YAP “videosu yayılan” sabiq deputat Hüseynbala Mirələmovu partiyadan çıxardı

Hüseynbala Mirəlimov

Şəklin mənbəyi, Sosial media

Sabiq deputat Hüseynbala Mirəlimovun işçisi olduğu güman edilən qadına qarşı qeyri-etik davranışı əks olunan "videosuna görəYAP-dakı bütün vəzifələrindən azad edilib. Prezident Biden 1915-ci il hadisələrini "soyqırım" kimi tanımağa hazırlaşır - ABŞ mətbuatı, Azərbaycanda koronavirus müalicəsi ilə bağlı "rüşvətə görə" həkimlər həbs olunub, Azərbaycan Dövlət Sərhəd Xidməti bildirir ki, Ermənistan hərbçiləri azərbaycanlı sərhədçilərə "atəş açıb", - daha ətraflı BBC News Azərbaycancanın icmalında.

YAP Hüseynbala Mirələmovla vidalaşdı

Sabiq deputat Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən çıxarılıb.

YAP-dan BBC News Azərbaycancaya verilən məlumata görə, bu barədə qərar bu gün YAP İdarə Heyətinin iclasında qəbul edilib.

Sosial mediada yayılan, işçisi olduğu güman edilən qadına qarşı qeyri-etik rəftarın əks olunduğu görüntülərin aid olduğu deyilən sabiq deputat Hüseynbala Mirəlimov çalışdığı universitetdən də çıxarılmışdı.

Hüseynbala Mirələmov, eyni zamanda YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb. O, həm də YAP Xətai rayon təşkilatının sədri idi.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) BBC News Azərbaycancaya bildirilib ki, onun təhsil müəssisəsindəki işinə son qoyulub.

Yayılmış bir neçə saniyəlik video görüntülərdə Hüseynbala Mirələmov olduğu deyilən kişinin onlayn görüşdə olduğu zaman əlini otağa girən qadının arxasına toxundurduğu əks olunub.

Sosial mediada onun bu hərəkəti cinsi qısnama kimi qiymətləndirilib.

BBC News Azərbaycanca Hüseynbala Mirələmovla əlaqə saxlaya bilməyib.

Hüseynbala Mirələmov hakim Yeni Azərbaycan Partiyasını parlamentdə uzun illər təmsil edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Bəhruz Nəzərov BBC News Azərbaycancaya bildirib ki, Hüseynbala Mirələmov cümə axşamı günü səhər universitetə gələrək işdən çıxması üçün ərizəsini təqdim edib:

"Hüseynbala Mirələmov həm kafedra müdiri idi, həm də yarım-ştat müəllim işləyirdi. Hər iki vəzifəsindən çıxarılmasını istədi, istəyi də dərhal yerinə yetirildi".

Bu ərizənin onun çərşənbə günü yayılan video-görüntüləri ilə əlaqəsi varmı sualının cavabında Bəhruz Nəzərov bildirdi ki, bunu Hüseynbala Mirələmovun "özündən soruşmaq lazımdır".

O, onlayn iclas zamanı Hüseynbala Mirələmovun universitetdəki kabinetində olmadığını deyir: "Bilirsiniz ki, Hüseynbala Mirələmovun müxtəlif vəzifələri var. Sabiq deputatdır. Mən dəfələrlə onun kabinetində olmuşam, nə kabinet burdakıdır, nə də həmin qadın universitetin işçisidir".

Prezident Biden 1915-ci il hadisələrini "soyqırım" kimi tanımağa hazırlaşır - ABŞ mətbuatı

biden

Şəklin mənbəyi, Getty Images

ABŞ Prezidenti 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi öldürülməsini "soyqırım" kimi tanımağa hazırlaşır, anonimlik şərti ilə Wall Street Journal qəzetinə danışan ABŞ rəsmiləri bildirirlər.

Məlumata görə, Joe Biden 24 apreldə çıxışı vaxtı "soyqırım" ifadəsini istifadə edə bilər.

Wall Street Journal-ın yazdığına görə, yekun qərar hələ verilməyib və ABŞ lideri alternativ ifadəni ehtiva edən formal bəyanatla da məhdudlaşa bilər.

