Rusiya sülhməramlıları Qarabağda sakinin "atəş nəticəsində ölümünü" araşdırır

Rusiya sülhməramlısı

Şəklin mənbəyi, Alamy

Şəklin alt yazısı, Foto. Arxiv. Rusiya sülhməramlısı

Rusiya Müdafiə Nazirliyi oktyabrın 9-da Azərbaycan tərəfindən atəş nəticəsində Qarabağda mülki sakinin yaralanaraq öldüyünü bildirib.

"Oktyabrın 9-da Mardakert rayonunda təmas xətti yaxınlığında kənd təsərrüfatı işləri zamanı Azərbaycan tərəfindən atəş nəticəsində Madağiz kəndinin mülki sakini ölümcül yaralanıb. Rusiya kontingentinin komandanlığı hər iki tərəf nümayəndələrinin iştirakı ilə insidentlə bağlı araşdırma aparır".

Bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi Ağdərə (Mardakert) istiqamətində atəş açılması barədə Ermənistanda yayılan məlumatları təkzib edib.

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir", Nazirlik oktyabrın 9-da bildirib.

Müdfaiə Nazirliyi

Şəklin mənbəyi, mod.gov.az

Şənbə günü Ermənistan mediasında yayılan xəbərdə Azərbaycanın Qarabağ bölgəsindəki Ağdərə istiqamətində açılan atəşlə yerli sakinin öldürüldüyü bildirilir.

Həmin vaxt Ermənistanın Müdafiə Nazirliyi həmçinin bildirib ki, sərhədin Naxçıvan hissəsində Azərbaycan tərəfindən açılan atəş nəticəsində bir hərbçinin yaralanıb.

"Oktyabrın 9-da, təxminən saat 12:50 radələrində, müqavilə ilə xidmət edən hərbi qulluqçu, sıravi Misak Vardanoviç Xaçatryan Ermənistan-Azərbaycan sərhədinin Ararat rayonunun Yerasx hissəsindəki erməni mövqeləri istiqamətində Azərbaycan bölmələrinin açdığı atəş nəticəsində yaralanmışdır".

Yay aylarında Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalar nəticəsində ölən və yaralananlar olub.

Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Ötən il sentyabrın 27-də Ermənistan-Azərbaycan arasında baş verən və 44 gün davam edən İkinci Qarabağ müharibəsi noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla başa çatıb.

Həmin bəyanata əsasən, Rusiya sülhməramlıları atəşkəsə nəzarət etmək üçün Qarabağa yerləşdirilib.

Həmçinin oxuyun

Gürcüstanla Ermənistan Dinc Qonşuluq Təşəbbüsünü "müzakirə ediblər", Gürcüstanın Batumi şəhərində binanın çökməsi nəticəsində həlak olanların xatirəsi anılacaq, Azərbaycan Gürcüstana başsağlığı verib, ATƏT-in Minsk qrupu Əliyev-

Gürcüstanla Ermənistan Dinc Qonşuluq Təşəbbüsünü "müzakirə ediblər"

Qaribaşvili və Paşinyan

Şəklin mənbəyi, Gov.ge

Ermənistanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyanla Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsünü müzakirə edib. Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti bildirir.

Bu təşəbbüs Bakı ilə Yerevan arasında yüksək səviyyəli danışıqlar üçün platformanın yaradılmasını nəzərdə tutur.

Sentyabrın 25-də BMT Baş Məclisində çıxış edən İrakli Qaribaşvili dünya liderlərinə Qara dəniz bölgəsində "sülh və sabitlik" naminə Dinc Qonşuluq Təşəbbüsünü irəli sürüb.

Bu məsələ İrakli Qaribaşvilinin sentyabrın 29-da Bakıya səfəri vaxtı müzakirə olunub, mətbuat bildirir.

Gürcüstanın təklif etdiyi əməkdaşlıq platforması ATƏT-in Minsk qrupu çərçivəsinə aid məsələlərin müzakirəsini nəzərdə tutmur, ötən gün Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Dağıntılarda işləyən xilasedicilər

Şəklin mənbəyi, Anadolu Agency/Getty images

Batumidə həlak olanların xatirəsi anılacaq

Gürcüstanın Batumi şəhərində yaşayış binasının qismən çökməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb.

"Xilasedicilər Batumidəki evin dağıntıları altından daha iki nəfərin cəsədini çıxarıblar", - İmedi televiziya kanalının yaydığı xəbərdə deyilir.

Bundan əvvəl daxili işlər naziri Vaxtanq Qomeluari, dağıntılar altında qalan üç nəfərin axtarıldığını bildirib.

Şənbə günü Azərbaycan Gürcüstana başsağlığı məktubu ünvanlayıb.

"Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm", - Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti Salome Zurabişviliyə yolladığı məktubda deyilir.

Hadisə ilə bağlı oktyabrın 11-i ümummilli matəm günü elan olunub.

Batuminin 26 May küçəsindəki yerləşən binanın bir hissəsi cümə günü çöküb. Dağıntıya təhlükəsizlik qaydalarının pozulması ilə aparılan təmir işlərinin səbəb olduğu bildirilir.

Foto arxiv: Azərbaycan Prezidenti İlham Əliyev (solda) və Ermənistan Baş naziri Nikol Paşinyan (sağda) 2019-cu ildə Vyanada görüşərkən.

Şəklin mənbəyi, Azerbaijani Presidency/Handout/Anadolu Agency/Gett

Şəklin alt yazısı, Foto arxiv: Azərbaycan Prezidenti İlham Əliyev (solda) və Ermənistan Baş naziri Nikol Paşinyan (sağda) 2019-cu ildə Vyanada görüşərkən.

ATƏT Əliyev-Paşinyan görüşünü təşkil "etməyə hazırdır"

ATƏT-in Minsk qrupu (MQ) Azərbaycan və Ermənistan liderləri arasında görüşün təşkilinə kömək etməyə hazır olduğunu bəyan edib.

Bu barədə MQ həmsədrləri - İqor Xovaev (Rusiya), Andrew Schofer (ABŞ) və Stephane Visconti (Fransa) tərəfindən cümə günü yayılan rəsmi açıqlamada deyilir.

"Həmsədrlər, həmsədrlərin himayəsi altında bir-biri ilə görüşməyə hazır olduqlarını bildirən Prezident Əliyev və Baş nazir Paşinyanın açıq bəyanatlarını müsbət qəbul ediblər".

ATƏT-in Minsk qrupunun saytındakı bəyanata əsasən, həmsədrlər görüşün təfərrüatlarının müəyyənləşdirilməsi və növbəti addımların müzakirəsi üçün yaxın gələcəkdə bölgəyə səfər etməyə "hazır olduqlarını təsdiqləyirlər."

Bundan əvvəl Azərbaycan və Ermənistan liderləri ATƏT-in Minsk qrupunun vasitəçiliyiə ilə görüşə hazır olduqlarını bildiriblər.

İlham Əliyev ötən həftə İspaniyanın EFE agentliyinə müsahibəsində deyib ki, danışıqlar müharibənin bitdiyinin və həmin "səhifənin çevrildiyinin yaxşı göstəricisi" ola bilər.