Ermənistan-Naxçıvan sərhədində atışma: bir erməni hərbçi ölüb, bir azərbaycanlı hərbçi yaralanıb

Şəklin mənbəyi, NurPhoto
Ermənistan-Naxçıvan sərhədində atışma nəticəsində bir erməni hərbçi ölüb, bir azərbaycanlı hərbçi yaralanıb, Azərbaycan və Ermənistan müdafiə nazirlikləri bildirirlər. Tərəflər atəşkəsin pozulmasında bir-birini günahlandırırlar.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı "ardıcıl şəkildə Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki kövrək sülhü pozmaq cəhdləri"də günahlandırıb.
Nazirliyin məlumatında deyilir ki, Azərbaycanın "bölgədə sülh, əməkdaşlıq və dayanıqlı inkişafı təmin etmək istiqamətində addımlar atdığı bir vaxtda Ermənistanın bu kimi destruktiv yanaşma nümayiş etdirməsi qəbuledilməzdir."
Azərbaycan Xarici İşlər Nazirliyi bölgədə vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyətinin Ermənistan üzərində olduğunu bəyan edib.
Ermənistan Müdafiə Nazirliyi vəziyyətin daha da gərginləşməsinə görə "bütün məsuliyyətin Azərbaycanın hərbi-siyasi rəhbərliyində" olduğunu bildirib.
Naxçıvan-Ermənistan sərhədində nə baş verib?
Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində Azərbaycan mövqelərini atəşə tutması nəticəsində bir nəfər yaralanıb, Azərbaycan Müdafiə Nazirliyi açıqlayıb.
Nazirlik bildirib ki, iyulun 14-ü, saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu İbadulla Mərdanlı yaralanıb.
Qurum hazırda bu istiqamətdə vəziyyətin "sabit" olduğunu, əməliyyat şəraitinin Azərbaycan bölmələrinin "nəzarəti altında" olduğunu qeyd edib.
Ermənistan Müdafiə Nazirliyi çərşənbə günü Naxçıvanla sərhəddə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin "döyüş mövqelərini irəliləmək üçün mühəndis texnikasından istifadə edərək möhkəmləndirmə işlərini aparmağa çalışdıqlarını" deyib.
Ermənistan hadisə nəticəsində bir erməni əsgərinin öldüyünü açıqlayıb.

Şəklin mənbəyi, AFP
Şuşa ətrafında atəş səsləri
Çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyi Şuşa şəhəri ətrafındakı mövqelərinin atəşə tutulduğunu bildirib.
Nazirlik bildirib ki, iyulun 13-də 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri qanunsuz erməni silahlı dəstələri tərəfindən pulemyot və avtomatlardan atəşə tutulub.
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabrda imzaladığı sülh bəyanatı əsasında həmin ərazilərə Rusiya sülhməramlıları yerləşdirilib.
Azərbaycan Müdafiə Nazirliyi Şuşa ətrafındakı atəş nəticəsində Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralananların olmadığını bildirib.
Hadisə ilə bağlı Ermənistan və Rusiya hələ ki, Şuşa ətrafındakı atəşkəsin pozulması məsələsinə şərh verməyib.
"Rusiyalı sülhməramlıların rəhbəri cavab verməlidir: nə üçün bu baş verib?"
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, hakim Yeni Azərbaycan Partiyasının üzvü Hikmət Məmmədova görə, "erməni icmasının yaşadığı ərazidən Şuşa ətrafı ərazilərin atəşə tutulması" İkinci Qarabağ müharibəsindən sonra ilk haldır:
"Bu ərazi sülhməramlıların məsuliyyət zonası olduğuna görə, Sülhməramlı Kontingentin rəhbəri Azərbaycan ictimaiyyətini qane edəcək bir açıqlama verməlidir: nə üçün bu baş verib?"
Hikmət Məmmədov xatırladıb ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr bəyanatının 4-cü bəndində erməni silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulub, amma bu, indiyə kimi baş verməyib.
Qarabağ seperatçılarının rəhbəri Arayik Harutyunyan bir neçə gün əvvəl Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşündə bildirmişdi ki, müdafiə ordusu sülhməramlılarla birlikdə vəziyyətə nəzarət edir.
Hikmət Məmmədovun fikrincə, Şuşa ətrafında baş verənlər diqqəti bəyanatın bu maddəsinə yönəldir:
"Mən düşünürəm ki, hazırda bununla bağlı Azərbaycan ictimaiyyəti sülhməramlılardan və sülhməramlıları Azərbaycana göndərən ölkənin xarici siyasət idarəsindən məntiqli və qaneedici bir cavab gözləyir," - Hikmət Məmmədov vurğulayıb.
O əlavə edib ki, əks təqdirdə Azərbaycan bu cür hallara qarşı "qətiyyətli tədbirlər görəcək".
Hikmət Məmmədov rəsmi Bakının sülh çağırışlarına toxunaraq vurğulayıb ki, "belə təxribatlarla kimlərsə nəyəsə nail olmaq istəyirsə", bu, mümkün olan şey deyil: "...çünki Üçtərəfli razılaşma ilə Ermənistanın üzərinə götürdüyü öhdəliklər var, rusiyalı sülhməramlılar da üzərlərinə düşən sülhməramlı missiyanı yerinə yetirməlidirlər".







