Azərbaycan mina xəritələri müqabilində 15 nəfər ermənini Ermənistana "təhvil verib"

Şəklin mənbəyi, dqdk.gov.az
Azərbaycan mina xəritələri müqabilində 15 nəfər ermənini Ermənistana təhvil verib,Kəlbəcərdə azad edilmiş ərazilərə "icazəsiz keçməyə" cəhd göstərən 5 nəfər saxlanılıb, Ermənistan "konyak"adından tədricən imtina edəcək, Bakı-Antalya reysi təyyarənin mühərrikinə girən "quşa görə" təxirə salındı, bu və digər xəbərlər BBC News Azərbaycancanın icmalında.
Azərbaycan bildirir ki, Ağdam rayonu üzrə tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrin ona verilməsi müqabilində "saxlanılan 15 nəfər erməni" Gürcüstan nümayəndələrinin iştirakı ilə Azərbaycan-Gürcüstan sərhədində Ermənistana təhvil verilib.
"Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
XİN eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ Dövlət Departamenti, Avropa İttifaqı Şurası və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu qeyd edir.
Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan "15 erməni hərbi əsirin" qaytarılmasını təsdiq edib. Bunu Paşinyan şənbə günü Geğarkunik vilayəti əhalisi ilə seçkiqabağı görüş zamanı bəyan edib.
"Bu gün bizim vəzifəmiz onları (əsirləri) qarşılamaq, qohumlarına ötürmək, sonra isə qalan əsirlərin qaytarılması məsələsi ilə məşğul olmaqdır", - Paşinyan deyib.
Bakıda AVRO-2020-in ilk matçı heç-heçə başa çatıb

Şəklin mənbəyi, AFP/Getty images
Bakıda futbol üzrə AVRO-2020 çempionatının A qrupunda çıxış edən İsveçrə ilə Wales yığmalarının qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb.
Gələn həftə Azərbaycan paytaxtında Türkiyə-Wales və Türkiyə-İsveçrə komandalarının görüşü baş tutacaq.
3 iyulda isə Bakı Olimpiya stadionunda 1/4 final mərhələsinin matçı keçirilməlidir.
Kəlbəcərə "icazəsiz keçməyə" çalışanlar saxlanılıb

Şəklin mənbəyi, MOD.gov.az
Kəlbəcər polisi azad edilmiş ərazilərə "icazəsiz keçməyə" cəhd göstərən 5 nəfəri saxlayıb, Azərbaycan Daxili İşlər Nazirliyinə istinadla yerli media xəbər verir.
Məlumata görə, polis şöbəsinə aparılan vətəndaşlara mina və partlayıcı vasitələrdən irəli gələn təhlükələr izah olunub.
"Profilaktik söhbətdən" sonra buraxılan 5 nəfər barədə "inzibati tədbirlərin" görüldüyü bildirir.
İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra işğaldan azad olunmuş ərazilərdə minalara düşmə nəticəsində 23 nəfər həlak olub, 89 nəfər ağır yaralanıb. Bu il insanların minaya düşərək ölməsi və yaralanması hadisələri əsasən Gədəbəy və Kəlbəcər rayonlarının ərazisində baş verib.
Hakimiyyət icazə olmadan işğaldan azad edilmiş ərazilərə getməməyə çağırır.
Ermənistan "konyak" adından imtina edir

Şəklin mənbəyi, AFP/Getty Images
Ermənistan hökuməti Avropa İttifaqından alınacaq 3 mln. avro müqabilində ölkədə istehsal olunan spirtli məhsulun adında "konyak" sözündən imtina etmək haqqında sazişi təsdiqləyib.
Konyak (fransızca - "Cognac") Fransanın Şaranta departamentində yerləşən şəhərdir, və yalnız bu departamentdə üzümün xüsusi növlərindən və xüsusi texnologiya ilə hazırlanmış spirtli içki (brendi) "konyak" adlandırıla bilər. Konyak Fransa qanunvericiliyi ilə qorunan coğrafi addır (AOC, Appellation d'Origine Contrôlée).
"Maliyyə sazişin məqsədi - tədricən və səmərəli şəkildə Ermənistan məhsulu üçün "konyak" coğrafi adından istifadəsini dayandırmaq, eləcə də Ermənistan sənayesinə ixracat bazarında öz rəqabət qabiliyyətinin qoruyub saxlamasına yardım etməkdir", - Ermənistan iqtisadiyyat naziri Vahan Kerobyanın təqdim etdiyi hökumət qərarı layihəsində qeyd olunur.
Avropa qonşuluq siyasəti çərçivəsi Aİ büdcəsindən maliyyələşdiriləcək proqrama əsasən, Ermənistanda istehsal olunan "konyak" üçün yeni ad tapılmalı və eləcə də ayrılan vəsait hesabına daxili və xarici bazarda məhsulun reklamı və marketinqi təşkil olunmalıdır.
Ermənistanda istehsal olunan spirtli məhsulun "konyak" və "şampan" adlarınından imtina etməsi haqqında Aİ ilə saziş 2017-ci ildə imzalanıb və bu il martın 1-dən qüvvəyə minib. Sənədə əsasən, Ermənistan "konyak" sözünü daxili bazarda istifadədən 14 ildən, xarici bazarda - 25 ildən sonra çıxarmalıdır.
"Şampan" sözü üçün bu müddət daha azdır: daxili bazarda - 2, xarici bazarda - 3 il.
AZAL reysi "quşa görə" təxirə salındı

Şəklin mənbəyi, Azal.az
Bakıdan Antalyaya yola düşməyə hazırlaşan "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin təyyarəsi göyə qalxmadan dayanacağa qaytarılıb.
AZAL şirkətinin yaydığı açıqlamaya əsasən, buna səbəb mühərrikə qirən quş olub.
"Hava gəmisinin kapitanı təyyarənin sol mühərrikində titrəyiş olduğunu müəyyən etdikdən sonra havaya qalxmamaq barədə qərar qəbul edib. Sonradan aparılan baxış nəticəsində mühərrikə quş düşdüyü aşkar edilib".
"Airbus A320" təyyarəsində olan 142 sərnişinin AZAL-ın digər təyyarəsi ilə Antalyaya uçacağı bildirilir.
Həmçinin oxuyun:





