordakı nizam-intizam ona maraqlı gəldi. Biz bu haqda çox danışmırdıq, çünki tez-tez zəng vurmağa icazə vermirlər. Heç yanına da gedə bilmirdim, onun xidmət etdiyi hərbi hissədə də olmamışam.

BBC: Yəni o, hərbi karyera qurmağı arzulamırdı?

N.D.: Yox, daha çox ordudakı perspektivlər cəlb edirdi onu - hərbçilərə ev verilməsi, orda normal maaş almaq imkanı. Axı, indi ölkədə iş yoxdur. Faktiki olaraq yeganə variant müvəqqəti işlərin dalınca sürünməkdir - evdən, ailədən uzaqda. Amma hərbçiləri son vaxtlar yaxşı dəstəkləyirlər. Ona görə də Rafiq deyirdi ki, Liliyayla evlənmək və ev almaq istəyir.

Yəni hərbi karyera onu çox da maraqlandırmırdı. Daha çox sabit gəlir mənbəyi kimi baxırdı buna.

BBC: Oğlunuzun hərbi ixtisası nədir?

N.D.: Bilmirəm, deyəsən, tankla əlaqəliydi.

(Natalya hərbi hissəsinin nömrəsinin 91701 olduğunu deyir. Bu hissə 4-cü Tank Kantemirov diviziyasının tərkibinə daxil olan 423-cü Motoatıcı Yampolski Alayına daxildir. Şəkildə Rafiqin yanında durmuş uniformalı kişinin üzərində Yampolski alayının şevronu var. Rafiqin sevgilisi onun istehkamçı olduğunu iddia edir).

BBC. Oğlunuz haqqında danışın. O, necə biriydi?

N.D.: Öz yaşıdları kimi. Telefonlara, qızlara marağı var. Oğlumun 19 yaşı var. Çox diqqətli, həssas, hətta mülayim xasiyyətli uşaqdır. İdmanla məşğul olurdu, dartınmağı xoşlayırdı, müxtəlif pres hərəkətləri edə bilirdi, mənə göstərib öyünürdü. Rafiqin Liliya qədər də sevdikləri çox olub. Hansısa qızı diskotekadan sonra bircə dəfə evinə ötürüb dərhal da ona hədiyyələr almağa başlayırdı. Artıq onu sevdiyini düşünürdü. Amma bir həftə sonra başqa biriylə tanış olurdu. Bir az səbatsızıydı belə məsələlərdə. Amma, deyəsən, Liliyayla münasibətləri ciddidir. Mən ona yol göstərmirdim, çünki indi onların zamanıdır. Heç vaxt həyatına qarışmırdım, amma o bilirdi ki, həmişə ona kömək etməyə hazıram.

Əsgərliyə qədər atasıyla birlikdə tikintidə də işləmişdi. Fiziki işdən qorxmurdu, qaynaqçı olmaq istəyirdi.

Рафик Рахманкулов

BBC: Sizin ixtisasınız nədir?

N.D.: Fermer olmaq istəyirdim. Amma təhsilimi yarımçıq qoydum. Bir müddət yerli qəzetdə ştatdankənar müxbir kimi çalışdım. İndi müvəqqəti işlərdə çalışıram. Həyat yoldaşım çilingərdir, Barnaul, Novosibirsk və Moskva vilayətindəki körpü tikintilərində çalışıb. Nə qədər ki, uşaqlar məktəbə gedirdi, evdə otururdum. İndi üçü kollecdə təhsil alır, ona görə ərimlə birlikdə mən də işləməyə gedirəm. Amma fərqli yerlərdə çalışırıq - mən "Sportmaster"in anbarında işə düzəlmişəm. Bundan başqa, "Yandeks-dzen"də səhifəm var - şeirlər yazıram, hətta bir nağıl da yazmışam. Uşaq yazıçısı olmaq istəyirəm, amma yazmaq elə də asan deyilmiş, əslində çox çətin işiymiş.

Ailəmizdə 6 uşaq var - üçü mənim, üçü ərimin. Yəni, bu bizim ilk evliliyimiz deyil. Böyük övladımın 22, kiçiyinin 16 yaşı var. Rafiq ortancıl oğlumdur.

BBC: Siz onun belə bir ezamiyyətə gedəcəyini bilirdinizmi?

N.D.: Ora aparılacaqlarını o heç özü də bilməyib. Hara getdiklərini Ukraynaya çatanda öyrəniblər.

Rafiqlə mən fevralın 23-də danışmışdım. Əvvəlcə "VKontakte"də yazışdıq, sonra mənə zəng etdi. Soruşdum ki, göndərildiklərini niyə mənə deməyib, cavab verdi ki, "Sən narahat olmayasan deyə". Harda olduğunu soruşdum, "çöldəyik" dedi. Fikirləşdim ki, yəqin sərhəddədirlər. Harda yaşadıqlarıyla maraqlandım, çadırda qaldıqlarını, içəridə iki soba qaladıqları üçün soyuq olmadığını söylədi. Soruşdum, "Orda sakitlikdirmi", "Hə, sakitlikdir, narahat olma" dedi. Bunları axşam saat 10 radələrində danışmışdıq.

Fevralın 24-ü günortadan sonra qohumlarıma fotoları göndərməyə başlayıblar, o vaxtdan ancaq bu məsələylə məşğulam. Əsgər Anaları Komitəsiylə əlaqə saxladım, onlar da məlumat istədilər. Amma hələ ki heç bir xəbər yoxdur. Bütün qapıları döyürəm, belə hallarda necə hərəkət etmək, nələrə əl atmaq lazım gəldiyini bilmirəm. Mətbuat bizim uşaqların əsir götürülməsi barədə heç nə yazmır. Bəlkə özləri də heç nə bilmirlər.

BBC: Bu xüsusi əməliyyat haqqında siz nə düşünürsünüz?

N.D.: Mənim bu işdən başım çıxmır. Biz televizora baxmırıq, qəzet də oxumuruq. Heç vaxt. Siyasətlə maraqlanmırıq, çünki belə şeylərdən uzağıq. Ukrayna haqqında televizorda nə deyildiyi də bizə maraqlı deyil. Məni bağışlayın, amma bizim ölkəmizdə insanlar yemək tapmır. Düzdür, çoxları yaşayımızın yaxşılaşdığını deyir, amma yox. Bəlkə də nəsə yaxşılaşıb, ancaq bunu hər şeyə aid etmək olmaz.

Ona görə də, düzü, mən bilmirəm, bütün bunlar nəyə lazımdır. Heç bir müharibəni və hansısa hərbi fəaliyyəti başa düşmürəm. Hə, bu siyasətdir, pulla və ya daha nəyləsə əlaqəlidir, amma ümumən orda nə baş verdiyini bilmirəm. O vaxt hamı "Krım bizimdir, Krım bizimdir" qışqırırdı, o ərazi Ukraynadan necəsə hərbi əməliyyatlar olmadan ayrıldı. İndi niyə müharibə başladı? DXR və LXR-də yaşayanların vəziyyəti pis idisə, sadəcə ordan çıxıb Rusiyaya gələ bilərdilər axı.

BBC: Bu hərbi əməliyyatda məhs sizin oğlunuzun iştirak etməsinə münasibətiniz necədir?

N.D.: Əsgərlər əmrə tabedirlər. Ölkə göndərir, onlar da gedirlər. Onlar ora pis niyyətlərinə görə getməyiblər axı, onları ora dövlət göndərib. Hansı məqsədlə? Əsirlərin şəkilləri paylaşılanda altına ukraynaca şərhlər yazırlar ki, "Bunların anaları, bacıları hara baxır?" Biz hara baxırıq ki? Mən uşağımı vətənə xidmət etmək üçün orduya göndərmişəm. Vətənin onlardan necə istifadə etməsi bizim günahımız deyil. Dövlət DXR və LXR-i müdafiə etmək lazım gəldiyini düşünüb və əsgərlər də müdafiə etməyə gediblər. Amma onları işğalçı adlandırırlar.

Mənim uşağım ora öz iradəsiylə getməyib, onu Ali Baş Komandan göndərib. Niyə? Mən bu suala cavab verə bilmərəm. Bu nə mənə, nə də mənim uşağıma lazımıydı.

BBC: Sizin şərti Ali Baş Komandana sualınız varmı?

N.D.: Var. Niyə 14 ukraynalı əsiri ailələrinə qaytarırlar, amma bizim uşaqları qaytarmaq üçün heç nə etmirlər? Kimə müraciət edim, hansı qapıları döyüm ki, uşağımı qaytara bilim? Prezidentin elektron qəbuluna düşə bilmədim, heç zənglərə də cavab vermirlər. Əsgər Anaları Komitəsindən cavab verdilər, amma prezidentin qəbul otağından yox.