Paşinyan: Minalanmış ərazilərin xəritələrinin kiçik bir hissəsi verilib, Əliyev: Ermənistan basdırdıqları bütün minaların xəritəsini verməlidir

Şəklin mənbəyi, Getty Images
Azərbaycana minalanmış ərazilərin Ermənistanda olan xəritələrin kiçik bir hissəsi verilib, Nikol Paşinyan bazar günü Yeğvard şəhərində seçkiqabağı təbliğat kampaniyası çərçivəsində çıxışı zamanı bəyan edib.
Şənbə günü rəsmi Bakı bildirib ki, Ağdam rayonuna aid mina xəritələrinin verilməsi müqabilində "saxlanılan 15 nəfər erməni" Azərbaycan-Gürcüstan sərhədində Ermənistana təhvil verilib.
Paşinyan Ermənistan müxalifəti tərəfindən səsləndirilən bütün minalanma xəritələrin Azərbaycana verildiyi haqqında iddiaları təkzib edib.
"Biz minalanmış ərazilərin xəritələrini ötürmüşük (Azərbaycana), lakin bu, bizdə olan xəritələrin çox kiçik hissəsidir. Deyə bilməzdim ki, əhəmiyyətsiz, lakin kiçik hissəsidir", - Paşinyan deyib.
Onun sözlərinə görə, 2020-ci ilin dekabrında da belə mübadilə olub. Lakin bu, Azərbaycan və Ermənistan mövqelərini bölən ərazilərin minalanma xəritələri deyil, Azərbaycan qüvvələrinin arxa ərazilərinin xəritələri olub.

Şəklin mənbəyi, Azertag
Ötən gün, iyunun 12-də Prezident İlham Əliyev Bakıda bir qrup xarici ölkələrin Azərbaycana yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən, Ermənistan Azərbaycana "basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini" verməli olduğunu söyləyib.
"...Ermənistan bizə bütün minaların, basdırdıqları bütün yüz minlərlə minaların xəritəsini verməlidir. Əgər onlar bunu etməsələr, bu, bir daha bu ölkənin terrorçu xislətini nümayiş etdirəcək, - Azərbaycan Prezidenti deyib, - Ərazini təmizləyəndən sonra bununla paralel olaraq biz şəhər və kəndlərimizin bərpasına və yenidən qurulmasına başlayacağıq. Bu, böyük ərazidir, on min kvadrat kilometrdən çoxdur."
"Bizim Ermənistanla sülh razılaşmasına dair danışıqlara başlamağa hazır olmağımızla bağlı açıq bəyanatlarımız Ermənistan hökuməti tərəfindən cavablandırılmır", - Azərbaycan Prezidenti bildirib.
Ötən ayın sonunda Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumət iclasında bəyan edib ki, Ermənistan, Rusiya və Azərbaycan arasında danışıqlar gedir və Azərbaycan öz razılığını versə, konkret sənəd imzalana bilər, çünki "beynəlxalq tərəfdaşlar arasında 100 faiz Ermənistanın maraqlarına uyğun" ilkin razılaşma var.
"Azərbaycan razılaşmamıza əməl etsə və barəsində danışdığımız şərtləri yerinə yetirsə, bəli, mən o sənədi imzalayaram," - o deyib.
Paşinyanın sözlərinə görə, Ermənistan ərazisində müxtəlif sərhəd sahələrində ümumən 500-600 Azərbaycan hərbçisi var.
İlham Əliyevin sözlərinə görə, rəsmi Yerevan sərhədin delimitasiyası təklifinə də cavab verməyib: "Bizim Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamaqla bağlı böyük beynəlxalq tərəflərin dəstəklədiyi təklifimizə də Ermənistan hökuməti məhəl qoymur. Biz bunu başa düşə bilmirik. Əgər Ermənistan sülh istəyirsə, bizim də sülh sazişinə ehtiyacımız var. Əgər Ermənistan müharibə istəyirsə, ötən ilin payızındakı eyni nəticəni əldə edəcək."
Azərbaycan prezidenti bildirib ki, "əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı" Azərbaycanla "danışıqlara başlamalıdır."
"Əgər onlar bunu etməsələr, peşman olacaqlar. Beləliklə, biz Qafqazda yeni inkişaf mərhələsinə hazırıq, biz sülhə hazırıq və biz bunu nümayiş etdiririk", - İlham Əliyev deyib.
Ermənistanın Azərbaycanla sərhədinin demarkasiyası və delimitasiyası Qarabağ probleminin nizamlanması ilə bağlı deyil, Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçki kampaniyası çərçivəsində çıxışı zamanı deyib.
Yeğvard sakinləri ilə görüş zamanı Paşinyan ictimaiyyəti bu terminlərdən qorxmamağa çağırıb.
"Delimitasiya və demarkasiya olmuş sərhəd - bizim ölkəmiz ətrafında tikəcəyimiz bir hasardır. Və bu, Dağlıq Qarabağ məsələsinin məzmunlu nizamlanması ilə bağlı deyil", - o deyib.
Paşinyan xatırladıb ki, daha əvvəl, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən deyildiyi kimi, "biz Dağlıq Qarabağ münaqişəsinin qəti və hərtərəfli tənzimlənməsinə mümkün qədər tez nail olmaq üçün danışıqlara başlamağa hazırıq".
Paşinyanın təqdim etdiyi plana əsasən, Ermənistan-Azərbaycan sərhədinin Geğarkunik vilayəti Sotkdan ta Sünik vilayəti Xoznavar kəndi boyunca Rusiya sülhməramlıları və beynəlxalq müşahidəçilər yerləşdiriləcək. Bu, Paşinyanın təklifinə görə, kompromis olaraq, qoşunların sərhəd xəttindən simmetrik şəkildə geri çəkilməsindən sonra icra olunmalıdır. Bundan sonra sərhədin delimitasiyası və demarkasiyası işləri aparılacaq.
Bundan əvvəl Nikol Paşinyan bildirmişdi ki, Ermənistan hərbçiləri taktiki hərəkətlərlə qarşı tərəfin mümkün hərəkətlərini məhdudlaşdırmağa çalışırlar: "Siyasi baxımdan, tapşırıq - vəziyyətin nəzarət altından çıxmasına yol verməməkdir".
Ötən ay Ermənistanın Vatikanda keçmiş səfiri, sabiq Prezident Serj Sarkisyanın kürəkəni Mikayel Minasyan sosial şəbəkədə məlumat yaymışdı ki, Nikol Paşinyan Ermənistan ərazisindən Azərbaycan qoşunlarının çıxarması müqabilində sərhədin yeni prinsiplər əsasında demarkasiya sənədini imzalamağa razılıq verib. Minasyan sənədin məxfi hissəsi də olduğunu bildirib.
Prezident İlham Əliyev eləcə də ötən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatın, "bəzi ölkələrin təqdim etmək istədiyi kimi, sadəcə, atəşkəs barədə Bəyanat" olmadığını vurğulayıb.
"Bu, atəşkəsdən daha böyük sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir. O, kommunikasiyaların açılmasını təmin edir, sülhməramlı əməliyyatları təmin edir, o, regionda gələcək əməkdaşlığa dair Bəyanatdır. Ona görə də bu, bəzilərinin təqdim etmək istədiyi kimi atəşkəs sənədi deyil. Bu, Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir", - Əliyev deyib.