Ötən il keçirilən prezident seçkiləri kampaniyasında Joe Biden 1915-ci il hadisələrinin "soyqırım" kimi tanıyacağını vəd edib. Bu baş verərsə, ABŞ və Türkiyə münasibətlərində yaşanan gərginlik bir qədər də kəskinləşə bilər. Keçmiş ABŞ Prezidentləri Donald Trump və Barack Obama ötən əsrin əvvəllərindəki hadisələrlə əlaqədar "soyqırım" ifadəsini istifadə etməyiblər.

Bu gün Türkiyə Prezidenti deyib ki, o, "həqiqəti "erməni soyqırımı" yalanlarından və siyasi hesablamalarla bu böhtanı dəstəkləyənlərdən müdafiə etməyə davam edəcək".

Recep Tayyip Erdoğan bu barədə Prezident yanında Ali Məşvərət Şurasının toplantısında çıxış edərkən danışıb.

1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi deportasiyası və öldürülməsi Rusiya, Almaniya, Fransa, Kanada və dünyanın bir sıra digər ölkələrində "soyqırım" kimi tanınıb. Türkiyə həmin hadisələrin belə qələmə verilməsinə daim etiraz edir və deyir ki, qurbanlar bütün tərəflərdən olub.

Azərbaycanda koronavirus müalicəsi ilə bağlı "rüşvətə görə" həkimlər həbs olunub

Baş Prokurorluq

Şəklin mənbəyi, APA

Azərbaycanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni Klinika Publik Hüquqi Şəxsin rəhbəri "digər vəzifəli şəxslərlə" birlikdə koronavirus xəstələrini stasionar müalicəyə yerləşdirmək müqabilində "onların yaxınlarından" rüşvət almaq ittihamı ilə həbs edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

"Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir".

İstintaqın məlumatında Pərviz Abbasova "rüşvət almada köməkçilik" edən daha bir neçə nəfərin adı çəkilir.

"Habelə, qeyd edilən qanunsuz əməllərin törədilməsində Pərviz Abbasova köməkçilik etmələrinə əsaslı şübhələr müəyyən olunmuş Əvəz Hüseynov və Vüsalə Əliyeva həmin məcəllənin 32.5,311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmiş, Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulmuşdur".

Baş prokurorluğun yaydığı daha bir məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi "rüşvət almaq" ittihamı ilə həbs olunub.

Məlumata əsasən, İmran Ağayev tibb müəssisənin qeydiyyatçıları İlqar Orucov və Taleh İmanlı ilə "qabaqcadan əlbir olub" koronavirus xəstələrinin yerləşdirilməsi və müalicə alan xəstələrə daha yüksək səviyyəli tibbi xidmət müqabilində "müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində" alaraq aralarında bölüşdürüblər.

"Həmin faktlarla əlaqədar başlanmış cinayət işi üzrə toplanmış sübutlarla İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Qulu Orucov isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulmuşdur".

Təqsirləndirilən şəxslərin ittihamlara münasibəti bəlli deyil.

Azərbaycan-Ermənistan sərhədində insident

Azərbaycanın Ermənistanla dövlət sərhədi

Şəklin mənbəyi, Dövlət Sərhəd Xidməti

Şəklin alt yazısı, Azərbaycanın Ermənistanla dövlət sərhədində yeni açdığı hərbi hissənin xidməti-döyüş texnikası

Azərbaycan Dövlət Sərhəd Xidməti bildirir ki, hadisə Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə səfərindən sonra baş verib.

"Belə ki, həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub".

Qurumun açıqlamasına görə, hadisə ilə bağlı Rusiya sərhədçiləri azərbaycanlı həmkarlarına müraciət edərək "təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirib və hadisəyə reaksiya verilməməsini" xahiş ediblər.

Azərbaycan Dövlət Sərhəd Xidməti bildirir ki, Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən "təmkinlik nümayiş etdirilib və cavab atəşi açılmayıb".

Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilib, məlumatda deyilir.

Qurum onu da bildirir ki, həmin gün Qubadlı rayonunun Şurnux kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndiriblər və əgər

"bu cür təxribat halları gələcəkdə" təkrarlanarsa, "ən kəskin cavab tədbirləri" görüləcək.

İnsidentlə bağlı Ermənistan tərəfinin şərhi hələ bəlli deyil.