Azərbaycanda polis məişət zorakılığı ilə üzləşən qadını zorla iş yerindən aparıb, Lavrov: "Dağlıq Qarabağın statusu ... son olaraq razılaşdırılmalıdır"

Şəklin mənbəyi, Getty Images/Aziz Karimov
Azərbaycanda polis məişət zorakılığı ilə üzləşən qadını zorla iş yerindən aparıb, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qarabağın statusunun regionda sülh bərpa edildikdən sonra həll edilməli olduğunu deyib, Çərşənbə axşamı günü Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Laçın rayonu ərazisindən ölkə ərazisinə keçən Ermənistan hərbçisi yolu azıb keçibmiş - daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Azərbaycan: Polis məişət zorakılığı ilə üzləşən qadını zorla iş yerindən aparıb
Çərşənbə axşamı günü Bakı sakini 23 yaşlı qadın iş yerindən polis tərəfindən saxlanılaraq 32-ci polis bölməsinə aparılıb.
"Ailəsi onu axtarışa verib və polis də onu saxlayıb - ailəsinə təhvil vermə ehtimalı var. Qadının telefonu da əlindən alınıb, onu da ailəsinə verə bilərlər", qadının vəkili Rövşanə Rəhimli BBC News Azərbaycancaya deyib.
23 yaşlı qadın məişət zorakılığı ilə üzləşməsi barədə polisə şikayət etdikdən sonra polis iş yerinə gələrək, onu zorla aparıb, vəkil deyir.
Vəkil müdafiə etdiyi qadınla görüşə bilib, amma onun sözlərinə görə, bu görüş onun Ombudsman xidmətinə telefonla etdiyi şikayətdən sonra baş tutub.
"Görüş verdilər, görüşdüm həmin xanımla. Xanımın dediyinə görə, yaxşıdır, lakin o ağlamışdı, gözləri qızarmışdı."
"Özündən də soruşdum rəisin yanında - dedi ki, "hə, ağlamışam."
Vəkil Rövşanə Rəhimlinin sözlərinə görə, saxlanan gənc qadın deyib ki, "özünü yaxşı hiss etmir - evə qayıdacaq".
Lavrov: "Dağlıq Qarabağın statusu ... son olaraq razılaşdırılmalıdır"

Şəklin mənbəyi, Getty Images/MAXIM SHIPENKOV
"Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) iştirakı ilə razılaşdırılmalıdır, amma indi bu məsələyə deyil, dinc həyatın regiona qaytarılmasına diqqət yetirmək lazımdır".
Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Primakov mütaliəsi" forumunda səsləndirib, TASS agentliyi yazır.
"Anlayıram ki, indi çoxları Dağlıq Qarabağın statusunun həll olunmamış qalması barədə danışır. Bu, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə son olaraq razılaşdırılmalıdır. Həmsədrlər indiki mərhələdə, görünür, status problemini yada salmaqdansa, etimad tədbirlərinin möhkəmləndirilməsinə, humanitar məsələlərin həllinə, ermənilərin və azərbaycanlıların təhlükəsizlik və iqtisadi rifah şəraitində yenidən birgə yaşamağa başlamalarına kömək etməlidirlər.
Və onda, sizi inandırım ki, belə bir yaşayışı təşkil etsək, iki-üç ildən sonra bütün status problemləri daha asan həll ediləcək", TASS Sergey Lavrovun çıxışından iqtibas gətirib.
Rusiya xarici işlər naziri regional kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətinin də bu vəzifəyə həsr olunduğunu qeyd edib.
"Üçtərəfli işçi qrupunun fəaliyyətinin effektivliyi, ilk növbədə, bu açılışın insanların həyatını yaxşılaşdırmağa nə dərəcədə kömək etməsi ilə müəyyənləşəcək, - Lavrov deyib. - Bu üçtərəfli müzakirələrdə həm Türkiyənin, həm də İranın maraqları birmənalı olaraq nəzərə alınır, əks halda bütün bu məhdudiyyətlərin götürülməsinin maksimum faydası olmayacaq."
O, eləcə də Dağlıq Qarabağdakı atəşkəslə bağlı Rusiya-Türkiyə monitorinq mərkəzinin fəaliyyətinin "çox faydalı və sabitləşdirici" bir amil olduğunu da qeyd edib.
Azərbaycan İkinci Qarabağ Müharibəsi zamanı və ondan sonra da Dağlıq Qarabağın statusu məsələsinin müzakirə olunmayacağını dəfələrlə bəyan edib.
Azərbaycan Prezidenti İlham Əliyev ən son mayın 21-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı forumunda bu məsələyə toxunub.
"Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və bununla bağlı heç bir şübhə yoxdur. Dağlıq Qarabağ işğal dövründə və indi də Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq. … Bu, müzakirə predmeti olan məsələ deyil", - Prezident İlham Əliyev deyib.
Bakı ötən gün saxladığı Ermənistan hərbçisini geri qaytarıb

Şəklin mənbəyi, Getty Images
Azərbaycan Müdafiə Nazirliyi iyunun 8-də Azərbaycan ərazisinə daxil olduğu bildirilən Ermənistan silahlı qüvvələrinin hərbçisi Artur Katanyanın buraxıldığını bəyan edib.
Məlumata görə, əlavə araşdırma nəticəsində Laçın rayonunda saxlanılan erməni hərbçisinin Azərbaycan ərazisinə təxribat və diversiya məqsədilə daxil olmadığı müəyyən edilib.
Katanyan Ermənistan tərəfinə təhvil verilib.
Ernənistan Müdafiə Nazirliyi iyunun 8-də "hava şəraitinə görə yolu azıb Azərbaycan qoşunlarının nəzarətində olan əraziyə keçmiş və həbs olunmuş" müqavilə əsasında xidmət edən əsgər Artur Katanyanın sərbəst buraxıldığı və hazırda Xankəndidə (Stepanakert) olduğunu bildirib.
Çərşənbə axşamı günü, iyunun 8-də Azərbaycan Müdafiə Nazirliyi Laçın rayonu ərazisində "əlverişsiz hava şəraitindən istifadə edərək" Ermənistan-Azərbaycan dövlət sərhədini keçən qrupun Artur Kartanyan adlı hərbi qulluqçusunun saxlanıldığını, digər üzvlərin "geri çəkilərək ərazini tərk etdiklərini" bildirmişdi.
Azərbaycan tərəfi ötən gün bəyan edib ki, həmin qrup "kəşfiyyat-diversiya məqsədiylə və ərazilərimizin minalanması üçün gəlib".










