Rusiya qoşunları Xerson şəhərinin mərkəzində: Xerson niyə önəmlidir?

Xerson

Şəklin mənbəyi, Reuters

Rusiya Ukraynanın əsas şəhərlərindən birinə, Xersona nəzarəti ələ keçirib.

Hazırda Xersonda olan Sveta Zorina BBC-yə deyib ki, işğal başlayandan bəri nənəsinin evində qalır: "Vəziyyət çox pisdir, çünki Rusiya ordusu şəhərin hər yerindədir. Məhdudiyyətlər çox sərtdir. Hava qaralanda evdən çıxmağa icazə verilmir. Biz axşamlar işığı yandırmamalıyıq".

O əlavə edib ki, şəhərdə yetəri qədər ərzaq və dərman preparatları yoxdur.

Sveta Kanadalı jurnalistin tərcüməçisi kimi evdən işləməyə çalışır.

Onun və nənəsinin hələlik bir-iki həftə keçinməsi üçün ərzaq ehtiyatı var. Yaxınlıqdakı dükanda isə ərzaq qurtarıb.

"Düşünürəm ki, biz bu hisslə mübarizə aparmağa çalışsaq da, hər zaman qorxuruq. Amma ümumilikdə o, cəsarətlidir və məni ruhlandırır. Biz bir-birimizin qayğısına qalırıq."

Ötən gün BBC News Azərbaycancaya Xerspondan danışan 59 yaşlı Mürvət Əliyev demişdi ki, küçəyə çıxa bilmirlər, ehtyat edirlər ki, kiminsə sözü əli silahlı əsgərlə çəp gəlsə, atıb öldürəcək".

Xersonun Rusiya üçün əhəmiyyəti

Rusiyanın Xersonu ələ keçirməsi o deməkdir ki, 300 min əhalisi olan bu cənub şəhərinin ələ keçirilməsi Rusiya ordusunun hərbi səhnədə əldə etdiyi mühüm nailiyyətə çevrilir.

Rusiya üçün Xersona nəzarəti ələ keçirmək strateji baxımdan orduya mühüm baza yaratmaq imkanı verir.

Xerson mühüm liman və sənaye mərkəzi olmaqla yanaşı digər strateji əhəmiyyətli şəhər olan Odessaya doğru irəliləmək imkanı verir.

Xersona nəzarət etmək həm də böyük su mənbəyinə nəzarət etmək deməkdir. Rusiya Krım yarımadasını ələ keçirdikdən sonra Ukrayna Şimali Krım kanalına bənd çəkdi ki, Krıma içməli suyun qarşısı alınsın. Bu, ilhaq edilmiş yarımadada su qıtlığının yaranmasına səbəb oldu.

Xerson

Şəklin mənbəyi, YouTube

Rusiyanın hərbi işğalının ilk hədəflərindən biri həmin su yolunun açılması və Krıma su təchizatının bərpası olub.

YouTube-da yerləşdirilən videolarda şəhərin mərkəzində Rusiya hərbçilərinin, o cümlədən tankın və ağ sarğı taxan əsgərlərin olduğu görünür.

BBC müstəqil olaraq görüntülərin Xerson şəhərinin mərkəzində çəkildiyini müəyyən edib.

Qərb müşahidəçilərinə görə, Xersonun ələ keçirilməsi Ukraynanın təchizat logistikasının imkanlarını kəskin daralda bilər.

Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutundan hərbi ekspert Dr Jack Watling deyir ki, şəhər Ukraynanı ikiyə bölən Dnepr çayı üzərində strateji mövqeyə malikdir.

"Ruslar Dnepr boyunca mühüm şəhərləri ələ keçirməyə başladıqda... onlar Donbas ətrafında vuruşan Ukrayna hərbi hissələrinin təchizatını kəsmək imkanına malik olacaq", - britaniyalı ekspert deyib.

Rusiyanın nəzarətində olan ərazilər